PKK-nın Sonu: Qanlı Bir Tarixin Bitməsi

PKK-nın Sonu: Qanlı Bir Tarixin Bitməsi
Siyasət 10 İyun 2025 - 10:26

Tarixin bəzi səhifələri qanla yazılır. Qırmızıya boyanmış bu səhifələr təkcə keçmişi deyil, həm də bu günün ağrılarını, sabahın ümidlərini formalaşdırır. 1984-cü ilin isti bir avqust gecəsində, Türkiyənin cənub-şərqində yerləşən Eruh və Şemdinli rayonlarında ilk dəfə silah səsləri eşidiləndə heç kim bu səslərin neçə onillik davam edəcək bir qanlı dövrün başlanğıcı olduğunu bilmirdi. Bu səs – PKK adlanan terror təşkilatının ortaya çıxmasının səsi idi.
PKK (Kürdüstan Fəhlə Partiyası) 1978-ci ildə Abdullah Öcalan tərəfindən ideoloji əsaslarla quruldu. İlk illərində marksist-leninçi ideologiyaya söykənən təşkilat, “azad Kürdüstan” yaratmaq niyyəti ilə fəaliyyətə başladı. Amma ideologiyanın yerini tezliklə terror və qan aldı. 1984-cü ildən etibarən silahlı mübarizəyə keçid elan olundu və bu gündən etibarən Türkiyə, uzun illər davam edən bir qaranlıq dövrə qədəm qoydu.
PKK-nın silahlı mübarizəsi təkcə dövlət orqanlarını deyil, kəndləri, məktəbləri, dinc əhalini də hədəfə aldı. Yüzlərlə insan qaçırıldı, minlərlə günahsız şəxs qətlə yetirildi. Terrorun acı üzü, dağ kəndlərindən şəhər meydanlarına qədər uzandı. PKK, həm daxildə, həm də xaricdə müxtəlif ölkələrin dəstəyi ilə illərlə dirəniş göstərdi. Amma hər silah, hər partlayış, hər pusqu arxasında bir körpənin ağlaması, bir ananın göz yaşı qalırdı.
Təşkilatın əsas güc mərkəzlərindən biri olan Qəndil dağları, uzun illər boyunca PKK-nın sığınacağına çevrildi. Burada hazırlanan döyüşçülər, təlim keçmiş qadın və kişi militantlar, Türkiyə torpaqlarına terror səfərlərinə göndərilirdi. Eyni zamanda, təşkilat Avropa və Yaxın Şərqdə müxtəlif adlar altında fəaliyyət göstərərək, həm maliyyə, həm də logistika baxımından özünü qorumağa çalışdı.
PKK-nın ən qorxulu dövrlərindən biri 1990-cı illərin əvvəllərində idi. Bu illərdə minlərlə əsgər və mülki şəxs həyatını itirdi. Amma Türk Silahlı Qüvvələrinin güclü əks-hücumları nəticəsində təşkilat böyük itkilər verdi və lider heyətinin bir çoxu zərərsizləşdirildi. 1999-cu ildə PKK lideri Abdullah Öcalanın Keniya’da tutulub Türkiyəyə gətirilməsi isə təşkilat üçün ciddi psixoloji zərbə oldu. Öcalan həbsdə olarkən PKK-nın yol xəritəsi də zaman-zaman dəyişməyə başladı.
2000-ci illərdə PKK, terror fəaliyyətlərini davam etdirməklə yanaşı, beynəlxalq aləmdə özünü “azadlıq hərəkatı” kimi təqdim etməyə çalışdı. PYD, YPG kimi qollarla Suriya və İraqda möhkəmlənməyə çalışdı. Xüsusilə Suriya müharibəsi dönəmində ABŞ və bəzi Qərb dövlətləri ilə əməkdaşlıq etməyə başladı. Bu isə Türkiyənin terrora qarşı mübarizəsində əlavə diplomatik çətinliklər yaratdı.
Amma zaman dəyişirdi. Türkiyə texnoloji və hərbi baxımdan böyük inkişaflar əldə etdi. PUA-ların (pilotsuz uçan aparatların) istifadəsi ilə dağlar belə artıq PKK üçün təhlükəsiz deyildi. Liderlər bir-bir zərərsizləşdirilir, mövqelər darmadağın edilirdi. Təşkilat daxilində parçalanma, inamsızlıq, və ümidsizlik hökm sürməyə başladı.
Və nəhayət, bu gün – 2025-ci ilin may ayı, tarixə fərqli bir şəkildə yazıldı. PKK-nın öz silahlarını yerə qoyduğunu elan etməsi ilə, dörd onillik davam edən bir qara dövr başa çatdı. Türkiyə mətbuatında yayılan bu xəbər – təkcə siyasi və hərbi anlamda deyil, həm də mənəvi baxımdan böyük bir dönüş nöqtəsi oldu.
Artıq dağlarda güllə səsi yox, bəlkə də quşların nəğməsi eşidiləcək. Analar hər gecə oğlu üçün dua edərkən, sabah onu görməyə ümidli olacaq. Bir xalqın yarası yavaş-yavaş qaysaqlayacaq.
Bu bitiş – təkcə bir təşkilatın susması deyil, həm də 40 illik mübarizədən sonra regionda yeni bir sülh səhifəsinin açılması deməkdir. Ədalət – qurbanlar üçün, barış – gələcək nəsillər üçün artıq daha əlçatan görünür.
PKK-nın qanla yazdığı bu tarix bitdi. Amma bu tarix bizə bir şeyi öyrətdi: zor və şiddət, heç bir ideologiyanı haqlı etmir. Sülh və qarşılıqlı anlaşma isə ən çətin anlarda belə bir çıxış yolu ola bilər.
İndi isə yeni bir səhifə açılır. Ağ, təmiz və hələ yazılmamış… Bu səhifəni isə silahlar deyil, sözlər və sevgilər yazsın.
reklamlar

Digər xəbərlər