“Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib

“Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib
Təhsil 27 May 2025 - 17:08

Mayın 26-da AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə  “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) reallaşan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, institut direktorları, Folklor İnstitutunun əməkdaşları, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin MEK-in binasındakı büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümləri nəzərə alınaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini və təsdiq olunmuş Tədbirlər Planına əsasən çoxsaylı tədbirlərin keçirildiyini bildirib. O, folklorun milli dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynadığını qeyd edərək, əhəmiyyətli və orijinal məruzələrin təqdim olunacağı konfransı yüksək qiymətləndirib.

AMEA rəhbəri tədbirin “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilməsini önəmli ictimai-siyasi hadisə kimi dəyərləndirib, konfransın müasir mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərin müəyyənləşdirilməsi, folklorşünaslıq elminin inkişaf etdirilməsi və gələcək nəsillərin suverenlik ruhunda tərbiyə olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

“Milli dövlətçiliyə folklor anlayışı müstəvisindən baxarkən Azərbaycanda konstitusiya və suverenliyin qədim tarixə malik olduğunu, zəngin folklor ənənələrinin formalaşdığını görmək mümkündür”, – deyə bildirən akademik İsa Həbibbəyli Azərbaycanın ilkin dövlətçilik modelinə tarixi folklor nümunələrində rast gəlindiyini söyləyib. Qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanında Oğuz dövlətçilik ənənələrinin nümayişi, xalq qayda-qanunlarının nişanələri, Oğuz elinin gələcək taleyi, qəhrəmanların igidlik və şücaəti kimi məsələlər milli dövlətçilik ideyalarının tarixən folklorun müxtəlif obraz, süjet və motivlərində yaşadıldığını bir daha sübut edir.

Çıxışının sonunda akademik İsa Həbibbəyli müasir dövrdə rəqəmsal transformasiyalar şəraitində milli dövlətçilik və folklor mövzusunun xüsusi məna kəsb etdiyini deyib, konfransda “milli dövlətçilik və folklor” probleminin nəzəri-metodoloji və tətbiqi baxımdan analiz olunacağını qeyd edib.

Sonra çıxış edən AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev tədbir iştirakçılarını Folklor İnstitutunun kollektivi adından salamlayaraq, “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli dövlətçilik və folklor” mövzusunda konfransın keçirilməsinin strateji və elmi əhəmiyyətindən danışıb. Alim qeyd edib ki, Folklor İnstitutunda aparılan nəzəri və tətbiqi tədqiqatlar, mahiyyətcə, dövlətçilik, müstəqillik və suverenlik anlayışlarının əsas sütunlarını təşkil edən dəyərlər sistemini – milli kimlik, milli ideologiya, ənənəvi düşüncə və s.-ni əhatə edir. Əslində, milli folklorşünaslığımızın ən mühüm prioritetlərindən biri, istər diaxron, istərsə də sinxron planda dövlətçilik düşüncəsinin, dövlət idarəetməsinin, bütövlükdə, dövlət və cəmiyyət münasibətlərinin formalaşması və inkişafında ənənəvi bilik institutlarının rolunun araşdırılması ilə bağlıdır. Alim qeyd edib ki, “Folklor etnosun dünyagörüşünün, stereotip düşüncəsinin və dəyərlər sisteminin güzgüsü, əməliyyat sistemi olduğu üçün onun tarix səhnəsində yaratdığı etnik-siyasi təsisat kimi dövlət də bu kontekstlə birbaşa bağlıdır. Deməli, dilin, mədəniyyətin, milli kimliyin üzərində qurulan dövlət, əslində, həmin dəyərlərin vahid məkan və zaman çərçivəsində təmərküzləşməsi və inkişafının təminatçısıdır”.

İnstitutun direktoru, dosent H.Quliyev müasir dövrdə rəqəmsal transformasiyalar şəraitində milli dövlətçilik və folklor mövzusunun xüsusi məna kəsb etdiyini, kibertəhlükəsizlik və kibersuverenliyin mühüm komponentlərindən biri kimi milli identikliyin qorunmasının əhəmiyyətini vurğulayıb. Alim qeyd edib ki, hazırki çağda sosial proseslər virtual mühitdə cərəyan etdiyindən milli identikliyin əsas daşıyıcısı olan folklor da İnternetə – açıq informasiya mühitinə transformasiya olunmuşdur. Belə bir şərait geniş imkanlar yaratmaqla bərabər, həm də çoxsaylı təhdid və riskləri də özündə daşıyır. Odur ki, “milli dövlətçilik və folklor” mövzusu informasiya cəmiyyəti, rəqəmsal transformasiyalar və rəqəmsal mədəniyyət kontekstində xüsusi aktuallıq kəsb edir. Hesab edirik ki, konfransın mühüm elmi əhəmiyyəti bir tərəfdən “milli dövlətçilik və folklor” problemini nəzəri-metodoloji, digər tərəfdən isə  tətbiqi baxımdan analizini özündə ehtiva etməsindən qaynaqlanır.

Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.

“Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzə ilə çıxış edən AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri qeyd edib ki, diaxron baxımdan folklor və dövlətçilik münasibətlərini tarixin ən müxtəlif dövrlərində izləmək mümkündür. Alim məruzəsində dövlət və folklor arasındakı münasibətlərdə postmodernist mərhələni ayıraraq problemə nəzəri-metodoloji rakursdan – diskurs anlayışının işığında yanaşıb.  Məruzəçi mövzuya keçməmişdən əvvəl yanaşma üçün açar funksiyasında olan “postmodernizm”, “diskurs”, “qrand-narrativ” və s. kimi bir sıra anlayışların diskursiv baxımdan semantik özəllikləri üzərində dayanıb. Sərxan Xavəri dövlət və folklor münasibətlərinə diaxron planda yanaşaraq, onu klassik, modernist, postmodernist və meta-modernist mərhələlər üzrə şərh edib. Alimin qənaətinə görə, klassik mərhələ folklorun təbii qrand-narrativ olduğu, modernist mərhələ folklorun digər qrand-narrativlərə tabe etdirildiyi, postmodernist mərhələ folklorun bütün narrativlərə müxalif olduğu mərhələdir.

Postmodernist mərhələnin üzərində xüsusi dayanan S.Xavəri bu mərhələdə dövlət və folklor münasibətlərində digər alternativ təsisatların – media, bazar, təhsil, texnologiya və s.-nin də öz diskurslarını yaratdığını, əvvəlki dövrlərdən fərqli olaraq, folklorun virtual məkanda ortaya çıxdığını vurğulayıb. O qeyd edib ki, “bu mərhələdə ortaya çıxan İnternet folkloru (memlər, “internet zarafatları”, trend sözlər) postmodern folklorun ən tipik nümunələri olmaqla tez yayılır, dəyişkəndir və çoxsəslidir. İnternet folkloru postmodern dövrün ən çevik və demokratik mədəniyyət formasıdır. Bu, postmodern dövrün ən tipik dövlət-folklor münasibətidir”. Müəllif qeyd edib ki, belə bir dialoqun ən bariz nümunəsini İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin nitqlərinə aid ifadələrin (“nooldu Paşinyan”, “İtiqovan” və s.), çoxsaylı zəfər əhvali-ruhiyyəli videoçarxların, mahnıların  folklorlaşmasıdır. Bu, İnternet folkloru nümunələri xalq-iqtidar (dövlət və folklor!) birliyinin ən bariz nümunəsidir. Sonda müəllif  bu istiqamətdə araşdırmaların aparılmasının elmi olmaqla yanaşı, müasir qloballaşma şəraitində milli dövlətçilik maraqlarının qorunması, milli ideoloji təhlükəsizliyin təmin edilməsi baxımından tətbiqi əhəmiyyətinin də olduğunu vurğulayıb.

“Folklor kimliyi və milli dövlətçilik düşüncəsi” mövzusunda məruzə edən Folklor İnstitutunun şöbə müdiri, professor Əfzələddin Əsgər qeyd edib ki,  folklor haqqında elm humanitar elmlər içərisində gəncdir və  XVIII əsrdən başlayan maarifçilik ideyaları  və  uyğun olaraq demokratik dövlət düşüncəsinin ortaya çıxması ilə yaranmağa başlayıb.  Bu düşüncə tipinin mərkəzində xalq dayanırdı. Xalq zəkası, xalq düşüncəsi, xalq biliyi, xalq mədəniyyəti bu müstəvidə diqqət mərkəzinə çevrildi və öyrənilməyə başladı. Xalq iradəsinə söykənən dövlət ideyası xalq mənəviyyatının önə çıxarılmasını tələb edirdi. Bu elmin məqsədi, birinci növbədə, xalq zəkasının yaradıcı gücünü üzə çıxardaraq onun əzəmətini və buradan da siyasi mövcudiyyət haqqını ortaya qoymaq idi.

Professor bildirib ki, Azərbaycan milli maarifçiliyi bu işə başlasa da, sovetləşmə ilə bağlı olaraq yarımçıq qaldı. Sovet dövründə bir tərəfdən folklorun sözsüz qismi folklor sferasından çıxarılaraq ədəbiyyatlaşdırıldı, başqa tərəfdən etnik folklor xalq folkloru kimi təqdim olunaraq sosialialistləşdirildi. Bu dövrdə müəyyən işlər görülsə də, görülməli olanların az bir hissəsini təşkil edirdi. Azərbaycan folklorunun ən böyük uğurları milli müstəqillik illərinə təsadüf edir. Görülən çoxsaylı işlərlə bərabər, bu dövrdə folklor milli məzmun qazanmaqdadır.

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmmədin “Folklor ənənələri bədii mətnin əsas milli kimlik göstəricilərindən biri kimi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, hər bir yazıçının, sənətkarın milli mənsubiyyəti olduğu kimi yaranan ədəbiyyatın da milli mənsubiyyəti və kimliyi var. Mətnin milli kimliyi araşdırılarkən ona fərqli paradiqmalardan yanaşılır. İlk növbədə dil faktoru əsas götürülür. Daha sonra folklor, tarix, klassik milli ədəbiyyatla intertekstual əlaqə, zaman-məkan, formalaşdırılan və ya təqdir olunan milli imic, stereotiplərin və milli mentalitetin əksi, poetika əlamətləri və s. milli kimliyin təyinində mühüm rol oynayır. Ana dilində yazılmayan əsərlər, multikultural mühitdə yaranan yazılı ədəbiyyat göstərir ki, milli kimlik müəyyənliyində folklor heç də dildən az əhəmiyyət kəsb etmir. Dil ilk görünəndir, folklor isə daha dərin qatda olan qoruyucu sistemdir, bu mənada, milli kimliyin müəyyənləşdirilməsinin ən başlıca faktorudur.

“Folklor yazılı ədəbiyyatda ənənələrini bir neçə istiqamətdə yaşadır. Mövzu, süjet, motiv, obraz, təhkiyə, dil ehtiyatı, vəzn, qafiyə sistemi, mərasim və ritualların bədii əksi və ya bədii modelin formalaşmasına struktur təsiri və s. Bir xalqın ədəbiyyatında sadaladığımız cəhətlər kompleks halda və ya bunlardan birinin, bir neçəsinin dominantlığı ilə çıxış edərsə o, artıq öz milli kimliyini və genetik kodunu təqdim etmiş olur”, – deyə T.Məmməd vurğulayıb.

Sonda plenar iclasın məruzəçilərinə sertifikatlar təqdim olunub.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

reklamlar

Digər xəbərlər