KİŞİ VƏTƏN ÜÇÜNDÜR: DÖYÜŞƏR VƏ ŞƏHİD OLAR 

KİŞİ VƏTƏN ÜÇÜNDÜR: DÖYÜŞƏR VƏ ŞƏHİD OLAR 
Cəmiyət 08 May 2024 - 11:36

Belə oğullarımızdan biri də Şeyx Əhməd kimi tanınan Əhmədov Əhmədxan  Məzahir oğlu idi ki...

 

Vətən, ana, torpaq! Hər üçü də sanki üzvi surətdə, yəni, qanı-canı ilə bir-birinə bağlıdır. Bu üç məfhumu bir-birindən ayrı təsəvvür etmək belə mümkün deyil. Nə yazıqlar ki, bəzən onları bir-birindən ayrı salan səbəblər olur. Bu da bar-barlığın, vəhşiliyin, insana, canlı-cansız, bütün təbiətə qənimliyin nümunəsidir.

 

A

zərbaycanda bu üç kəlmə bir-biri ilə, deyəsən, daha çox  sıx bağlıdır, həm də görünməz tellərlə. O tellər vətənə, anaya, torpağa sədaqətdir, sevgidir.

Tarix boyu hər üç varlıq uğrunda savaşlar gedib, ərazilər itirilib, yurd-yuvalar yerlə-yeksan edilib. Azərbaycanın tarixi ərazilərindən olan qədim Qarabağımızın da düşmən əsarətində 30 il inləməsinə Vətən oğulları dözə bilməzdi.

 

Bəli, torpaq, Vətən, ana sevgisi kişili-qadınlı hər kəsi ayağa qaldırdı və biz 27 sentyabr 2020-ci il tarixində Vətən savaşına qalxdıq!

Bu yolda şəhidlik müqəddəslik sayıldı. Düşmənlə üz-üzə döyüşən igid ərənlər ölümün gözünə dik baxdılar. Ona görə də erməni vandallarına layiq olduqları cavabı verərək, 44 günlük döyüşləri Zəfərlə başa vurduq. Qalib Sərkərdəmizin əmrlərini layiqincə yerinə yetirən Azərbaycan oğulları düşmən üzərində Qələbə çalmaqla bir daha ana, torpaq, Vətənə oğulluq borcunu yerinə yetirməyə qadir olduqlarını dünyaya göstərdilər.

 

Belə oğullarımızdan biri də Şeyx Əhməd kimi tanınan Əhmədov Əhmədxan Məzahir oğlu idi ki, Vətən torpaqlarını yağı düşməndən azad edərkən şəhidlik zirvəsinə ucaldı...

 

 Şəhidin əmisi oğlu Əhmədov Asəf  Kinyaz oğlu deyir ki, həm çox qürurlu, həm də kədərliyəm: “...Qururluyam ona görə ki,  Əhmədxan kimi qardaşım-sirdaşım şəhid olu. Kədərliyəm ona görə ki, qardaşımın xətrini çox istəmişəm. Əhmədxan mənə əmioğluluqdan daha çox, qardaşım olub: hər zaman dərd-sərimi, sirrimi  onla bölüşürdüm.

 

Deyib-gülən, mərd, cəsur bir oğlan idi. Vətənə olan sevgisi onda uşaq yaşlarından hərbiyə maraq oyatmışdı. Öz arzusu idi ki, Xüsusi Təyinatli olsun. Ona görə də  hərbi xidmətə gedəndən sonra Naxçıvanda Xüsusi Təyinatlı Dəstənin bölmələrindən birinə seçilib. Orada xidmətə başlayıb. 2020-ci ilin 27 sentyabrında başlanan ikinci Qarabağ muharbəsi zamanı komandirinə müraciət edib ki, məni də döyüşə aparın. Ancaq komandiri ona etiraz edib:

- Ora burdan əsgərin getməsinə icazə yoxdur, müddətli hərbi xidməti başa vuran hərbiçilər gedə bilər.

Əhmədxan eyni müraciəti təkrar etməsinə baxmayaraq, onun döyüşlərə qatılmasına icazə verilməyib.

Əsgər yoldaşı bizə dedi ki, Əhmədxan geri qayıdıb, generalın qapısını döyüb, içəri girib deyib:

-       Cənab general, olar?!

General onu qəbul edib və soruşub:

-       Buyur, əsgər, nə məsələdi?!

Deyib:

- Cənab general, əsgərin namusu, qeyrəti yoxdur ki, döyüşə aparmırsınız?! Mən kəlbəcərliyəm. Vətənimdə, onun bir parçası olan Kəlbəcərimdə döyüşlər gedir! Sizdən xahiş edirəm, məni ilk partiyada döyüşə yollayasınız!

 General yerindən qalxıb Əhmədxanın alnından öpüb və deyib:

- Əsgər, sənin bu vətənpərvərliyin xalqımıza xasdır. Sevinirəm ki, Azərbaycan Ordusu sənin kimi vətənpərvərlərdən formalaşıb! Qeyrətinə can qurban! Söz verirəm ki, ilk gedişdə səni yollayacam!

Oktyabrın 24-də səhər saatlarında mənə zəng gəldi. Mən də həmin vaxt Bakida idim. Danışan Əhmədxan idi:

-       Mənə sual vermə, heç nə soruşma. Ancaq dediklərimi et.

Dedim  ki, yaxşı.

- Mənə bir xəncər, bir barmağı kəsik əlcək, bir də poverbank al, - deyib telefonu söndürdü.

Yerimdə donub qaldım. Düşündüm ki, Bakıya niyə gəlsin?! Axı,  Naxçıvanda muharbə də yoxdur. Otaq yoldaşımı qaldırıb dedim ki, dur, mənə su ver. Qalxıb verdi. Dedim ki, əmim oğlu bura gəlir, görəsən, başına nə iş gəlib?! O da mənə təsəlli verib dedi:

-       Narahat olma, indi zəng edər, yenə danışarsan ətraflı.

Təxminən bir-iki saatdan sonra zəng gəldi.

Cavab verib soruşdum:

-  Nə yaxşı gəlirsən, salamatçılıqdırmı?

Dedi:

-  Ayə, narahat olma, gəlirəm, müharibəyə gedəcəm...

İstədiklərini gedib aldım. Bakıya hərbi hissəyə çatıb, mənə zəng edib dedi  ki, gəl bura. Getdim, görüşəndə boynunu qucaqladım, üzündən öpüb qoxusunu içimə çəkdim. Özümü saxlaya bilməyib yanında ağladım. Soruşdum ki, bəs, bura niyə gəldin?

Cavabı məni bir az sakitləşdirdi:

-       Narahat olma, ölməyə getmirəm, öldürməyə gedirəm, bu xəncərlə düşmənlərin başını kəsəcəm...

-       İçimdə o qədər rahatlıq yarati ki. Düşündüm: “dünya dağılsa da...”, Əhmədxana bir şey olmayacaq, sağ-salamat qayıdacaq.

Soruşdum:

-  Evdəkilərlə danışmısan?

Dedi:

-  Bəli.

Ancaq qardaşı qalmışdı. Ona görə də dedim:

-  Bir nəfər qalıb, onlarla da danış, get.

Zəng edib danışanda qardaşı  soruşdu:

-  Nə yaxşı gəlmisən?!

Dedi:

-  Kişi nə üçündür, ay qardaş?! Vətən üçün döyüşər, şəhid olar...

 Qardaşı dedi:

-  Get, Allahın nəzəri üzərinizdə olsun, özünü qoru.

Bir neçə dəqiqədən sonra ona zəng gəldi. Dedim  ki, gedib çatanda xəbər ver.

 Gecə zəng edib dedi:

- Artıq Beyləqandayıq, çatmışıq, sabah burdan döyüşə gedəcəm. Sənə sözüm var: məni yaxşı dinlə. Bilirəm ki, şəhid olacam, özünüzə yaxşı baxın, möhkəm olun, papamın, əmimin əmanəti, bir də 6 qardaşın bir bacısı var, onun əmanəti...

 

Bu, bizim son danışığımız oldu. 11 noyabrda zəng etdilər ki, Əhmədxan yaralıdı. Atamla Əhmədxanın qardaşları gedib gördülər ki, şəhid olub. Öz arzusuna çatdı. Bizim üçün nə qədər ağır olsa da, hər zaman başımız ucadı. Əmim oğlu şərəflə yaşadı və şərəflə də həyatdan köçdü... Geriyə qalan isə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" təltif edildiyi medalları oldu.

 

Qardaşı Əhmədov Faiq da deyir ki, bütün xatirələrinin hamısı Əhmədxanla bağlıdır: “...Qardaşımla mən dərd ortağı, sirdaş olmuşuq. Uşaqlıqdan nə sözümüz olubsa, bir-birimizə demişik. Onun həyatda bir arzusu var idi. Həmişə  deyirdi ki, “qaqa, mən aktyor olacam. Ona görə də məhşur olacam”.

Aktyorluq bacarığı vardı onun. Çox şən idi. Yaşıdlarından seçilərdi, dostları onu “Şeyx Əhməd” deyə çağırardı. Bu söz onun xoşuna gələrdi. Hər səhər 5 km qaçırdı.

Bir dəfə dedim ki, özünü niyə yorursan, Şeyx?!

Dedi ki, mən XTQ-yə düşəcəm əsgərlikdə. Dedim ki, bilmək olmaz, qaqa, bəlkə başqa qoşunlara düşdün. Dedi ki, yox, mən XTQ olacam və elə də oldu.

Hərbi xidmətə Naxçıvanda “N” saylı hərbi hissəyə düşmüşdü. 15 yanvar 2020-ci il tarixində, gecə saatlarında atam, mən, bir də qardaşım oğlu Əhəmədxanı yola salmağa apardıq. O gün xəyalımdan heç çıxmır. Qardaşım oğlu Eltac xəstələnmişdi. Dedi ki, əmim əsgər gedir, gərək mən də gedəm. Ağladı, Eltacı da özümüzlə apardıq.

Əhmədxan mənə “Dədə” deyərdi. Yola salanda üzü qatar gələn istiqamətə baxıb dedi:

-  Dədə, üzü qatara bir şəklimi çək, bəlkə bir də gəlmədim.

Sözünü kəsib dedim:

- Şeyx, əsgər gedirsən, nolub ki?! Həmişə atama zarafat edərdin ki, ağsaqqal, torpağınızı özüm gedib alacam. Qaqa, sən Naxçıvana gedirsən, Qarabağa yox. Əlini uzadıb dedi:

- Dədə, görərsən, Kəlbəcəri özüm alacam, amma sən gedib oraları görərsən.

Naxçıvanda xüsusi təyinatlılarda qulluq edirdi. Həmişə zəng edəndə deyirdim ki, qaqa, xidmət necə keçir?

Cavabı məni sevindirirdi:

- Dədə, XTQ bir başqadı ey. Burda hamı bir-birinə qardaşdı. Xidmətim bitdikdən sonra da qalıb, burda işləyəcəm...

Biz, nədənsə, hər zaman deyərdik: “Əhməd, sən polis olacaqsan”. O da “yox,  dədə, mən polis yox, hərbiçi olacam”,-deyirdi. Elə də oldu.

2020-ci ilin 27 sentyabr tarixində səhər saat 8 olardı. Zəng gəldi, bildim ki, Əhmədxandı. Telefonu söndürüb, özüm zəng elədim. Dedi ki, qaqam, müharibədi siz tərəfdə?! Dedim, yox, qaqa, sakitçilikdi. Dedi yox? Qayıtdı əlavə elədi ki, qaqa, müharibə başladı, anam eşitməsin, bir azdan zəng edərəm. Dedim yaxşı. Bir az danışdıq, sonra anamla danışıb dedi ki, qorxma, biz tərəfdə sakitçilikdi.

Naxçıvandan sonuncu zəngi 17 oktyabrda oldu, hal-əhval eləyəndə onu da dedi:

-  Sənə şəkil atacaqlar, paylaşmazsan.

 Dedim:

-  Yaxşı, narahat olma. Özünü qoru, yaxşısanmı?

 23 oktyabrda zəng gəldi:

-  Əhmədxan döyüşə gəlir...

Dedim:

- Axı, indi danışdım onunla, 17-si əsgər gətirmirlər, qaqa.

- Yox, zəng ediblər. Naxçıvanda Əhmədxan generala deyib ki, müharibəyə gəlir.

Dərhal zəng etdim qardaşıma, telefonu açmadı. Evdən bildirdilər ki, sabah, yəni ayın 24-ü gəlir. Əmimoğlu zəng elədi ki, Əhmədlə görüşməyə gedirəm. Gələndə elə bil ürəyimə dammışdı ki, o, şəhid olacaq. Dedim:

-  Asəf,  Əhmədlə məni necə olursa-olsun, danışdır.

Saat 5-6 olardi, Asəfdən zəng gəldi. Mənə dedi ki, ondan soruşdum ki, qaqa, nə yaxşı gəldin? 

Dedi:

- Qaqa, mən gəlməliyəm da! Mənim komandirlərim gəlib  Qarabağda şəhid olub. Mən Naxçıvanda necə qalım?! Uşaqlara muğayət ol, anaya da demə Əhmədxan döyüşə gəlib.

Dedim:

-  Qardaş, mən ölüm, özünü qoru...

Noyabrın 8-də gecəyarı anam  yuxudan dik atılıb  ağlaya-ağlaya dedi:

-  Vallah Əhmədxana nəsə olub, yuxuma girdi.

Dedik ki, ay ana, danışmışıq, yaxşıdı, heç nəyi yoxdu.

Dedi:

- Yox, Əhmədxan qucağımda idi, yaxınlıqda qanlı çay axırdı, Əhmədxana nəsə olub.

Demək olar ki, Rəfaillə hər yana soraq verdik, soruşdurduq,  ayın 9-da ondan zəng gəlməyəndə ürəyimə qar bir qorxu girdi. Əhmədxanın  şəhid olmasını hiss edirdim. Dedilər ki, iraq olsun, bəlkə əsir düşüb?

Dedim:

- Əhmədxan atama bir söz vermişdi: “Ata, mən özümü öldürərəm, amma heç vaxt əsir düşmərəm...”

11 noyabr 2020-ci il tarixdə dedilər ki, Füzulidə yaralılar var. Qardaşım və əmimlə birlikdə ora getdik. Çatanda, dünyam qara geyindi: öyrəndik ki, şəhid olub. Həmin tarix bizim dünyamızın dağıldığı gün oldu. Öz arzusu idi şəhid olmaq, arzusuna çatdı. Son sözü bu oldu: “Kişi vətən üçündür, döyüşər, şəhid olar”...

Vətən sağ olsun!”

 

 

 

Cəmilə ÇİÇƏK /zekainfo.az

Filoloq, tədqiqatçı-jurnalist 

reklamlar

Digər xəbərlər