Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair, publisist Nəsib Nəbioğlu bu günlərdə 31 il həsrətində yaşadığı, qələminin əsas mövzusuna, dilinin əzbərinə çevirdiyi Kəlbəcərinə, doğma Çaykənd kəndinə səfər etdi. Hissləri, duyğuları sonsuzdur,kövrəkdir. Biz də onunla müsahibəmizdə bu səfərdən söz açdıq.
- Nəsib müəllim, Azərbaycana budəfəki gəlişinizdə doğulduğunuz Kəlbəcərə, kəndinizə getmək qismətiniz oldu. İstərdim ki, söhbətimizə Kəlbəcərə yola düşmənizin bir gün əvvəlindən başlayaq. Sabah Kəlbəcərə gedirsiniz deyəndə, nələr hiss edirdiniz?
- Kəlbəcərdə son dəfə 1992-ci ilin yayında olmuşdum. Moskvda yaşadığımdan hər il yay aylarında ailəmlə bərabər məzuniyyətə çıxıb, Kəlbəcərə, kəndimizə gəlirdim. 1993-cü il aprel ayının 3-də mənfur düşmənlərimiz tərəfindən Kəlbəcər işğal olundu. Yollarımız bağlandı, doğma yerlərimizə həsrət qaldıq.
İndi çox sevinirəm ki, 31 ildən sonra Kəlbəcərə getdim. İyul ayının 19-da mənə Kəlbəcərə getməyə icazə verdilər. Bu icazədə rolu olan, mənə qayğıyla yanaşan hər kəsə, ilk növbədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynova öz səmimi təşəkkürümü bildirirəm. Mənə dost, qardaş əlini uzatdı, 31 il görmədiyim, adı gələndə göyüm-göyüm göynədiyim yurduma, Kəlbəcərə getməyə icazə aldı. Əslində, 2020 ci il noyabrın 25-dən - Kəlbəcər işğaldan azad edildiyi gündən Kəlbəcərə gedəcəyimi düşünürdüm, ölməmiş boya-başa çatdığım kəndimizi, evimizi görmək istəyirdim. Bu günə min şükür ki, arzum gözümdə qalmadı, uzun illər görmədiyim, həsrətində qaldığım Kəlbəcərimə getdim. Bir gün əvvəl hansı hissləri keçirdiyimi bir Allah bilir. 31 bir il görmədiyim kəndimizə gedəcəm. Məni orada nələr gözləyir. Məni qarşılayan olacaqmı? Düzdür, müxtəlif saytlardan, KİV-dən aldığım məlumatlar var idi. Kəndimizin xarabalığa çevrildiyini bilirdim. Amma indi özüm öz gözlərimlə görəcəkdim. Kəndimizə çatmaq, atamın, doğmalarımın qəbirlərini ziyarət edib, şəhidlərimizin ruhları qarşısında baş əymək, sönmüş ocaqlarımızı, yurd yerlərimizi görmək, yeniyetmə çağlarımda gəzdiyim dağları, gəncliyimi tapşırıb getdiyim yerləri dolanmaq istəyirdim. Uşaqlığım, gəncliyim keçən o doğma yerləri qarış-qarış, addım-addım gəzəcəyimi düşünürdüm. 18 yaşında Kəlbəcəri tərk eləyən, əsgərliyə gedən, elə o vaxtdan başı oxumağa, yazmağa, işə qarışan, o quzu otaran uşağı, ağlı topuğunda olan, dəli-dolu bir gənci axtaracağam. Görüm onun bu yerlərdə izi qalıbmı?
- Kəlbəcərə aparan yol necə idi?
- Kəlbəcərdə çalışan qohumum Əli İbrahimov məni, həyat yoldaşımı və oğlumu aparmaq üçün Kəlbəcərdən Gəncəyə gəlmişdi. Kəlbəcərdə çörəkbişirmə sexi fəaliyyət göstərir. Əli də həmin sexin müdiridir. Bu sex Kəlbəcərdə xidmət edən əsgərlərimizi çörəklə təmin edir. Əli uzun illərdir ki, bu sahədə çalışır.
Uzun illərin ayrılığından sonra Toğanalıdan çıxıb Murovun silsilə dağlarının yolu ilə işğaldan azad olunan Kəlbəcərə yollandıq. Murov yolunu genişləndiriblər, əvvəlki yoldan daha rahatdır. Əvvəllər bu yoldan yalnız bir maşın keçə bilirdi. İndi Kəlbəcərə ağır yüklər aparan maşınların necə sürətlə keçdiklərini görürəm. Murov yolu hazırda Kəlbəcərə gedən yeganə yoldur. Düşünürəm ki, əsas tunel açılandan sonra Kəlbəcərə rahatlıqla gedəcəyik. İnşallah, Ağdərə yolumuz da açılacaq. Gələcəkdə isə Murov yolundan hərbi yol və elat yolu kimi də istifadə edə biləcəyik.
Murovun ən hündür zirvəsində Ömər aşırımına çatırıq. Azərbaycanın cəngavər oğullarının qəhrəmanlıq izlərini görürəm. Yol boyunca darmadağın edilmiş, erməni hərbi texnikalarının qalıqlarını, tör-töküntülərini görürəm. Ürəyimdən tikan çıxır. Sözün əsl mənasında hərbçilərimiz burada bir qəhrəmanlıq dastanı yazıblar. Vaxtilə xalq yazıçımız M.İbrahimovun mənə dediyi "Nəsib bala, mən Azərbaycanın böyüklüyünü Murovun zirvəsində gördüm" sözlərini xatırlayıram. Azərbaycanımızın böyüklüyünü göstərən Murov dağının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə cansağlığı arzulayıram. Yenə də haçansa Murova həsr elədiyim şeirimdən misralar yadıma düşür:
İstəyirəm hava alam bir udum,
Kömək elə ağrıları unudum,
Qürbət eldə bu həsrətdən qurudum,
Yollarımdan dumanını çək, Murov!
Yox, indən belə bu sözləri deməyəcəyəm. Artıq mənim yerim-yurdum var. Kəlbəcər kimi sığınacağım, ümid-pənah yerim, dünyada tayı-bərabəri olmayan, bənzərsiz bir elim-obam var.
Ömər aşırımından Murovun Kəlbəcər tərəfinə enirik. Əli maşınını qiblə bulağında saxlayır. Deyir ki, bu bulağın üstünü türklər düzəldib, abadlaşdırıb. Kəlbəcərin ən saf bulaqlarındandır. Artıq Kəlbəcərin Murova yaxın kəndlərinə, Zallar və Yanşaq kəndlərinə yaxınlaşırıq. Yolboyu yeniyetmə çağlarımda yaddaşıma hopmuş, məni öz sehrinə, cazibəsinə salan sıldırım, ovxarlı, əzəmətli qayalara baxıram. Qamışlı çayının, Tərtər çayının şırıltısı heç dəyişməyib, həzin bir nəğmə kimi məni ötən çağlarıma səsləyir.
Kəlbəcərin gözəlliyi, əzəmətli sıldırım qayalarımız, allı-güllü yaylaqlarımız, yamyaşıl meşələrimiz oğlum Nəbini valeh eləyib. Tez-tez "ata, mən Kəlbəcəri belə təsəvvür etmirdim" deyir. Axı, Nəbi heç Kəlbəcərin üzünü görməmişdi.
Yolboyu ermənilərin vəhşicəsinə talan elədikləri kəndlərimizi görürəm. Darmadağın edilmiş, xarabalığa çevrilmiş kəndlərin içindən keçdikcə erməni vəhşiliyinin şahidi oluruq. Gördüyümüz mənzərələr ürəyimizi ağrıdır. Bütün bunlar bir daha ondan xəbər verir ki, düşmən 30 ilə yaxın müddətdə hər şeyi məhv edib, oğrulayıb, yandırıb, talayıb. Çünki bu torpaqlar onların deyil. Heç vaxt da olmayacaq. Əgər bu torpaqlar onların olsaydı, belə vəhşilik etməzdilər.
- Və nəhayət, vətəndəsiniz... O duyğularınızı necə ifadə edərdiniz?
- Nəhayət, Kənd yeri adlanan yeri keçib Çaykənd kəndinə, mənim doğulub boya-başa çatdığım kəndə giririk. Kəndin başlanğıcında Qarasu adlanan yerə çatanda, xaraba qalan, dağılan evlərimizə baxdım, özümü saxlaya bilmədim hönkür-hönkür ağladım. Oğlum Nəbi məni kiridə bilmirdi. Təsəlli verirdi ki, torpaqlarımız ki yerindədir.
Uzun illər yuxumdan əl çəkməyən Çaykəndə çatdıq. Üzümü kəndimizə çevirib dönə-dönə üzr istədim. Dedim ki, səni qoruya bilmədim, sənə yaxşı oğulluq eləmədim, amma səni heç unutmadım və unutdurmağa qoymadım. Qələmimi yad bir ölkədə silaha çevirdim, dərdini bu uzun illər ürəyimdə daşıdım, şeirə çevirdim, yaşadığım ölkənin insanlarına çatırdım. Haraya yollandımsa, harada oldumsa Qarabağımızı, Kəlbəcərimizi, Çaykənd kəndimizi ürəyimdə gəzdirdim, harda nə yaxşı bir şey, bir yol, bir bina, bir məscid gördümsə, onu Azərbaycanımızda görmək arzuyla yaşadım. Yad millətin içində yaşadım, amma xalqımızın, milətimizin, Azərbaycanımızın, xalqımızın, Kəlbəcərimizin, dağlarımızın adına xələl gətirən, onu aşağılayan bir işə qol qoymadım.
Ermənilərin vəhşicəsinə dağıtdıqları qəbiristanlığa döndüm. 10 il oxuduğum, dağılmış məktəbimizə getdim, sonra öz evimizə gəldim. Otu, cəngəlliyi yarıb yerimək olmurdu. Birtəhər həyətimizə, xarabalığı çevrilən məhləmizə keçdim. Həyətimizdə olan bütün bar ağaclarını kəsiblər. Bizim həyətdə yalnız bir tut və bir də qocaman qoz ağacı qalıb. Divarları uçulub dağılan, tar-mar olan evimizə gəldim. Bir möcüzəylə rastlaşıram, vaxtilə mənim yatdığım yerdə evimizin ortasında bir qoz ağacı bitib. Çox təsirlənmişdim, əllərimi uçuq divarlara sürtə-sürtə bu qoz ağacına yaxınlaşdım. Onunla söhbətim vardı, onunla dərdləşəcəkdim.
Yoldaşım Dürdanə uca səslə yaxın qonşularımızı səsləyirdi, amma onun harayına səs verən yox idi. Dəli kimi evimizin arxasından 20 metrlik məsafədən axan, başlanğıcını Qoçdaş yaylağından götürən, kəndimizin içində Tərtərə tökülən balaca, dupduru çaya endi, çayın içinə girib, bu balaca çaydan üzr istədi. Öz-özümə deyirdim ki, Ay Allah, insansız təbiətin gözəllikləri nəyə lazımdır? Çünki təbiəti təbiət eləyən, onu yaraşıqlandıran elə onun insanlarıdır.
- İllər boyu sizi "Kəlbəcəri yazan şair kimi tanımışıq". Bu səfərinizdə Kəlbəcəri yazdınızmı?
- Mənim ilk şeirlərim Kəlbəcərin əsrarəngiz təbiətdən qidalanıb boy atıb, aşıq yaradıcılığından, xalq ədəbiyyatından boy verib. Kəlbəcərdən də elə belə qayıtmamışam. Mən şeirlərimlə öz daxili dünyamı, məni duyğulandıran hissləri açıram. Nə zaman ilhamım gəlsə, onda da şeirlərimi yazacağam. Bu yerləri görüb elə kövrəlmişəm ki, bu hisslərimi qələmə almasam, mənim üçün çox çətin olar. Düşünürəm ki, bu hisslərim məni aldatmayacaq, daha yaxşı şeirlər yazacağam. Təki ilhamım sönməsin. Mənim bir şeirim var, deyirdim ki, şeirimdən dağların ətiri gəlir. İndi yazacağım şeirlər daha ətirli olacaq.
- Bütün yaradıcılığı boyunca Kəlbəcər ağrısından, yurd həsrətindən yazan şair bundan sonra nə yazacaq?
- Qarabağın, bir-birinin ardınca rayonlarımızın işğalından sonra yaradıcılığımda bir dönüş yarandı. Yazdığlarımın əksəriyyəti qəm-kədər notları üstündə quruldu. Ulu torpaqlarımızın, Qarabağımızın yağı tapdağı altında inlədiyi bir zamanda mən başqa cürə yaza bilməzdim. Mənim üz-gözümdən, hətta qələmimdən qəm tökülürdü. Bu, özümdən asılı olmayıb. Qarabağın süqutundan sonra vüqarımız sınmışdı, qəddimizi düzəldə bilmirdik. Bəzən öz-özümə deyirdim ki, bizim yaşamağa haqqımız yoxdur. Kəlbəcər elə-belə yer deyil, Kəlbəcərin əsrarəngiz təbiəti, dağları, çəmənləri, qalın meşələri, gülü, çiçəyi, çayları, diş göynədən bulaqları, İstisuyu, Turşuyu, yerüstü, yeraltı sərvətləri Allahın Azərbaycan xalqına bəxş etdiyi bir nemətdir. Özümə söz vermişəm bir də qəmli şeirlər yazmayacağam. Artıq arzuma çatmışam, Qarabağım, Şuşam, Kəlbəcərim azaddır. Mən indən belə bu yerlərin sevincini, xoş günlərini tərənnüm edəcəyəm.
Cəngavər oğlanlarımızın 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadəti, qəhrəmanlığı, qazandığı qələbəni necə qələmə almayasan? Bu gün Kəlbəcərin qələbəsindən, bu qələbəni bizə bəxş edən igidlərdən necə yazmayasan. Bax, onların vətənimizə, dağlarımıza, torpağımıza olan ilahi sevgisindən yazacağam.
- Məni bu həsrətdən qurtar deyirdi,
"Atanın yurdunu qaytar"-deyirdi,
Məni Kəlbəcərə apar deyirdi,
Dağlar deyə-deyə kiridi anam...
Sizcə, indi ananızın ruhu şaddırmı?
- Qarabağın, Kəlbəcərin işğalı dövrü yazdığım şeirlərimdən dərd tökülür. O illər ərzində, heç olmasa, bircə dəfə Kəlbəcəri görməyi, öləndə belə qəbrimin üstünə, heç olmasa, bir ovuc Kəlbəcər torpağı tökülməsini arzulamışam. Həmin illərdə nənəm (mən anaya nənə demişəm) haqq dünyasına qovuşana qədər, onun üzünə baxa bilmirdim, xəcalət çəkirdim. Amma əlimdən bir şey gəlmirdi. Gücüm ancaq qələmimə çatırdı. Nənəm mənə vəsiyyət eləmişdi ki, onu Kəlbəcərə atamın yanına aparım, "məni şoran torpaqda basdırma" deyirdi. Amma nənəmi Masazırda qaçqınlar qəbiristanlığında basdırmalı oldum. Çaykəndə gələndə ilk getdiyim yer qəbiristanlığımız oldu. Erməni vandalları qəbirlərimizi göreşən kimi eşiblər, mərmərdən, qranitdən olan qəbir daşlarını aparıblar. Kəndimizdəki qəbiristanlıq yeni çəkilən yolun inşasına görə plana düşdüyündən qəbiristanlığımızı yolun kənarından yüksəkliyə köçürüblər. Amma qəbirlərin üstləri götürülməyib. Mənim də babalarımın, qoca nənəmin, əmilərimin, yaxın qohumlarımın qəbirləri oradadır. Kəlbəcərə böyük qayıdış olandan sonra anamın nəşini dini qurumların icazəsiylə atamın yanına aparacağam. Düşünürəm ki, nənəmin onda ruhu şad olacaq. Axı nənəm həmişə Kəlbəcərə, öz kəndimizə getməyi arzulayırdı. Bir də deyirdi ki, məni atanın yanında basdırarsan.
- Bu zəfər gününü, el bayramını,
Sevinən yurdlarım alqışlayırdı.
Əsarətdən çıxan azad Qarabağ,
O gecə hamını bağışlayırdı.
2018-ci ildə yazdığınız bu şeir, bu yuxunuz çin çıxdı. Bəs bu səfərinizdə nə hiss etdiniz? Qarabağ, Kəlbəcər həqiqətən hamımızı bağışlayıbmı?
- A.Çexov deyirdi ki, əsl yazıçı qədim peyğəmbər kimidir. O, adi insanlardan fərqlənir, gələcəyi daha aydın görür. Şairlər, yazıçılar, əsl sənət adamları peyğəmbərlərdən sonra gələn insanlardır. Tanrının insanlara verəcəyi xəbəri ilhamla ifadə etdiyi sözü insanlara çatdıranlardır şairlər, əsl qələm sahibinin missiyası belə olmalıdır. Bəli, yuxum çin oldu. Düz iki ildən sonra Şuşa azad edildi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.
Mən bu şeiri 2018-ci ildə yazmışam, gördüyüm bir yuxumu nəzmə çəkmişəm. Bu şeirin adı belədir: "Bu gecə Şuşanı qaytarırdılar". Bu şeiri böyük, istedadlı şairimiz, dostum Ramiz Qusarçaylıya həsr eləmişəm. 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı. Azərbaycanın 28 illik Şuşa yarası sağaldı! Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Mən isə bunu belə olacağını əvvəlcədən hiss etmişdim.
- İndi Qarabağda surətli quruculuq işləri gedir. Nələr müşahidə etdiniz?
- Burada bizim təsəvvür etməyəcəyimiz böyük, qlobal abadlıq işləri görülür, geniş müasir standarlara cavab verən yollar çəkilir, körpülər salınır. Bu yolları, abadlıq işlərini görəndə adamın ürəyi dağa dönür. Xarabalığa çevrilən kəndlərimizin yerində müasir evlər tikilir. Hazırda 3 kəndin - Zallar, Yanşaq və Zar kəndlərinin tikintisinə start verilib. Kəlbəcərin özündə də, İstisuda da böyük tikintilər, quruculuq işləri gedir. Belə qənaətə gəldim ki, 70 il sovet dönəmində Kəlbəcərdə görülən işləri iki il ərzində yaradıblar. İnanıram ki, Kəlbəcər təkcə Azərbaycanın yox, bütün Avropanın ən gözəl və cazibədar şəhəri olacaq.
Kəlbəcərdə yolların tikintisini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "3 N-li Magistral Yolların İstismarı" MMC ilə subpodratçı şirkəti və yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin "Kolin İnşaat Turizm Sənaye və Ticarət" və "Cengiz İnşaat Sənaye və Ticarət" şirkətləri birgə icra edir. Bu yol Kəlbəcər rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edən yol olacaq.
31 ildən sonra getdiyim Kəlbəcər yolu yeni yazdığım bir şeirimdə tərənnüm etdim. Həmin şeirin son misraları belədir:
Şəhidlərin qanı var, torpağında, daşında,
Sevinc damla-damladır gözlərimin yaşında,
Bayrağım dalğalanır zirvələrin başında,
Hünər, şöhrət yoludur Kəlbəcərə gedən yol!
- Gələn il, İnşallah, 70 yaşınız tamam olur. Yubileyinizi Kəlbəcərdə keçirmək planınız varmı?
- Hə, gələn il mənim 70 yaşım tamam olacaq. Kəlbəcərin işğalından sonra heç vaxt ad günümü keçirməmişəm. Ümumiyyətlə, Kəlbəcərdə ad günü qeyd etmək o qədər də dəbdə olmayıb. Sözün düzü, doğum günlərim çox vaxt heç yadıma da düşmürdü, çünki o qədər hadisələrdən sonra ad günü keçirmək özümə də ar gəlirdi. Amma AYB və Rusiya Yazıçılar Birliyinin üzvü, ictimai xadim kimi 3 dəfə Moskvada, bir dəfə də Bakıda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yubileylərim keçirilib. Allah bundan sonra yaşamaq nəsib etsə, 70 illiyimi, azad Kəlbəcərimizdə keçirərdim, çünki o dağlara, o yerlərə, Kəlbəcərə, Kəlbəcərə gələn insanlara deyiləsi çox sözüm var.
Həyatımın ən gözəl günlərini burada Kəlbəcərdə, Çaykənd kəndində yaşamışam. Həyatımın qalan günlərini indi doğma Kəlbəcərdə yaşamaq istəyirəm. Atamın xaraba qalmış yurdunda özümə bir ocaq tikib yaşayardım.
Şahanə MÜŞFİQ