Bir qəlbdən min-min qəlbə pıçıldanan misralar

Bir qəlbdən min-min qəlbə pıçıldanan misralar
Gündəm 08 May 2024 - 09:00
Poeziya ədəbiyyatın elə bir qoludur ki, o, fikri daha yığcam və səlis, eyni zamanda lirik və poetik ifadə edir. Dədə Qorqud boylarından boylanan şeir sovqatı bu gün də öz dəyərini qoruyubsaxlayır və yeni-yeni janrlarla oxucu  görüşünə gəlir. Əsas odur ki, şeiri yazanın qəlbi, duyğuları cilalı olsun.

 
Azərbaycan poeziyasında klassik şeir janrlarını qoruyub saxlayan və eyni zamanda Avropa modernizmindən də bəhrələnərək, fikrini nəzmə çəkən gənc nəsil yetişməkdədir.

Tarixən xalqımızın ədəbi-bədii dünyasında şeirin heca vəzninə daha çox üstünlük verilib (qəzəlxanlardan başqa). Həsənoğlu və ulu Nizami Gəncəvidə  də heca vəzni özünün əhəmiyyətliliyini göstərmişdir.

 Müqayisə etmədən demək olar ki, bu gün Azərbaycan poeziyasında imzası yeni görünənlərin də ənənələrə sadiqliyi vardır.

Belə gənc yazarlardan biri də ilk kitabının oxucu görüşünə gəlməsini səbirsizliklə gözləyən Rövşən Hüseynlidir ki, şeirləri ilə neçə gündür baş-başayıq.

 Şeirlərində dəstxət hiss olunur. Kəlbəcərdə dünyaya göz açıb, 30 ilə yaxın müddətdə o əlçatmaz zirvələrin həsrətiylə yanıb-qovrulan bir qələm adamıdır. Yazdıqları haqqa-ədalətə söykənir. O dağlarda dünyaya göz açıb uşaqlıqdan qafiyəli danışanlardan biri kimi Rövşənin qələmində həzinlik də var, coşqunluq da.

Əslində bu qələm qardaşımız heç vaxt kitabının işıq üzü görməsini istəmir, təvazökarlıqdan istedadını gizləyirdi.

 Lakin bilirik ki, Tanrı vergisini gizlətməklə günah etmiş oluruq. Kəlbəcərli kimi poetik ömür yaşayan insana bu, bir Tanrı payıdır.

 Gələk Rövşən qardaşımızın yaradıcılıq nümunələrinə. Onun şeirləri janrına görə bölünüb. Burada qoşma, gəraylı, hətta, aşıq şeir forması olan müxəmməs də vardır.

 Yazdıqlarını hələ ədəbi ictimaiyyətə təqdim etməyə hazır olmadığını bildirsə də, Rövşən bu gün özlərini sosial şəbəkələrdə bayağı şəkildə təbliğ edənlərdən qat-qat güclü qələm sahibidir, məncə.

“Sənin” rədifli qoşmasından bir bəndə baxaq:

 Şirin xəyalların bal olur sanki,

Sevgin ürəyində xal olur sanki.

Geydiyin libaslar al olur sanki,

Bir az da artırır odunu sənin.

 Rövşən şeir yazanda heç vaxt, ədəbiyyatçılar kimi, onun nə vəznini, nə janrını, nə də çərçivəyə, qəlibə salmağı düşünüb. İlahi ona necə pıçıldayıbsa, o da eləcə fikrindən ağ kağıza köçürüb.

“Bayraq” şeirində isə o, sərbəst vəznin də qayda-qanunlarından xəbərdar olduğunu belə nümunələrlə göstərir:

 

Atam əvəzi Bayraq!

Anam əvəzi Vətən!

Bayraq qandır, övladım,

Bayraq candır, övladım!

Bayraq! Ata yadigarı,

Göz gərəkdir görə səni!

Cəsarətin, şücaətin

Bayraq olsun!

Şüar eylə – Anan Vətən!

 Atan isə Bayraq olsun!

 Rövşən vətənpərvər olduğu qədər də sevgiyə sadiq bir eşq fədaisidir. Baxaq bu “sevda  fədaisi” “Xatirələr qalandı” şeirində nə demək istəyir və necə deyir. Mən bilərəkdən şeiri bütöv təqdim etdim. Bu şeiri qısaldıb  bir bəndi ilə “həmsöhbət olmaq” asan gəlməsin sizə. Onda şairin qəlbi də parçalanardı. Aşağıdakı şeiri ilə fikrimi yekunlaşdırır və müəllifə yeni  yaradıcılıq uğurları diləyirəm:

 

Sən vərəqdə sətirlənən şeirim,

Son günümdə xatırlanan xatirəm.

Bircə gündə itirmişəm özünü,

Gücüm çatmır dərdini də itirəm.

 

Bircə anı unutmağa nə var ki,

Elədirsə, nədən qəlbim qan ağlar?!

Gündüz Günəş, gecə Ayla gəlirsən,

Sən olmayan səhər ağlar, dan ağlar.

 

Nə tez ötdü, o dünənki gün hanı?!

Bax, zaman da çiçək təki solandı.

Ürəyimin istisinə qızın sən,

Sevgi gedər, xatirələr qalandı...

 

 

 

Cəmilə ÇİÇƏK /zekainfo.az

Prezident  mükafatçısı,

filologiya üzrə fəlsəfə doktoru

 
reklamlar

Digər xəbərlər