ADI QALAN İGİDLƏR ÖLMÜR, ƏBƏDİYYƏT QAZANIRLAR

ADI QALAN İGİDLƏR ÖLMÜR, ƏBƏDİYYƏT QAZANIRLAR
Cəmiyət 10 May 2024 - 13:20

Zabil kimi Vətən oğullarının isə

30 il idi ki, yuxuları ərşə çəkilmişdi

 

 

...Dağların ətəyinə sığınan obalardan biri də Kəlbəcərin “Ayrım dərəsi” adlanan ərazisindəki Bozlu kəndidir. Bu kəndi, bəlkə də Kəlbəcərdə olduğumuz, yaşadığımız illərdə yalnız o dərədə tanıyırdılar. Gözdən-könüldən uzaq bu kənd dağ aşırımı Daşkəsən rayonu ilə həmsərhəddir. Kənd sıldırımlı, daşlı-çınqıllı yal-yamacları ilə də tanınıb.

 

Kəlbəcərin işğalından sonra isə bu kənd “dillər əzbəri”nə çevrildi. 1994-cü ilin qarlı qışında, daha doğrusu, yanvar-fevral aylarında keçirilən “Murovdağ əməliyyatı” (guya, Kəlbəcərin geri qaytarılması üçün) Bozlunun adını eşitməyənlərin də dilindən düşmədi. Çünki neçə-neçə igid oğullar Daşkəsən istiqamətindən Bozluya tərəf keçib, Kələcəri azad etməyə Murovdağdan aşan qüvvə ilə birləşməli idi...

 

Qışın amansız günlərində dağlarda əməliyyat aparmaq asan olmasa da, cəsurlar bu yoldan dönmədilər. Təəssüf ki,  gedənlərin çoxu geri qayıtmadı. Deyirdilər ki, Bozlu istiqamətində gedənləri ya qardan qalaqlanmış tar sürüşməsi apardı, ya da qayadan-daşdan düşdülər. İtkin hesab olunan oğullarımızın yaz ayları gələndə cəsdlərini o amansız uçurumlardan zülmlə çıxardılar.

 

Bax bu, həmin  o Bozlu kəndi idi ki,  orada dünyaya göz açıb, lakin o yerlərin səfasını sürməyən Zabil kimi oğullar  onu düşməndən azad etmək üçün canlarını qurban verdilər...

 

 

Tanışlıq üçün: Həsənov Zabil Məhəmməd oğlu 01 iyun 1983-cü ildə Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsindən sonra Həsənovlar ailəsi Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşıblar. Zabil ailə vəziyyəti ilə əlaqəli orta təhsil ala bilməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, hərbi xidmətdə olduğu müddətdə öz bilik və bacarığı ilə fərqlənib. Ailəli idi.

 

 

Mehparə Həsənova ilə 2002-ci ildə ailə həyatı qurublar. Bu nigahdan İlkin, Nahidə, Təmkin adlı üç övladları olub. Həyat yoldaşı deyir ki, o, mənə yaxşı ömür-gün  dostu, övladlarına gözəl ata olub: “... Bizim ailə həyatımız 19 illik olsa da, bir ömürə yetəcək qədər sevgimiz, bir-birimizə hörmətimiz vardı. Kasıbçılıqla dolansaq da, qoymazdı bizim çətinliyimiz olsun.

...Müharibə başlayanda Zabil çox sevinirdi. Deyirdi ki, “tələsməyin, düşmənin kökü kəsiləcək, tezliklə doğma torpaqlarımıza üz tutacağıq. 30 ildə torpaqlarımızdan uzaq qaldığımız yetər...”

Mehparə xanım fikirlərini davam etdirərək deyir ki, Vətənə bağlı bir insan idi: “...Hətta könüllü yazılıb döyüşə getmək istəyirdi, icazə vermədilər. Sentyabrın 26-da yaşadığımız Həsənqayadan bizi yola saldı. Özü isə,  oradakı əsgərlərimizə əlindən gələn hər cür köməyi etməyə başladı. Tez-tez zəng edib, uşaqları soruşur, “onlara yaxşı bax”, - deyirdi. 27 sentyabr 2020-ci il tarixdən başlayan Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatlarında hərbi şəhid və yaralılara kömək edərkən oktyabrın 1-də düşmənin atdığı artilleriya (mərmi partlaması) nəticəsində şəhid oldu. Onun şəhid olduğunu eşidəndə dünyam başıma yıxıldı, balalarım atasız qaldı. 01 oktyabr 2020-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində dəfn edildi. Bütün sevincimi onunla birgə qara torpağa basdırdım...”

 

 

Şəhidin qızı Nahidənin kövrək ürək sözlərini nə dinləmək olur, nə də yazmaq: “...Atam mənim hər şeyim idi. Onun yoxluğuna inana bilmirəm. Bizə çox yaxşı, mehriban ata olub. Atam mənim qol - qanadım idi.  Bu gün ona çox ehtiyacım var. Gözləyirəm ki, atam gələcək, qızım...”, - deyib məni bağrına basıb saçlarıma sığal çəkəcək, amma... Atam mənim üçün əvəzolunmazdı...

 

 

Oğlu İlkin də atasızlıq dərdini bölüşə bilmir, qəhər onu boğur, bir-iki cümləni zorla dilinə gətirir: “Atamın itkisi yıxdı məni. Ölüm xəbərini eşidəndə inanmadım. Dəfn etməyə, qəbristanlığa aparırdılar, tabutu görəndə özümə gələ bilmədim. Vətənə çox böyük sevgisi var idi. Bir ömür atamla fəxr edəcəm, bizi başsız qoysa da…”

 

 

Oğlu Təmkin həmişə onun qayıdıb gələcəyini düşündüyünü deyir: “...Düzdü, atam axşamlar evə qayıtmayanda, gəlməyəndə onun yoxluğunu hiss edirəm. O, çox yaxşı, mehriban ata olub, onun yoxluğuna alışa bilmirəm, axı, onunla bağlı çox arzularım var idi. Zalım ayrılıq onu bizdən aldı.  Həmişə atamı yaşatmağa çalışacam, çünki o, təkcə mənim deyil, bütün Azərbaycanın fəxri, qürurudur – şəhiddir!”

 

Bu kövrək olduğu qədər də qürurlu fikirlərdən sonra nə yazaq? Hansı kəlmə ilə şəhid balalarına təsəlli olacaq söz deyək? Çətindir. Onların məsum, eləcə də hüznlü baxışları çoxlu suallar doğurur: axı, nədən özgə torpağına göz dikən yağıları dünyanın hegemon dövlətləri müdafiə edir?  Ermənilər dünya üçün bu qədərmi əzizdir? Bəs dini dinimizdən olan cənub qonşumuz niyə naxələf çıxır? Ermənilərə havadarlıq etməklə, xalqımızın nifrətini qazanmaq onlara nə verir? Axı, elə dinimizdə də dini kitablarımızda da deyilir ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Budurmu yaxın “qonşularımız”ın  yaxşılıqları? Birləşib ərazilərimizi ermənilərə peşkəş etdikləri bəs deyil, üstəlik, dünyanı aldadırlar ki, türk haylara qənim çıxıb. Xocalı soyqrımını görməyən dünya ermənilərin Qarabağda kef çəkdiklərini dilə gətirmir, Ermənistanın təcavüzkarlığını bizim üstümüzə yazmağa çalışırlar.

 

Bəli, bu da bir vətən oğlunun doğma ata-baba yurdu uğrunda canından keçməsi nəticəsində şəhidlik zirvəsinə ucalmasını gələcək nəsillərə çatdıracaq “qara dastan”ı.

Kəlbəcərin Bozlu kəndi də, Zabilin balaları kimi, yetim qalıb. Çünki Bozlunun pərgarı pozulub 1993-cü ilin aprelindən.

 

Sonda onu da deyək ki, Bozlunun və ümumən Kəlbəcərin işğaldan azad edilməsi uğrunda canlarından keçən Zabil kimi oğullarımızın ruhu şaddır, çünki bu gün o yerlərdən doğmaların  səsi gəlir...

 

Cəmilə ÇİÇƏK /zekainfo.az

Prezident mükafatçısı,

AJB və AYB-nin üzvü

 

 

Bu yazı Azərbaycan Res­pub­likasının Qeyri-Hökumət Təş­kilat­larına Dövlət Dəstəyi Agent­­li­yinin maliyyə yardımı ilə, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağ Zəfərinin kreativ-innovativ təbliği” layihəsi çərçivəsində ha­zır­lan­mışdır.

reklamlar

Digər xəbərlər