İKİ FAŞİST  (hekayə)

 İKİ FAŞİST  (hekayə)
Mədəniyyət 10 May 2024 - 13:18

Kəndimizdə Səy ləqəbi ilə çağrılan Sədulla kişi vardı. Boy-buxunda məşhur Xudayar bəyə oxşayırdı. Yəni burnu başqalarının burnuna nisbətən donqar idi. Söz-söhbət zamanı heç kim ona qoşulmazdı. Bilirdilər ki, söz deməmiş dava-dalaş salacaq, nəsə bir yaramazlıq edecək.

 

Kənd adamları kimi Səy Sədulla da əkin-biçin edərdi. Onun əkin-biçini də başqalarından fərqlənərdi. Öhdəsində olan pay torpağında kefi istəyən bitkini əkərdi. Ötən illərdə qırmızı çuğundur, qarğıdalı əkən Sədulla sahəsinə bu il kələm əkmişdi. Əkilən kələmlər enli yarpaqlardan sonra yumrulanmağa, kələm formasına düşməyə başlayardı. Sədulla səhər-səhər kələmin kənarında boy verən otları biçmək üçün özü ilə dəryaz da gətirmişdi. Uzaqdan gələndə gördü ki, kələm əkininin ortasında bir boz at var. Lap yanına gələndə, gözlərinə inanmadı. At boğazına bağlanmış beş metrlik zənciri sürüyə-sürüyə sahəyə gətirmiş, kələm topalarının xeylisini gəmirmiş, çoxunu da böyrü üstə yıxmışdı.

 

– Sənin yiyən belə-belə olsun – deyib, söyə-söyə atı qovmağa başladı. İstədi əlindəki dəryazla atın kəlləsinə vursun, amma tərsinə çevrilən dəryazın ülgücdən iti tiyəsi atın alt dodağını üzüb yerə tulladı. Ləqəbi Səy olsa da, Sədulla tutduğu işə mat qaldı. Dəryazı kənara atıb atın zəncirindən yapışdı və çəkə-çəkə əvvəl hörüyü çalınan yerə gətirib təzədən zəncirin ucundakı xəncər boyda olan mıxı yerə çaldı. Atın dodağından axan damla-damla qanı görcək, tez oradan uzaqlaşdı. Kəsilib yerə düşmüş dodaq ətini isə enli dəvədabanı yarpağına büküb, xeyli uzaqdakı kolun icinə atdı. Kələmliyə qayıtdı. Yanı üstə yıxılmış kələmləri qaldırıb, ayağı ilə torpdağı taptadı. Sonra dəryazını götürüb, evə qayıtdı. Xoşbəxtlikdən Sədullanı yolboyu görən olmadı. Evinə çatan kimi dəryazın tiyəsini tər-təmiz yudu ki, qan izi qalmasın. Məsələni duyub-bilən olsa, boynundan atsın. Səy Sədulla səy hərəkətinin insana yaraşmayan hərəkət olduğunu anlayırdı. Hətta bir neçə gün kələmliyə hərlənmədi. Özünü xəstəliyə vurdu, evdə yatdı.

 

Bir axşam televizorun qarşısında oturub rusların kanalına baxırdı. Sədulla rus dilini əsgərlikdə öyrənmişdi. Ekranda gördüklərinə inana bilmədi. Bir həyətdə saxlanan qaz balalarına hücum edən küçə iti cücələrin hamısını boğmuşdu. Cücələrin sahibi ailəsi olmayan qoca rus kişisi ölmüş cücələri görəndə, iti qovaraq, hasarın içinə salır, sonra da kəndiri itin belinə bağlayır. Ağacdan asılı qalan it zingildəməyə başlayır. Yoldan keçən məktəblilər asılı iti görüb, hasardan baxırlar. Bu zaman qoca əlində uzun bıçaqla əvvəlcə itin qabaq, sonra dal ayaqlarını kəsir. İtə olmazın işgəncələr verir. Hətta itin qollarından axan qana fikir vermir. Əlləri itin qanı ilə boyanır. Bütün bunlar kişinin hirsini soyutmur. İtin qulaqlarını, dodaqlarını doğrayır. Gözlərini oyub çıxarır. İndiyədək bu amansız səhnəyə baxan uşaqlar qaçıb hüquq işçilərinə xəbər verirlər.

 

Polis maşını gələndə, gördükləri mənzərə onları dəhşətə gətirir. Kişini tutub aparırlar.  Yoxlamalar başlayır. Arxivdə fotosu ilə kişi haqqında məlumat aşkar olunur. Sən demə, kişi özgənin  adı və soyadı ilə yaşayırmış. Sonralar məlum oldu ki, bu adam faşist düşərgəsində əsirlərə də belə işgəncə verənlərdən biri olub. Hətta əsrlikdən xilas olanlar da televizorda göstərilən bu zalım qəddarı tanıyırlar. Bəlkə də, qaz əhvalatı, it işgəncəsi olmasaydı, kişi ömrünün sonuna kimi yaşayıb, qaz əti yeyəcəkdi.

 

Bütün bunlara tamaşa edən Səy Sədulla indi öz əməlinə ani olaraq “qiymət” verdi. Düşündü: “Aman ALLAH mən nə etdim? Nə olsun ki, camaat məni Səy Sədula deyə çağırır. Hər şeyin dərəcəsi var. İnsan da belə qəddarlıq edərmi?! Beş-on kələm olmasa, dünya dağılmazdı ki!.. Əgər bilinsə, bu iş mənim əlimdən gəlib, onda ləqəbimi dəyişib faşist Sədulla qoyacaqlar? Beləcə günlər gəlib keçdi. Sədulla təqribən bilirdi ki, bu at kimindir. Uşaqları kələm sahəsinə baş çəkib gələndə, Sədulla soruşdu:

 

       Bala, nə təhərdi vəziyyət? Kələmlər əmələ gəlirmi?

Uşaq da:

       Ata bu il bol kələmimiz olacaq. Axırıncı yağış kələmləri əməlli-başlı diriltdi, – dedi.

Daha Sədullanın dərdi kələm dərdi deyildi. Axır ki, əsas xəbəri də gətirib çıxartdılar. Dedilər ki, atı dodağından zəhərli bir ilan sancmış, biçarə at elə orada hörükdəcə ölüb.   

                            

Cəmilə ÇİÇƏK /zekainfo.az

Prezident mükafatçısı,

AJB və AYB-nin üzvü

reklamlar

Digər xəbərlər