ZİYA VƏ QƏMƏRİN ƏHVALATI (hekayə)

ZİYA VƏ QƏMƏRİN ƏHVALATI  (hekayə)
Mədəniyyət 12 İyun 2024 - 11:25


 

Üz-üzə olan iki evi aralarından axan çay ayırırdı. Evlərdən birində Ziya, o birində isə Qəmər yaşayırdı. Onlar axşamlar heç kəsin ağlına gələ bilməyən bir üsulla görüşürdülər. Ziya eyvanda oturub, Qəmərə baxan zaman hər iki eyvanda işıqlar dənizçi mayakı kimi, gah sönər, gah da yanardı.

 

Bu görüşün uzun çəkməsinə də ehtiyac yox idi. Bircə dəfə Ziyanın böyüklərinin Qəmərin ailəsinə elçi gedib, qızı Ziya üçün istəməsi kifayət edərdi. Bu elçilik kənddə  əhlinin hamısının ürəyindən olardı. Axırda hamının dediyi, istədiyi oldu. Ziyanın qohumları Qəmərin elçiliyinə gedərək, onları nişanladılar. Bir qız, bir oğlanındı məsəli həyata keçdi – Qəmər Ziyanın oldu. Bu andan etibarən iki qonşu evdə işıqlar səhərə kimi yandı. Hər iki gənc evlənəcəkləri günü gözləyirdi. Vaxt tapıb, dərədə-təpədə, bulaq başında görüşən zaman Qəmər Ziyanı tələsdirdi. Artıq səbrim qalmayıb, istəyirəm toyumuz tezliklə olsun – deyib, qoşa hörüyünü əlləri arasında oynadır, qara qaşları altından gözlərini süzdürürdü. Ziya isə günahkar kimi deyirdi:

 

– Əzizim, bilirsən ki, çoxuşaqlı ailəyik. Hələ toy etmək, gəlin gətirmək imkanımız yoxdur. Məni gözlə, gedim şəhərdən işləyim, ev alım, sonra toy edək.

Belə qısa görüşlərdə Ziya da əziyyət çəkirdi. Sonuncu görüşdən sonra o, şəhərə getdi. Az müddətə ucuzvari bir ev tapıb aldı. Sevincindən təcili kəndə qayıtdı ki, sevgilisini sevindirsin. Ziya kəndə çatanda gördü adamlar xısın-xısın danışır, arabir dönüb Ziyaya baxırlar. Evlərinə tələsdi. Anası eyvanda oturub sanki Ziyanı gözləyirdi. Xoş-beşdən sonra Ziya gördü anası qaşqabaq içindədi.

 

– Can ana,  şəhərdən ev də aldım. Sevinmək əvəzinə niyə qaşqabağını tökürsən? – deyəndə anası suala sualla cavab verdi:

       Oğul, sən o evdə kiminlə yaşayacaqsan?

       Necə yəni kiminlə?! Nişanlımla evlənəndən sonra köçüb, o evdə yaşayacağıq – dedi.

– Görüm sənin nişanlının üzünü mürdəşir yusun! Belə bəxti qara olsun! Xoş gün görməsin!

       Ana, ana, dayan görüm. Qız sənə nə edib ki, ona qarğış yağdırırsan?

– Əcəb eləyirəm?! O qağışlar hələ onun üçün azdır! Qancıq tanımadığımızın birinə qoşulub qaçıb.

 

       Necə yəni qaçıb?!

       Qaçmaq necə olur! Oğlan onu qoltuğuna vurub, tıpış-tıpış aradan çıxıb.

Xəbər Ziyanı sarsıtdı. Dünya başına fırlandı. Aldığı ev sanki başına uçdu. Qurduğu xəyallar alt-üst oldu. Havalı kimi başını götürüb doğulduğu kənddən də, doğma vətənindən də dilim-ilim itdi... Daha iki qonşu evin eyvanında işıqlar qoşa yanmadı. Qəməri götürüb qaçan oğlan qızı şəhərə gətirmişdi. Rəşid adlı gəncin gecəqondu məhlələrin birində darısqal bir otağı vardı. O, Qəmərlə ata tərəfdən qohum idi. Qızın nişanlısını atıb belə tez ər tapmasının səbəbi çoxlarına məlum olmasa da onun kimi gənc qızlara məlum idi.Yalnız qızlar bilirlər ki, yetişmiş almanı ağac başında saxlamaq mümkünsüzdür. Alma yerə düşən kimi ayı da olsa, onu qapıb yeməlidir.

 

Rəşid sürücü işləyirdi. Yuk maşını sürürdü. Elə qızı da yük maşını ilə qaçırmışdı.

İllər ötüb-keçmişdi. Qəmərgilin yaşayışları, güzəranları olduqca çətinləşmişdi. Dalbadal dünyaya gətirdikləri beş övladın əyin-başı, yeyib-içməyi xeyli xərc tələb edirdi. Rəşid ailənin tələbatını ödəmək üçün özünü oda-közə vururub, gecə-gündüz çalışsa da, çox kasıb yaşayırdılar. O, tez-tez rayonlara gedir, yük aparır, yük gətirirdi. Bəzən maşına vurulan yük o qədər ağır olurdu ki, “yazıq” maşın zorla hərəkət edirdi.

 

Qaranlıq bir gecə idi. Üstəlik maşının qabaq işıqları da əzilmiş olduğundan, Rəşid yola çıxan inək və camışları görmədi. Heyvanlar təkərlərin altında qaldığından maşın aşaraq, dərəyə yuvarlandı. Rəşid bax, beləcə həlak oldu. Qəmər qəm-qüssə içində qaldı. Məcbur olub, gecə növbəsində işə düzəldi. Uşaqlar da hələ həddi-buluğa çatmamışdılar. Qəmər artıq əvvəlki Qəmər deyildi. Tək qalmaq onu üzürdü. Hərdən eyvanda işıq yandırması, Ziyaya eşq-məhəbbət oxuduğu günlər yadına düşürdü. Üzə vurmasa da, için-için ağlayıb, ilk məhəbbətinə etdiyi xəyanətdən üşüyürdü: – Yazıq Ziyanın nə günahı vardı. Mən onu oda saldım. Görəsən indi haradadır? – deyə düşünüb, köks ötürür, göz yaşları tökürdü.

 

Qəmər Ziyanın hirsindən, vətəni tərk edib, Rusiyaya getməsini eşitmişdi...

Zeynəb Xanlarovanın oxuduğu bir mahnını xatırladı:

      

        İndi xoşbəxsən, ya bədbəxt bilmirəm,

        Sən mənimlə daha xoşbəxt olmalıydin, olmadın.

  

Bəlkə də Ziyanın məhəbbətinə xəyanət eləməsini özünə bağışlamırdı. Ziya isə kənddən o gedən getmişdi. Sibirdə hansısa bir şəhərdə işə düzəlib işləyirdi. Başqa yerlərə nisbətən bu şəhərdə yaşamaq çətin olsa da, əmək haqqı yüksək idi. Canla-başla işlədiyindən tez bir zamanda Ziya hörmət qazandı. Bacarıqlı işci olduğu üçün on, on beş adamdan ibarət briqadaya başçı qoyuldu. Elə həmin idarədə işləyən Zina ilə tanış olduqdan iki ay sonra onunla evləndi. Ziya yavaş-yavaş köhnə yarasını unudur, arvadı ilə xöşbəxt ömür sürürdü. Amma nə qədər olmasa yenə hərdən Qəmər gözləri önünə gəlir, boynunda iki əli ilə tutduğu güllü şalı yelləyə-yelləyə Ziyanın gözləri qarşısında xəyalən rəqs edirdi.

 

Deyirlər, ilk məhəbbəti unutmaq olmur. Onu da deyirlər ki, hər bir oğlanın ilk sevgisi özgənin evində yaşayır. Elə ki, Ziyanın Zinadan bir oğlu, bir qızı oldu, O, özünə söz verdi ki, daha Qəmər haqqında düşünməyəcək...

Ərinin ölümü Qəməri tamamilə üzmüşdü.Uşaqları təkbaşına böyütmək çox çətin olduğundan özünü itirmişdi. Hər kəsin bir talismanı, onu qoruyan, dadına çatan bir qüvvəsi var. Qəmər də elə zənn edir di ki, günlərin birində Ziya qapıdan girib gülər üzlə deyəcək:

 

– Qəmər, sən mənim ilk məhəbbətimsən. Nə olub, olub, gəl yenidən birlikdə olaq. Yaxşı gündə də, pis gündə də bir-birimizin qayğısını çəkək.

Daha, bədbəxt Qəmərin xəbəri yox idi ki, Ziyanın normal həyat yoldaşı, gül kimi balaları var.

Qışın soyuq günlərindən biri idi. Güclü əsən şimal küləyi yağışın suyunu adamın üzünə çırpırdı. İki addımlıqda qabağı görmək olmurdu. Qəmər enli asfalt yolu keçib, evinə getməli idi. Şütüyüb keçən maşınlar gölməçələnən suyu təkərləri boyunca qaldırır, keçmək istəyən adamlara mane olurdu. Üz-gözünü su keçirməyən dəsmalla bağlayan Qəmər ona yaxınlaşan maşını görmədi. Sürətlə gələn avtomobil beş uşaq anasını vurub, yerlə-yeksan elədi.

 

Yuvada ac olan balalarına yem gətirən quşun ovçu gülləsinə tuş gəldiyi kimi, Qəmərin həyatı burda söndü. Bəxti qara gəldi. Canından xeyir görmədi. Üzünü mürdəşir yudu. Bir ana ona bu cür qarğışlar eləmişdi. Həmin qarğışlar tutdu Qəməri. Necə qarğamayaydı axı, ananın xonçaları bağlı qaldı. Üzü gülmədi. Qapıbir qonşusu ilə ömürlük düşmən oldu. Oğlu başını götürüb itdi bu dünyadan. Zina ilə qurduğu ailədə də xoşbəxt olmadı.

 

Zinaların da öz tələbləri var. Qafqazlı ilə evləndikləri ilk gündən özlərini elə göstərirlər ki, möhkəm sevirlər. O vaxta qədər ki ərin pulu sənəti işi olur, təmtəraqlı ev qurur, ən əsas, övladı dünyaya gəlir... Bunlar yerbəyer olandan sonra kişini burunlayırlar. Ona görə ki, alimenti, evi, uşağı ərin əlindən alandan sonra istədikləri kimi yaşamaq hüququ qazanacaqlar. Bu əhvalat Ziyanın da başına gəldi. Naəlac qalıb, vətəninə döndü.

 

Qəmərin, artıq bu dünyada yaşamadığını öyrəndi. Nəhayət saqqalına dən düşən Ziya bir vətən qızı ilə yenidən ailə qurdu. İndi onun orta məktəbdə oxuyan iki oğul balası böyüyür.

 

Cəmilə ÇİÇƏK/zekainfo.az 

reklamlar

Digər xəbərlər