Azərbaycan bu gün tarixi reallıqlar yaradır.Müzəffər Ali Baş Komandan xalqın birliyinə, millətin mübarizə və ləyaqət duyğularına arxalanaraq regionda sülh carçısı, işıqlı gələcəyə aparan bələdçi rolunu oynayır. Dünyada baş verən proseslərin dərin analizini və təhlilini aparan, siyasi iradə nümayiş etdirən Azərbaycan Prezidenti hamını, o cümlədən Ermənistan xalqını və rəhbərliyini reallıqları qəbul etməyə, mehriban qonşuluq əsasında yaşamağa çağırır.Hər bir millətin ləyaqətli yaşamaq haqqı var və Azərbaycan xalqı belə haqqa malikdir. Çünki öz müstəqilliyi, azadlığı və suverenliyi uğrunda ardıcıl mübarizə aparan bu xalq heç vaxt nə işğalla, nə də kimlərinsə ekspansionist siyasəti ilə razılaşmayacaqdır
Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını heç vaxt məğlub edə bilməzsən. Bu, yalnız müvəqqəti ola bilər fikri bu günün ən böyük həqiqətidir. Otuz il ərzində heç bir iş görməyən Minsk qrupu, eləcə də digər beynəlxalq təşkilatlar öz qərarlarının belə yerinə yetirilməsində bir addım atmasa da, Azərbaycan bu vəzifənin də öhdəsindən qalibiyyətlə gələ bildi. Ona görə də bu gün regionda şərtləri Azərbaycan, onun Müzəffər Lideri İlham Əliyev diktə edir.
Biz kimsənin nə torpaqlarına, nə də sərvətinə göz dikməmişik. Biz sülh, əmin-amanlıq şəraitində yaşamaq, öz potensialımızdan səmərəli istifadə etməklə iqtisadi və sosial inkişafa nail olmaq istəyirik və buna nail də olacağıq. Bu gün Qarabağda aparılan bərpa-quruculuq işləri, qısa zamanda bütün ərazinin elektrik təminatının bərpa edilməsi, Zəngəzur dəhlizi üçün magistralların tikilməsi, "ağıllı şəhər” və "ağıllı kənd” layihələrinin sürətlə həyata keçirilməsi ideyaların reallığa çevrilməsi yolunda mühüm addımdır.
Cənubi Qafqazda yeni reallıq yaranacaq, uzunmüddətli sülh yaranacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq
Biz bütün region dövlətləri ilə müttəfiq və dost olmağa hazırıq.Kim bizim suverenliyimizə, müstəqil fəaliyyətimizə qarşı deyilsə, onunla hər bir formada əməkdaşlıq etmək, sülhə xidmət edən bütün layihələrdə yer almaq hədəfimizdir. Dövlətimizin başçısının dediyi kimi, "Sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək.
Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək
Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın
Azərbaycan dövləti Qafqazda sülh gündəliyini təşviq edir, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir.Bu taktika bölgədə yeni bir eranın - sülh və əmin-amanlıq, inkişaf erasının təməli olacaqdır.
Əminə Ağazadə
Millət vəkili