Şükran Günü ABŞ-ni cənginə alan güclü fırtına ölkənin şərq sahillərində həyatı iflic edib.
Zekainfo.az “CBC News”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 961 min şəxs elektrik enerjisiz qalıb.
Kanalın məlumatına görə, sürəti saatda 112 kilometrə çatan külək ağacları və elektrik xətlərini aşırıb. Ən çox elektrik kəsintisi Pensilvaniya, Nyu-Cersi, Merilend, Virciniya, Missuri və Nyu-York ştatlarında qeydə alınıb. Əlverişsiz hava şəraiti səbəbindən 454 aviareys ləğv edilib, 2411 reys isə gecikib. Fırtınadan ən çox Vaşinqton və Nyu-York hava limanları təsirlənib.
Merilend ştatında iri ağacların yaşayış evlərinin üzərinə aşması nəticəsində dağıntılar meydana gəlib. Xilasedicilər sakinləri dağıntılar altından çıxarıblar. Vaşinqtonda isə güclü yağış nəticəsində Reyqan hava limanının uçuş-enmə zolaqlarının əksəriyyətini su basıb.
Ölkənin qərb sahillərində suyun səviyyəsinin 2,4 metrədək yüksəlməsi dəmir yolu nəqliyyatında da fasilələrə səbəb olub. Bundan başqa, əlverişsiz hava şəraiti səbəbindən Şükran Günü münasibətilə keçirilməsi nəzərdə tutulan ənənəvi “Macy’s” paradının 100-cü yubiley tədbiri təxirə salınıb.
