Vətən savaşında zəfər qazanan komandir: Polkovnik-leytenant Əkrəm Yunis oğlu Şadmanov

Vətən savaşında zəfər qazanan komandir: Polkovnik-leytenant Əkrəm Yunis oğlu Şadmanov
Cəmiyət 14 Yanvar 2025 - 09:00


 

 

-       Komandir, dayan! Mina!

Müharibə, yoxsa “gizli düşmən”lə açıq savaş?!

 

Bir ziyalı ailədən də söz açmaq istəyirdim. Açığı, bu ailə haqqında kəlbəcərlilərimiz də az bilmir. Ailə üzvləri istedadlılardan ibarətdir: ata da, oğullar da. İlahinin vergisi hər ailəyə belə qismət olmur. Məsələn, elə ailə tanıyırıq ki, orada boy atanların birində qabiliyyət, istedad daha güclü olur, digərlərindən fərqli. Təəssüf ki, hər istedadlı-qabiliyyətli olanlar da həmişə olduqları kimi qəbul edilə bilmirlər. Bu da, tale məsələsidir.

Elə istedadlı ailələr var ki, onları cəmiyyət yaxından tanımayıb. İllər sonra, yaxud da həmin qabiliyyətlilər dünyalarını dəyişdikdən sonra arxasınca hamı heyfsilənir.

Kəlbəcərdə də belə ailələrimiz az olmayıb. Təəssüf ki, onların da hamısını nə ədəbi, nə də elmi ictimaiyyətə vaxtilə təqdim etməyiblər. Lakin rayonun işğalından sonra kəlbəcərlilərin və bu ulu insan məskəninin Azərbaycan üçün nə demək olduğu üzə çıxdı.

Bəli, dağa uzaqdan baxanda əzəmətliliyi daha yaxşı görünür. Nə qədər ki, doğma yurddaydıq, o yerlərin sərvətlərindən sayılan kəlbəcərlilərimizin də qədir-qiyməti olduğu kimi bilinmirdi. Kəlbəcərli gənclərin vətənpərvərlikləri də son illər daha qabarıq şəkildə üzə çıxdı.

 

Belə ailələrdən  biri də Şadmanovlardır ki, bu yazıda onların fədakarlığından söz açmaq istədik.

...Təkcə Şadmanovların deyil, bu ailəni yaxından-uzaqdan tanıyanların hər biri üçün 2023-cü ilin sentyabrı qara gəldi! Kəlbəcər rayonunun Zivel kəndində bir çətən külfət saxlayıb Vətənə xidmətə verən el ağsaqqalı Yunis müəllim rayonun işğaldan azad edlməsindən sonra balaları, xüsusən də Bəxtiyarı ilə doğma yurdunun xarabalıqlarını ziyarət edəndə özü ilə o müqəddəs məkanın torpağından götürmüşdü ki...

Yunis müəllim ömrünün elə çağlarını yaşayır ki, gümanı yox idi Murovdağı aşıb, Kəlbəcərini ziyarət eləsin! Amma Tanrı bu xoşbəxtliyi ona yaşatdı! Xoşbəxt idi ki, Nəsimi, Əkrəm, Bəxtiyar, Cavanşir kimi oğulları Vətən üçün böyütmüşdü! Nəsimi də, Əkrəm də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda ömürlərini, canlarını qurban deməkdən başqa, həm də neçə-neçə kəlbəcərli gəncin də vətənə xidmət göstərmələrinə vəsilə olmuşdular!

Hər iki qardaş - düşmənin cavabını layiqincə verən zabitlər (polkovnik-leytenant) kimi, üzərlərinə düşən komandir məsuliyyətini yüksək səviyyədə ödəmiş, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə yüksək təltiflərə layiq görülmüşlər.

Əkrəm Şadmanov "N" saylı hərbi hissənin qərargah rəisi idi. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ildəki İkinci Qarabağ savaşlarında və 2023-cü il sentyabrın 19-da  keşirilən 23 saatlıq antiterror tədbirlərində onlar da üzərlərinə düşən vəzifələri layiqincə və artıqlaması ilə yerinə yetirdiklərinə görə, qocaman atası Yunis müəllim, 90 yaşına çatan, ağzıyaşmaqlı anası Solmaz xala bununla fəxr edir və əlləri gecə-gündüz göylərə açılaraq, bütünlüklə düşmən qabağında olan əsgər və zabitlərimizi Allaha əmanət edirdilər.

Yağı-düşmənin məkrindən, deyəsən, vallah Allahın da xəbəri yoxdr (əstəğfrullah). Dünənə kimi hər şeyin yaxşı olduğunu, düşmənin tutarlı cavab aldığını ata-anasına, qardaşlarına bildirən Əkrəm Şadmanov axşamüstü “KamAZ” markalı hərbi maşınla Xocavənd rayonu ərazisində tank əleyhinə minaya düşərək...

Qardaşı Bəxtiyar bu xəbəri eşidən dostların, qohum-əqrabanın sorğusuna cavab olaraq, “narahat olmayın, hər şey yaxşıdır, danışmışam...", - desə də, vəziyyət başqa cür idi. Bu ailənin də 44 günlük Vətən müharibəsində canını, qanını əsirgəməyən oğulları yağı-düşmən hiyləsi qarabaqara izləyirmiş. Və... Mina təxribatları...

Bəlkə də bu, hər kəsi sakitləşdirmək üçün bir ümumi cavab idi. Axı, düşmənin məkirli, hiyləgər olduğunu Kəlbəcəri, Laçını qoyub qaçandan tanıyırıq. Bu dəfə də həmin tülkü hiyləgərliyi ilə bizimkilərini mina tələsinə salan erməni dığaları analarımızı ağlar, bacılarımızın sinəsinə dağlar qoyurdu!

Tanıyırıqmı Şadmanov Əkrəm Yunis oğlunu? Bəlkə də çoxlarımız bu igidin adını, Vətənə necə layiqli xidmət göstərməsindən çox eşitsə də, həyatda üzünü bircə dəfə də görməyib.

Deyək ki, Əkrəm Şadmanov kimi komandirlərimizin Vətənə layiqli xidmətinin nəticəsidir ki, Qarabağın işğaldan azad edilməsi kimi bir şərəfli borcu yerinə yetirən gənc nəsil yetişdi. Çünki hərbi xidmət illərində onlar polkovnik-leytenant qardaşlarından - Əkrəm və Nəsimi Yunis oğlu Şadmanov kimi qeyrətli vətənpərvərlərdən hərbi dərs aldılar. Onlardan gördülər-götürdülər ki, Şuşanı əlbəyaxa döyüşlərlə azad etdilər. Axı, onların arasında idi Əkrəm və Nəsimi Şadmanov qardaşları da.

***

Əkrəm Şadmanov 1984-cü il mart ayının 1-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olmuşdur. 1990-cı ildə Zivel kənd tam orta məktəbinə getmiş, 1993-cü ildə Kəlbəcər rayonu işğal edildikdən sonra orta təhsilini Göygöl (keçmiş Xanlar) rayonundakı 6 nömrəli orta məktəbdə, 1994-cü ildə isə Abşeron rayonunun Xırdalan qəsəbəsində müvəqqəti yerləşən Kəlbəcər 20 nömrəli tam orta məktəbində davam etdirmişdir.

Baxın, bu igidimiz hələ orta məktəbi görün neçə məkanda oxumuşdur. Əlbəttə, bu da onun orta təhsil almasına şagird kimi mənfi təsir göstərirdi. Lakin Vətənə borcu həmin çətinliklərdən dözümlə çıxmağa  onu vadar edirdi.

1998-ci ildə həmin məktəbin 8-ci sinfini bitirib, C.Naxçıvanski adına hərbi liseyə qəbul olan Əkrəm Şadmanov 2001-ci ildə oranı bitirib, 2021-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2005-ci ildə motoatıcı ixtisası üzrə (fərqlənmə ilə) başa vurmuşdur.

2005-ci ilin iyun ayından 2017-ci ilin may ayınadək Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində tağım, bölük, tabor komandirinin MTT işləri üzrə müavini, qərargah rəisi və tabur komandiri vəzifələrində xidmət etmişdir. 2017-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayınadək Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə tabor komandiri, hərbi hissənin döyüş hazırlığı üzrə bölmə rəisi vəzifələrində xidmət etmişdir. 2019-cu ilin dekabr ayından 2020-ci ilin oktyabr ayınadək isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyici vəzifəsində olmuşdur.

 Xidmət dövründə nizam, intizamı ilə seçildiyinə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90. 95, 100 illiyi yubiley medalları, həmçinin “Hərbi xidmətdə fərqlənməyə görə” I, II, III dərəcəli  medalla təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması məqsədi ilə başlanılan döyüşlərdə iştirak etmək üçün 2020-ci ilin oktyabr ayından dekabr ayınadək “Taxta körpü” yaşayış məntəqəsi yaxınlığında olan “N” saylı hərbi hissədə tabor komandiri vəzifəsində Qubadlı, Cəbrayil istiqamətində gedən döyüşlərdə iştirak etmişdi. Aktiv döyüş əməliyyatları zamanı bir neçə vacib yüksəkliklərin ələ keçirilməsində xüsusi şücaət göstərmişdir.

Döyüş əməliyyatlarının sonrakı gedişatı zamanı Şuşa  şəhərinin ətrafında olan bir neçə yüksəkliyin müdafiəsi məhz Əkrəm Şadmanovun taboruna həvalə olunmuşdur. 44 günlük Vətən müharibəsinin yekunlarına görə, Əkrəm Şadmanov vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi, “İgidliyə görə” medalı, “Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

2021-ci ilin avqust ayında Hərbi Akademiyanı bitirdikdən sonra Sumqayıt şəhəri ərazisində olan “N” saylı hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunmuşdur. Hərbi hissənin yeni yaradılması ilə əlaqədar olaraq polkovnik-leytenant Əkrəm Şadmanov hərbi hissənin komplektləşdirilməsi, döyüş hazırlığının yüksəldilməsi istiqamətində əvəzsiz xidmət göstərmişdir.

2022-ci il sentyabr ayında keçirilən “Qisas əməliyyatı” zamanı Əkrəm Şadmanovun döyüş sənədlərinin hazırlanması, bölmələrin idarə olunmasında xüsusi sücayət göstərərək, Kəlbəcər rayonu ərazisində olan “Kömürdağ” yüksəkliyinin düşməndən azad edilməsində əvəzsiz rolu olubdu.

2023-cü ilin avqust ayında polkovnik-leytenant Əkrəm Şadmanov xidmət etdiyi hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin olunur.

2023-cü ilin sentyabr ayında aparılan “Antiterror” əməliyyatları zamanı Ağdam-Xocalı istiqamətində də döyüşlərin planlaşdırılmasında və aparılmasında xüsusi bacarıq nümayiş etdirərək, bir neçə hakim yüksəkliklərin düşməndən azad edilməsində yaxından iştirak edir.

Polkovnik-leytenant Əkrəm Şadmanov 24 sentyabr 2023-cü il tarixdə Ağdam rayonunun Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baş çəkməyə gedərkən “KamAZ” markalı avtomobillə düşmənin yol üzərində qurduğu minaya düşərək, şəhid zirvəsinə ucalır. Bakıda, II Fəxri Xiyabanda dəfn  edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən, polkovnik-leytenant Şadmanov Əkrəm Yunis oğlu (ölümündən sonra) III dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Əkrəm Şadmanovun Solmaz adlı qızı və Araz adlı oğlu əmanət qalmışdır.

Şəhid polkovnik-leytenantın üç qardaş, bir bacısı var, yaşlı valideynləri (atası Yunis müəllim, ansı Solmaz xala) xəstədir. Atasının ağlamaqdan gözləri tutulub.

***

Qardaşı Bəxtiyar deyir ki, 8-ci sinifdən, yəni C.Naxçıvanski adına hərbi liseyə qəbul olduğu vaxtdan şəhadətə ucalanadək Əkrəmin üzünü ancaq  bəzi hallarda toyda və yasda görürdük. Əkrəmin yoxluğu qardaşı Bəxtiyarın “dilin açıb”, qardaşsızlıq dərdini şeirlə yazır:

 

Nə gecəm var, nə gündüzüm,

Sənə qurban canım-gözüm!

Sənsizliyə necə dözüm,

Darıxıram sənin üçün!

 

Qəbul etsən, hər an gəlləm,

Ölsəm, vallah, mən dincəlləm.

Dərdimi de, kimlə bölləm,

Darıxıram sənin üçün!

 

Dostları darda qoymadın,

Aldın qisası, doymadın!

Düşməni saya salmadın,

Darıxıram sənin üçün.

 

***

Bu görüş əzablı görüşdü, qardaş,

Həsrətin illərlə daşıyacağam.

Nə yaşdı, əzizim, otuz doqquz yaş,

Mən sənsiz  necə yaşıyacağam?!

Həsrətin illərlə daşıyacağam.

                                                  

Bütün arzuların gözündə qaldı,

Çiçəkli baharın dönüb qış oldu.

Sənlə keçən günüm şirin xəyaldı,

Yalnız şəkilinlə danışacağam,

Həsrətin illərlə daşıyacağam.

 

Qırx dörd gün çöllərdə, səngərdə qaldın,

Vətən savaşında Zəfər də çaldın!

Xocalı qisasın  neçə qat aldın!

Sən sancan bayrağı oxşayacağam,

Həsrətin illərlə daşıyacağam.

 

  ***

Sənsiz yaşamağım çətindi, qardaş,

Sənsiz keçən günlər necə olacaq?!

Doğmaların sənsiz yetimdi, qardaş,

Sənlə  bağlı xatirələr qalacaq,

Sənsiz keçən günlər necə olacaq?!

 

Nə arzu, həvəslə evin tikmişdin,

Bağçanda ağaclar, güllər əkmişdin.

Özün becərmişdin, nazın çəkmişdin,

Becərdiyin güllər demə solacaq!

Sənsiz keçən günlər necə olacaq?!

 

Atamın, anamın boynunu bükdün,

Bizim sinəmizə dağ-düyün çəkdin.

Arzunmuş şəhidlik, o yolu seçdin,

Bacın saçlarını tel-tel yolacaq,

Sənsiz keçən günlər necə olacaq?!

 

Poladla başlayan o qanlı savaş,

Sənin Zəfərinlə son oldu, qardaş!

Sənin əvəzinə mən yataydım kaş,

Yol gözləyən gözlər yolda qalacaq,

Sənsiz keçən günlər necə olacaq?!

 

 

 

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az

 

 

 

reklamlar

Digər xəbərlər