ALLAHIN MƏSLƏHƏTİ... (Hekayə) 

ALLAHIN MƏSLƏHƏTİ... (Hekayə) 
Cəmiyət 08 May 2024 - 11:39

Çoxdan olmuş bir əhvalat yadıma düşdü. Qəzetdə işləyirdim.  O zaman redaksiya inam ocağı, xalqın güvənc yeri idi. Adamlar müxbir görəndə baş əyir, redaksiyaya üz tutanda  sanki məbədə səcdə etməyə gəlirdilər. Şöbə müdiri işlədiyimdən səlahiyytim çox idi, qələmimə görə yoldaşlarım arasında hörmətim vardı. Yazılarım oxucular tərəfindən maraqla qarşılanırdı.

 

Bir dəfə yanıma bir oğlan gəldi. Adı Nizam olan bu oğlan elə arıq, elə cansız idi ki, görən deyərdi özüm yeməyim, əlimdə olanı ona verim. Həddindən çox giliy-güzar edirdi. Deməyinə görə, zavod qəzetlərindən birində işləyirdi. Müxbir təhsili olmasa da, müəllimlik təhsili ilə redaksiyaya ilişmişdi. İşlədiyi qəzetin redaktorundan  xeyli şikayətlər elədi və yalvardı ki, buralarda qəzetlərin birində işə düzəlməkdə ona yardımçı olaq. Mən də uzun sürən düşüncələrdən sonra öz redaktorumla danışıb, onu şöbələrin birində işə düzəltdim.

 

Vaxtı ilə  yazığım gələn bu adam çox keçmədi ki, hamı ilə ünsiyyət yaradaraq, sürüşə-sürüşə daha çox etibar qazandı. Əli böyüklərin ətəyində oldu. Aparıcı bir işçiyə çevrildi. O zaman qələm sahibi olmaqdan çox fərasəti olanlar yaxşı dolanırdılar. Çünki, onlarda “xurcun gəzdirmək” qabliyyəti güclü idi. Günü-gündən kökəlib, əndazədən çıxan Nizam adamlara yuxarıdan aşağı baxmağa başladı. Pullu bir kişi oldu. Hər dəfə onu görəndə, əməlimə görə peşmançılıq çəkirdim. Axı, insanları çox da dərindən tanımaq olmur. Torbadan çıxan ilan bir daha torbaya qayıtmır.

Hərdən redaksiyaya hamının tanıdığı Səlim Xəyal adlı bir şair gəlirdi. Şeirlərini qarşısına çıxan hər kəsə oxuyardı. Onun “əjdaha şeirləri” olmasa da, yaxşı cızma-qaraları vardı. Çatışmayan bir cəhəti hamını düşündürərdi. Səlim Xəyalın üst-başına baxmır, insan kimi yaşamayan bir məxluqa bənzəyirdi. Əyin-başı yaman gündəydi. O saat görünürdü ki, ailə içində yaşamır. Foyedə dayanıb bir neçə adamla Səlim Xəyala qulaq asırdıq. Bu zaman Nizam damağında papiros bizə yaxınlaşdı. Səlim Xəyal ona diqqət edənlərin sayının artdığını görcək, daha  da coşdu. Gözlərini Səlim Xəyaldan çəkməyən Nizam ağzını qulağıma yaxınlaşdırıb:

 

        Mənim evdə geyinmədiyim bir neçə dəst pencək-şalvarım var, görəsən onları gətirsəm, alıb geyinərmi? – dedi:

Mən dedim:

        Xeyr, almaz!

Nizam iki gözünü dombaldıb dedi:

        Görmürsən onun əyni-başı nə gündədir?

– Onun elə olmağına baxma. Qürurunu sındırmaz, – dedim.

Yanımızda olanlar dağılışdılar. Nizam yaxamdan əl çəkmədi. Yenə məni sorğu-suala tutdu:

         Səncə niyə götürməz, onsuz da kirin-pasın içində batıb gedir.

Ona dedim:

– Nizam, Səlimin qabiliyyəti burda olanların çoxundan yüksəkdi. O, hər bir müxbirin yerində oturub yazar. Amma hazırki halda  heç kəs Səlim Xəyalın vəziyyətinə düşmək istəməz, lap belə bacarmaz da. Allah da kimə nə verdiyini yaxşı bilir. Lazım bilsəydi, onu da adam cərgəsinə qoyardı. Deməli, məsləhət deyil. Deyirsən, Səlimə pencək-şalvar verim. Heç bilirsənmi sənin verdiyin o pencəyi Səlim geyinəndən sonra sənin başına nələr gələ bilər? İnsana paltarı da, çörəyi də göndərən Allahdır. Çörək itirənin də cəzasını verən Allahdır.

Nizam səsini batırdı. Heç kəlmə belə kəsmədən işinin arxasınca getdi. Sonralar eşitdim ki, o, öz bildiyindən qalmamış, Səlim Xəyala iki dəst pencək-şalvar verib. Səlimə nə vardı. Nizamın verdikləri onun həyatını dəyişə bilməz. Həftə keçməmiş yenə əvvəlki vəziyyətdə olar.

Aradan bir neçə ay keçmişdi. Bir də xəbər yayıldı ki, Nizam həyatı ilə vidalaşıb.

Onunla olan söhbətimi xatırladım. Düşündüm... Bəlkə də, Allah Nizamı cəzalandırmışdı ki,mənimlə zarafat yoxdur. Mən bilirəm kimə nə verirəm, kimə nə vermirəm. Bax beləcə, Nizam da bu dünyadan getdi. Amma bilinmədi hansı dərddən...

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Filoloq, araşdırmaçı-jurnalist

reklamlar

Digər xəbərlər