KƏLBƏCƏRƏ ZƏFƏR QARI YAĞDI...

KƏLBƏCƏRƏ ZƏFƏR QARI YAĞDI...
Cəmiyət 18 Aprel 2024 - 09:44
Xalq şairi Vahid Əzizin “Kəlbəcərə qar yağır”
adlı şeirinin təsiri ilə
Mən şeir dəlisiyəm! Axı, kəlbəcərliyəm:
Bəhmən, Sücaət, Dədə Şəmşir nəfəsliyəm.
Bilmirəm ki, qələm əhliyəm,
yoxsa, ötəri həvəsliyəm...
Səmimi etiraf edim: həmin gün bilmədim ki, sevimli xalq şairimiz Vahid Əzizin “Kəlbəcərə qar yağır” şeirini neçə dəfə oxudum. Yadımda qalan dümağ qar oldu. Bəlkə də qar dənələrinin sayı qədər oxudum o şeiri, Vahid müəllim! Yalnız ona görə yox ki, “Türk totemi”nə müraciətiniz titrətdi məni. Həm də ona görə ki, bir qərinəlik həsrətimizi bəmbəyaz qarla sizin şeiriniz yuyub apardı: əllərimiz üşüsə də, qəlbimizdə bir Yurd ocağı, Dədə Qorqud tonqalı qalandı! Axı, Oğuz yurdu heç vaxt namərd yağıya qala bilməzdi!
Əsrlərin o tayından bizlərə boylanan bir Yurd nisgili - yəni bütöv Azərbaycan arzusu uşaq qəlbimdə boy atandan bəri özümü aciz, zəif hiss edirdim. Uşaqlıqda yağı düşmənlərimizin məkrli olmasını anlamırdım, lakin hiyləgərlikləri ilə bizi kökümüzdən ayırmaq siyasətini sonradan duyduqca, anladıqca, onlara nifrətim, az qala, Vətən sevdası qədər böyüdü!
Əslində, bu qəmli mövzuda yazan şairlərimizi oxumaqdan yorulmadım. Bir gün baxdım ki, özüm də kəlmələrimin qanadında bütöv Azərbaycanımıza, yəni Təbrizimdən başlamış, dəmir qapı Dərbəndimizə, türk ellərinin ata ocağı sayılan Borçalıyacan qanad açmışam. Bu yerlərin poeziya dillilərinin ayrılıq, həsrət dolu şeirləri ilə böyüdüm. Anam qədər sevdiyim Kəlbəcərimdən əlim üzüləndə, uşaqlıq illərimdə qalanlar öz misralarıma düzüldü. Elə bildim ki, dili ağılı nənələrimizin bayatılarından doğulmuşam.
Düzü, nə gizlədim, “Oxuyub adam ol!” - fəlsəfəsini unutmayıb alim də oldum – müqəddsə poetik-bədii sözün qəhrini də çəkdim, qəzəbini də gördüm. Çox zaman qılıncdan kəsərli sözlərim düşmən üçün nizəyə, qılınca çevrildi. Düşmənə nifrinlərimiz qaysaq bağlamayan yurdsuzluq yaramıza məlhəm olmadı. Əlac həm də əldə silah cəngavər oğullarımızın qeyrətinə qaldı!
...Şükürlər olsun, Koroğlumuztək, bir əlimizdə silah, birində isə sülhə çağırış kimi səslənən sözlərimizlə düşmən üstünə yeridik: birimiz ön, digərimiz arxa cəbhədə yağıya divan tutduq.
İşğalda olan doğma torpaqlarımızı azad edən igidlərimiz – Qarabağ və Şuşa fatehlərimiz dillərdə dastana çevrildilər. Dili müdrik kəlamlı qələm adamlarımız bu Zəfərimizi də poetikləşdirdilər. Onlardan biri də sevimli şairimiz Vahid Əziz oldu.
Vahid müəllim bir gün bu şeiri ilə qəlbi yurd niskillilərə üz tutdu:
Bu gün ağır bir gün;
üstəlik də ağrılı.
"Karantin" olduğuçün
hamı evə bağlanır,
üstəlik, "İnternet”də
görüntülü təsviri;
lopalar ağır-ağır,
Kəlbəcərə qar yağır.
Kəlbəcərə qar yağır;
30 il bundan qabaq
görə bildiyimiztək.
Baxıram doğma Yurda,
Bizim "xəbərçilər" də
olayı təsdiqlyir;
Onlar havadan deyir,
düşmən çəkib göstərir.
Eh, o gözəl zamandan
düz bir qərinə keçir,
nə ağırmış bu "görüş"!
Təkcə alovlar deyil,
sopsoyuq qar özü də
adamı göynədirmiş.
Kəlbəcərə qar yağır,
Laçına da yağır qar,
yağır Qubadlıya da,
sərhəd dirəyin yıxmış
qəsbikar erməninin
xaçına da yağır qar.
Cıdır düzü ağappaq,
İsa bulağı qarda.
Düzlərə səpələndik,
dağları uduzaraq,
kəndləri itirərək,
"dostlara" inanaraq,
vədlərə aldanaraq.
Kəlbəcərə qar yağır;
bu qədər yaxın olan
indi o qədər uzaq...
buna necə baxırsan-
Türk "totemi” - Yalquzaq?..
Bu şeirin yazıldığı tarixi yaddaşımızda yaxşı saxlayaq: 24 aprel 2020-ci il. Bilirsiz, erməni şovinizminin dünya xalqlarını bu tarixdə törədilən saxta “erməni soyqırımı” ilə aldadıb?! Vahid Əzizin bu şeiri məhz həmin tarixdə yazılması təsadüfi ola bilərdimi? Qətiyyən! Vahid Əziz “zoribalayan”ların saxta yalanlarını ifşa edir bu səmimiyyəti ilə.
“Kəlbəcərə qar yağır” şeiri yazılanda hələ 44 günlük Vətən müharibəsi də başlamamışdı. Onda yalnız Lələtəpədə Zəfər sevincini bizə yaşadan oğullara yas tuturduq. Onda hələ Qarabağa qan, ya da qar yağdığından xəbərimiz yox idi. Sinoptiklər də aciz qalmışdı xalqımızın yanında. Bilmirdilər ki, Dəlidağ qara bürünüb, yoxsa yalnız başlıbellilərimizin günahsz axıdılan qanına bələnib!
Vahid müəllimin bu şeiri mənim kimi çox yurdsevərləri oyatdı, ayıltdı. Əllərinə qələm və silah aldırdı…
Cəmilə Çiçək
Tədqiqatçı jurnalist,
AYB və AJB-nin üzvü
reklamlar

Digər xəbərlər