"Paşinyana onun ölçüsünə uyğun gəlməyən “demokrat” libasını geyindirməyə çalışırlar..."

"Paşinyana onun ölçüsünə uyğun gəlməyən “demokrat” libasını geyindirməyə çalışırlar..."
Müsahibə 22 Noyabr 2021 - 18:46

Moderator.az-ın müsahibiMilli Məclisin deputatı Ülvi Quliyevdir.

- Noyabrın 16-da yeddi şəhid verdik, on yaralımız var. Belə görünür ki, Ermənistan hakimiyyəti məsuliyyət hissini ya tamam itirib, ya da ermənilər məğlubiyyəytlə barışmadıqlarını göstərirlər. Nə baş verir?

- Allah şəhidlərimizə rəhmət eləsin, valideynlərinə və doğmalarına, bütövlükdə xalqımıza səbr versin. Yaralılarımıza şəfa diləyirəm. Təsəllimiz odur ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Cəsədləri hələ də Azərbaycan torpaqlarında qalan və həqiqi sayı erməni cəmiyyətindən gizlədilən Ermənistan ordusunun itkiləri, zərərsizləşdirilərək saxlanılan erməni hərbçiləri buna sübutdur.

Ermənistan rəhbərliyinin məsuliyyət hissinə gəldikdə isə, istər indiki rəhbərlik olsun, istərsə əvvəlkilər, gəlin özümüz-özümüzü aldatmayaq. Sərsəm xülyalarla yaşayan, milli kimliyini uydurma əfsanə və miflərlə ovudan xəstə cəmiyyətin qısa bir zamanda dəyişəcəyini gözləmək sadəlövhlükdür. Ermənistanın konstitusiyasında hələ də qardaş Türkiyəyə qarşı ərazi iddiası nəzərdə tutulur. Guya Türkiyə ilə münasibətlərin bərpasında maraqlı olduğunu bəyan edən Ermənistan eyni vaxtda ona qarşı ərazi iddiası ilə yaşayırsa, deməli, erməni cəmiyyətində hökm sürən qeyri-adekvatlıq düşündüyümüzdən daha dərindir. Hər bir cəmiyyət layiq olduğu hakimiyyətlər tərəfindən idarə olunur. Cəmiyyət xəstədirsə, onun bələyindən çıxan hakimiyyət də fərqli ola bilməz. Hətta buna cəhd etsə də, ənənəvi, xəstəhal düşüncə tərzinin formalaşdırdığı ictimai təzyiq faktoru buna imka verməz. Ən pisi odur ki, Ermənistan rəhbərliyinin özü də fərqli olmaq istəmir və ya bunu bacarmır. Nə qədər ki, Ermənistan hakimiyyəti və təkcə hakimiyyəti deyil, bütövlükdə erməni cəmiyyəti ciddi beynəlxalq təpki ilə üzləşməyib, onlardan məsuliyyətli davranışı gözləməyə dəyməz. Təəssüf ki, əksər hallarda beynəlxalq qınaq ya yubanır, ya da həmişə olduğu kimi, ədalətsiz balanslı qiymətləndirmənin şahidi oluruq. Ağır hərbi məğlubiyyətdən sonra Ermənistanda keçirilən seçkilər göstərdi ki, erməni cəmiyyətinin yarısı müharibəni uduzan Paşinyanı dəstəkləsə də, digər hissəsi məğlubiyyəti ona bağışlamır və 10 noyabr Bəyanatını haqlı olaraq kapitulyasiya aktı kimi qiymətləndirir. Qəhrəmən Ordumuz ermənilərin özləri haqda uydurduqları məğlubedilməzlik mifini darmadağın etdikdən sonra Ermənistanda bir çoxları hesab edir ki, milli ləyaqət hissləri tapdalanıb. Siyasi arenalarındakı revanşçı qüvvələr bu hissi daha da qızışdırır və erməni cəmiyyətində belə meyllər gün-gündən dərinləşir. O da sirr deyil ki, xarici faktorlar da Ermənistanın siyasi gündəliyinin tərtibatında həlledici çəkiyə malikdir. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətindən adekvat, ölkənin real durumuna uyğun olan addımları gözləmək yanlışdır. Görüntü naminə siyasi ritorikada aldadıcı dəyişikliklər edilə və qulağa xoş gələn bəyanatlar verilə bilər, lakin bütün bunlar baş aldatmaqdan başqa bir şey deyil, hər zaman olduğu kimi, imitasiyadır.

- Belə fikirlər də səsləndirilir ki, Ermənistanın baş naziri N.Paşinyan Köçəryan-Sarkisyan alyansının- revanşçı siyasi qüvvənin davamlı təzyiqi altındadır, guya Paşinyan özü demokrat olsa da, onun başqa yolu yoxdur, son terror və təxribat hadisələri də ona edilən təzyiqin bir formasıdır. Bu cür yanaşma ilə razılaşmaq olarmı?

- Bir məsələdə haqlısınız. Qərbdə bəzi dairələr Paşinyanın əyninə onun ölçüsünə uyğun gəlməyən "demokrat” libasını geyindirməyə çalışırlar. Bu zaman ona istinad edirlər ki, Paşinyanı Ermənistan cəmiyyəti seçib. Lakin unudurlar ki, xarici təsirlərin köməkliyi ilə seçilmiş bir şəxsin hakimiyyətdə də demokratik prinsiplərə və beynəlxalq hüquqa sadiq olacağına heç kim zəmanət verə bilməz. Xocalı cəlladları Köçəryan və Sarkisyan əsla demokrat deyildilər, onları da erməni cəmiyyəti seçmişdi. Lakin bu canilər Ermənistandan daha çox Rusiyaya bağlı idilər, onun törəməsi olduqları üçün şimal qonşumuzun iradəsindən kənara çıxmırdılar, heç buna həvəsli də deyildilər. Bu şəxslər 20 il Ermənistanda hakimiyyətdə oldular. Lakin beynəlxalq təşkilatlar onların heç birindən tələb etmədi ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əməl etsinlər. Amma vasitəçilərin onlara təpkisini, qınağını gördükmü? Görmədik.Əksinə, onların imitasia oyunlarına göz yumuldu, bəzi xarici dairələr isə onlara Paşinyandan az qucaq açmamışdı. Nə qədər acı olsa da, Ermənistana qarşı sanksiyaları da görmədik. "Demokrat” möhürü vurduqları bir şəxsin rəhbərliyə gəlişi ilə heç nə dəyişmədi. Paşinyan hakimiyyətinin o zamankı müdafiə naziri Tonoyan ABŞ-da səfərdə olarkən "yeni ərazilər uğrunda yeni müharibə” bəyanatını verdi. Guya həmin dairələr bu sərsəm bəyanatı eşitmədilər? Paşinysan beynəlxalq hüququ tapdalayaraq, başqa bir ölkənin-Azərbaycan ərazisinə gəldi, Şuşada " Qarabağ Ermənistandır və nöqtə” kimi beynəlxalq hüquqa zidd olan bəyanat səsləndirdi. Separatçı rejimin qondarma "inaqurasiya” mərasimini məhz Şuşada keçirdi. Əgər bu cür təxribat xarakterli, hüquqa zidd olan əməllər demokratik davranışın göstəricisi hesab olunursa və böyük güclər bütün bunları susqunluqla qarşılayırsa, deməli, Qərbdəki bəzi dairələr demokratiya və aqressiya anlayışları arasında bərabərlik işarəsi qoyurlar. Paşinyanın yerinə kim olsaydı və görsəydi ki, onun sərsəm bəyanatlarına nəinki göz yumulur, əksinə, bağlı qapılar arxasında həm də alqışlanır, keflənib beyni dumanlandıqdan sonra Şuşada bir gün yox, həmişəlik qalmaq eşqinə düşərdi. Paşinyan sələflərinin siyasətini davam etdirdi və o da BMT qətnamələrini saya salmadı. Ermənistana züy tutanların, ona hamilik edənlərin ünvanları müharibədən sonra da dəyişməyib və sayları azalmayıb. O da maraqlıdır ki, əksər məsələlərdə "qan-bıcaq” olan bu hamilər Ermənistana gəldikdə, eyni, ermənipərəst mövqedən çıxış edirlər. Ermənistan hakimiyyəti və erməni cəmiyyəti tərəfindən bu cür siyasi riyakarlığın keçmiş xəyallarının təşviqi və təqdiri kimi başa düşülməsi təəccüb doğurmamalıdır. Əgər belə olmasaydı, Ermənistan müharibədən ötən bir il ərzində üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmazdı. Silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarar, Zəngəzur dəhlizinin açılması öhdəliyini yerinə yetirər, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Azərbaycan Prezidentinin çağırışlarına adekvat cavab verərdi. Ermənistan kənardan dəstək gördüyünə görə, bütün bunları etmir, sülh sazişini mümkün qədər yubatmağa, vaxt udmağa çalışır. Bir ildən çoxdur ki, minaladıqları ərazilərin xəritəsini təqdim etməkdən boyun qaçırır. Təkcə mina partlayışında həyat və sağlamlığını itirən hərbçilərimizin, mülki insanlarımızın sayı 150-dən çoxdur. Onların arasında sizin jurnalist həmkarlarınız Məhərrəm İbrahimov və Sirac Abışov da var. Məlum olduğu kimi, Ermənistan minaladığı ərazilərlə bağlı xəritələrin yalnız ikisini təqdim edib, onların da dəqiqliyi 25 faiz ətrafındadır. Ermənistan hakimiyyəti dəqiq xəritələri təqdim etməkdən yayınır və bunu bilərəkdən edir. Halbuki, beynəlxalq konvensiyalara görə bu əməlin özü də müharibə cinayəti sayılır. Onu törədənlər isə əyninə zorla "demokrat” libası geyindirilən Paşinyan və onun siyasi-hərbi komandasıdır. Ermənistan hakimiyyətinin cinayətləri və təxribatları bununla bitmir. Noyabrın 6-7-də Ermənistanın keçmiş müdafiə naziri Karapetyan sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizə səfər edərək erməni silahlı birləşmələrinin döyüş hazırlığı vəziyyətini nümayişkaranə şəkildə təftiş etdi. Bu səfər Paşinyanın Şuşa təxribatından heç nə ilə fərqlənmir. Noyabrın 9-da növbəti təxribat Kəlbəcər rayonu istiqamətində törədildi, silahlı qüvvələrimizə məxsis olan mühəndis texnikası atəşə tutuldu. Elə həmin gün Ermənistanın 60 hərbçisi Qaragöl ətrafındakı ordumuzun postlarına aparan yolda mövqe tutmağa cəhd etdilər. Hərbçilərimiz onların bu təxribatının da qarşısını qətiyyətlə aldı. Noyabrın 13-də isə, Şuşa yaxınlığındakı postumuzda əsgərlərimizə qarşı terror aktı törədildi, hərbçilərimizə qumbara atıldı, nəticədə onlardan üçü yaralandı. Elə həmin gün dövlət sərhədinin müxtəlif istiqamətlərində, o cümlədən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə hələ də qalan erməni hərbi birləşmələri Şuşa şəhəri ətrafındakı mövqelərimizi atəşə tutdular. Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər və Laçın istiqamətində genişmiqyaslı hücuma cəhd etdilər. Ordumuz bu hücumun da qarşısını qətiyyətlə aldı. Silahlı hücumların, təxribatların və terrora cəhdin arxasında məhz Paşinyan hakimiyyəti dayanır. Ona görə də, Paşinyandan məsum "demokrat” obrazı yaratmağa cəhd edənlər, əslində, demokratiya anlayışını da, beynəlxalq hüququ da təhqir edirlər. Təəssüf ki, bu cür dairələr Avropada, ABŞ-da və MDB məkanında mövcuddur. Hətta öz içərimizdə olan bəzi siyasətçilər az-qala Paşinyana vəkillik edir, Köçəryan və Sarkisyandan az müharibə cinayəti törətməyən bu şəxsin "demokrat” obrazını təbliğ edirlər. Əvvəla, bu yalançı təbliğatdır. Paşinyan hakimiyyətdə olduğu müddətdə ölkəmizə qarşı təcavüz və ərazi iddiaları siyasətindən əl çəkməyib, bu gün də bu siyasəti davam etdirir. Belə bir şəxs demokratik təfəkkürlü siyasətçi hesab edilə bilməz. Düşmən ölkə rəhbərinin təbliğində, onun müsbət imicinin formalaşdırılmasında iştirakın mənəvi aspekti isə, ən yumşaq şəkildə ifadə etsək, utancvericidir və yalnız mənəvi deqradasiyanın göstəricisidir.

- Müharibədə məğlub edilən, on mindən çox fərarisi olan Ermənistanın törətdiyi bu təxribatlar hansı məqsədi güdür?

- Sualınızı nəzərə alaraq, bir daha təkrar edirəm ki, Ermənistanın siyasi gündəliyi və atdığı addımlar xarici faktorlardan aşırı dərəcədə asılıdır. Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupunun fəaliyyətini "diriltməkdə” maraqlıdır. Onların bu istəyi bəzi xarici dairələrin maraqları ilə üst-üstə düşür. Bu hədəfə çatmaq üçün, Ermənistan Qarabağda və Şərqi Zəngəzurda, dövlət sərhədinin digər sahələrində nisbi sakitliyi və atəşkəsi qəsdən pozur. Dünya birliyinə aşılamağa çalışır ki, münaqişə hələ bitməyib. Dediyim kimi, kənardan verilən siyasi dəstək də Ermənistanı yeni təxribatlara həvəsləndirir. Bir məqamı da diqqətdən qaçırmamalıyıq. Ermənistanın son təxribatları noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Vlll Zirvə Görüşü ərəfəsinə və ondan sonrakı günlərə təsadüf etdi. Dünya İstanbulda böyük tarixi və siyasi hadisənin-Türk Dövlətləri Təşkilatının yaranmasının şahidi oldu. Təkcə yaxın qonşularımızın deyil, bəzi Qərb mətbuatını da izləsək görərik ki, bir çoxları bu tarixi birlikdən məmnun görünmürlər. Yenə də şahidi olacağıq ki, Ermənistanı sülhə və 10 noyabr Bəyanatında nəzərdə tutulan öhdəliklərini yerinə yetirirməyə təşviq etmək əvəzinə, həmin dairələr "hərbi əsir” məsələsini gündəmə gətirəcəklər. Ermənistan rəhbərliyi kimi, onlardan bəziləri də "hərbi əsir” və minalanmış ərazilərin xəritəsini qarşılıqlı mübadilə, əslində isə, alver predmetinə çevirməyə çalışacaqlar. O dairələr böyük siyasət adamı U.Çörçillin həqiqəti ifadə edən bu kəlamını bilərəkdən unudurlar: "Müharibə əsiri-səni öldürmək istəyən, amma nail olmayan, sonra səndən onu öldürməməyi xahiş edən adamdır”. Bunu anlamayanlar onu da nəzərə almırlar ki, Azərbaycanda saxlanılan və mühakimə olunan erməni hərbçiləri 10 noyabr tarixli Bəyanatdan sonra ölkəmizin ərazisində terror-diversiya aktlarını həyata keçirməyə cəhd edən silahlı dəstənin üzvləridir, onlar hərbi əsir hesab oluna bilməzlər. Ermənistan bu cür məsələləri gündəmə gətirməklə diqqəti sülh sazişindən, sərhədlərin delimitasiya və demorkasiyasından yayındırmağa, vaxt udmağa çalışır. Reallıq budur ki, Ermənistan növbəti imitasiya oyununda yenə də tək deyil... Hər bir halda, dekabr ayında Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü planlaşdırılır. Son 30 ildə bu cür görüşlər az olmayıb. Lakin budəfəki görüş tam fərqlidir. Qalib Azərbaycanın qalib Prezidenti müharibədən sonra məğlub ölkənin məğlub baş naziri ilə ikinci dəfə üz-üzə gələcək. Avropa məkanında bu, ilk görüş olacaq.

- Azərbaycan və Ermənistan dövlət başçılarının üçüncü tərəflərin iştirakı olmadan, vasitəçilərsiz birbaşa görüşü daha doğru olmazdımı?

- Məğlub Ermənistan buna hazır deyil. Erməni cəmiyyəti parçalanmış vəziyətdədir, orada yeni müharibədən çəkinən və revanşa meyilli iki kəsim var. Amma müharibədən ehtiyyat edənlər də sərsəm erməni xülyasından, qonşularına, ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyiblər. Bu kəsimin istəyi odur ki, onların arzularını başqaları həyata keçirsinlər, onların əvəzinə başqaları qırılsın. Ən əsası, Ermənistan hakimiyyəti, hər zaman olduğu kimi, siyasi qərarların verilməsində sərbəst deyil. Yeganə fərq ondadır ki, Ermənistanın xarici faktorlardan asılılığı dəfələrlə artıb. Buna görə, istəsə də, birbaşa danışıqlara getmək imkanından məhrumdur. Azərbaycan Zəfər qazandıqdan sonra bölgəmizdə yeni reallıq yaradıb. Bu reallıq həm tarixi ədalətə, həm də beynəlxalq hüquqa tam uyğundur. Əminəm ki, Ermənistan istəyindən asılı olmayaraq, reallıqla barışmalı olacaq. Hamiləri də siyasi təsir imkanlarına baxmayaraq, mövcud reallığı gözardı edə bilməyəcəklər. Əsas olan odur ki, Qarabağda bərpa və quruculuq işləri öz axarı ilə davam edir, Prezidentimizin qətiyyətli siyasi iradəsi ortadadır. Məskunlaşma həyata keçirildikcə, ermənilər tərəfindən reallıq daha çox dərk olunacaq. Bu şərtlər altında və Azərbaycan qanunları əsasında Qarabağda dinc və iddiasız yaşayışın alternativi olmadığını, əminəm ki, başa düşəcəklər. Çünki ayrı çıxış yolları yoxdur. Təxribatların qarşısı isə, Müdafiə Nazirliyimizin bəyanatında qeyd olunduğu kimi, daha qətiyyətlə və daha sərt şəkildə alınacaq. Buna şübhə etməsinlər.

reklamlar

Digər xəbərlər