O |
,
igidliyi, şücaəti ilə əfsanəyə dönən oğul, yaxud Azərbaycanın, Qarabağın, o
cümlədən Kəlbəcərin əbədi övladına çevrilmiş polkovnik-leytenant Zaur Cəfərov idi.
Tarix yazan oğulları Vətən necə unuda bilər ki?!
Xalq öz şəhid qəhrəmanları ilə fəxr etdikcə, ucalır, böyüyür, sevilir, ciddilləşir.
II Qarabağ müharibəsindəki döyüşlər zamanı oğullarımız qanlarını-canlarını ərmağan
etdikləri Vətənə qəhrəman hünərləri ilə yanaşı, igidlik dərsləri, əsrlərin
yaddaşına yazılacaq unudulmaz dastanlar bəxş etdilər...
İgidliyi, şücaəti ilə əfsanəyə dönən oğullardan
biri də Azərbaycanın, Qarabağın, Kəlbəcərin əbədi övladına çevrilmiş
polkovnik-leytant Zaur Cəfərov idi...
Ümumiyyətlə, ölüm və əcəl gələndə, sanki yalnız
yaxşıları aparır. Vətən müharibəsində yaxşı igidlərimiz erkən getdilər bu
işıqlı dünyadan, şəhid oldular. Amma ömür yolları qısa olsa da, bu ömrü şərəflə
yaşadılar. Həqiqət budur ki, Azərbaycan dövləti, xalqımızla birlikdə onlar da əbədi
yaşayacaqlar.
İnsan nə qədər çalışsa da ki kövrəlmədən hisslərini
ifadə eləsin, mümkün deyil. Zaur həqiqətən igid, mətin, qohumcanlı, ailəcanlı
bir insan idi. Hədsiz vətənpərvərliyi elə o zaman bəlli idi. Xidmət müddəti
bitsə də, o deyirdi: “Azərbaycan torpaqları mənfur düşmənlərin tapdağından azad
olunmayana qədər mən hərbidən uzaqlaşmayacam...”
Veteran babanın qəhrəman nəvəsi
Zaur Hüseyn oğlu Cəfərovun ömür
yoluna qısaca səyahət bəs edir ki, onun bəxtinə, ömrünə, alın yazısına həkk
edilmiş bu əbədiyyət yolçuluğunun fəlsəfəsi, sirləri açılsın. Zaur 4 mart 1980-ci
ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub, ibtidai təhsilinə
1986-ci ildə elə oradakı kənd orta məktəbində başlayıb.
O, məktəbdə əlaçı kimi ad
çıxarmış, həm də fərasətli bir şagird kimi tanınırdı. Ağır zamanlar - Kəlbəcər
rayonu işğal edilən vaxtı Zaurun ailəsi əvvəl Qaxın Tasmalı kəndində məskunlaşıb,
bir müddət orada yaşayıblar. Daha sonra Qaradağ rayonunun Qızıldaş qəsəbəsində
yerləşiblər. Burada Şamaxılı Sərdar adlı
yaşlı bir məktəb direktoru deyirdi ki, pedaqoq kimi təcrübəmdə hələ belə
bilikli şagird görməmişəm, mən çox az sayda şagirdə ürəklə “
Ali Hərbi Məktəbi 2001-ci ildə
yüksək qiymətlərlə bitirib, leytenant rütbəsi alır. Ona Dövlət Attestasiya
Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə "Raket qoşunlarının
artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi,
operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya
silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı"
ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib.
Gələcəyin igidi əvvəlcə Silahlı
Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən birillik zabit ixtisas
kursunu, artilleriya batareya komandiri kursunu, artilleriya divizionu
komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, artilleriya
divizionunun qərargah rəisi - divizion komandirinin müavini kursunu, daha sonra
isə artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən
gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri
arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər
zamanı Zaur Cəfərov yaxından iştirak edib. Gecə döyüşləri zamanı Cəbrayıl
rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o
cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu.
Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış Elmi Şurasının 16 iyun
2016-cı il tarixli qərarı ilə Zaur Cəfərova "Hərbi və dövlət müdafiəsini
idarəetmə" ixtisasının "Hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə)
ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. Ali təhsilin son pilləsini də uğurla bitirdikdən sonra
ona polkovnik-leytenant rütbəsi verilmişdir.
Şirin
söhbət, acı tale, yarıyol-yarımənzil
Qarabağ və sərhəd bölgələrdə gərginləşən
hadisələr zamanı ordumuzun Zaur Cəfərov kimi yüksək peşəkarlıq xüsusiyyəti ilə
fərqlənən zabitlərə böyük ehtiyacı vardı. 2020-ci il iyulun 12-də Ermənistan
Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz
rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından
atəşə tutulması zamanı Zaur Cəfərov "N" saylı hərbi hissənin qərargah
rəisi idi və döyüşlərdə yaxından iştirak edirdi.
Məhz bu səbəblərdən də o,
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan
işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edir.
Acı tale ondan da yan keçmədi: hərbiçilərin sevimli polkovnik-leytenantı
2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən
şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdlərinin
qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək həlak
olmuşdur.
19 oktyabr 2020-ci il tarixində
polkovnik-leytenant Zaur Cəfərovun nəşi əvvəlcə valideynlərinin yaşadığı Bakı şəhəri Yeni
Ramana qəsəbəsinə gətirildi, oradan avtomobil karvanı ilə paytaxtdakı
II Şəhdlər xiyabanına aparıldı. İctimai, ümumxalq yürüşü ilə müşahidə olunan dəfn
mərasimində yüzlərlə vətənpərvər iştirak edirdi: aralarında ictimai xadimlər, mətbuat
və dövlət nümayəndələri də vardı. Qəhrəman şəhid zabitimiz Zaur Cəfərov həmin
gün yaylım atəşi ilə torpağa tapşırıldı...
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin sərəncamları, eləcə də müdafiə nazirinin əmrləri ilə Zaur Cəfərovun
layiq görüldüyü orden və medallar da onun peşəkar bir hərbiçi kimi necə nüfuz
qazandığına dəlalət edir.
Azərbaycan Respublikası
Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 087t №-li 12
may 2016-cı il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
10 illiyi (1991-2001)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının
İxtisaslaşdırılmış Elmi Şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə "hərbi
və dövlət müdafiəsini idarəetmə" ixtisasının "hərbi idarəetmə (əməliyyat-taktiki
səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. Təhsilini
bitirdikdən sonra ona polkovnik-leytenant rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası
Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə
görə" 1-ci dərəcəli medalı və
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi"
yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub
saxlanılmasında xüsusi xidmətlərinə görə 2020-ci il 25 iyun tarixində Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
“İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Zaur Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə
iştirak edib. Oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli
döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən
minaya düşərək şəhid olmuşdur. Zaur Cəfərov 19.10.2020-ci il tarixdə Bakı şəhəri
II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə
ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən
uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə
görə" medalları ilə təltif edilmişdir.
***
Cəfərov Zaurun ailəsigilə görüşməyə gedib övladı ilə
bağlı xatirə toplamaq istəyərkən həyətdəki darvazanın qapısını üzümə atası
Hüseyn müəllin açdı. Onun çiynindən aşağı tökülmüş uzun saçlarını
görəndə tutuldum, biranlıq donub yerimdə qaldım. Özümdən aslı olmayaraq, məni qəribə
hisslər bürüdü. Qarşımda 30 illik vətən həsrətindən, sonra isə övlad (özü də
necə övlad) itkisindən içindəki üsyanla saçlarını uzadaraq Məcnuna çevrilən bir
ata abidəsini gördüm. Düşmənlərdən qisasını alacaq oğlu Zaurun körpəlik illərində
məcburən qoyub gəldiyi Başlıbel kədinə qayıdan zaman kəsdirəcəkdi saçlarını.
Oğulunun qəhrəmanlığından TV əməkdaşlarına, media işçilərinə müsahibə vermir,
ictimailəşdirilməsini istəmir, ancaq oğul itgisindən başına sər gəlmiş dəvriş
kimi həyəti o baş, bu başa dolanır, ya da saatlarca divanda susqun vəziyyətdə
oturur.
Dövlətin ona göstərəcəyi dəstəkdən belə yayınır.
Amma, nədənsə, məndən qaçmaq istəmədi. Bəlkə bu doğmalıq ona eyni yurd-yuvadan
olub, eyni yüklü, eyni dərdi daşıdığımızdan irəli gəldi, buna görəmi mənə qarşı
olduqca həssas davrandı? Bir müddət keçdikdən sonra özümə gəlib, gördüm ki,
Hüseyn müəllimin xanımı Məleykə ana,
dedi:
-
A qızım, niyə ayaq üstə qaldın, keç ev.
Atası Hüseyn müəllim ona verəcəyim
sullarıma verdiyi cavabdan da irpəndim. Çünki ata şəhid oğlu Zaurun dili ilə
dedi:
- Şəhid anaları! Bizi göz yaşı ilə
yox, qürurla yad edin! Siz bizi dünyaya
gətirdiniz, torpaq qəhrəman kimi yetişdirdi! Biz ölməmişik, ölümə meydan
oxumuşuq! Sizin böyütdüyünüz oğullar dünyanın
ən murdar milləti (millət demək olarsa) olan ermənilərin belini
sındıraraq, xəyanətə qurban getmiş Qarabağı, o cümlədən Kəlbəcərimizi özümüzə
qaytardılar! Sizin nəvə-nəticələriniz rus imperiyasının haylara bağışladığı digər
bütün Azərbaycan torpaqlarını da özümüzə qaytaracaqlar!
Bizim məzarımızın üstündə gündüzlər
Türk xalqı, gecələr isə hikmət və müəmma ilə dolu olan Allah-təlanın yaratdığı
mənəvi qanunları olan ulduzlu göy dayanır!
Şəhid anaları!
Övladlarını dolayı yollarla hərbidən
yayındıran məmur valideynlərin yanında başınızı dik tutub, qürurla dayanın.
Onlar sizi görəndə ola bilməzki, xəcalət hissi keşirməsinlr”...
Şəhidimizin anası Məleykə ana Zaurun hələ 4 yaşı
olanda onunla bağlı əziz xatirələri
dilə gətirir: “... Kənd həyatı idi, qapımızda çoxlu hinduşka, toyuq-cücə
saxlayardıq. Qnağımız gələsi idi, mən də cavan gəlin idim. O gün vaxt evdə tək
idim. Öz-özümə dedim: bir nəfər olsaydı, hinduşka-xoruzun birini tutub kəsərdi,
təmizləyib, xörək hazırlayardım”.
O vaxtlar qadın işi çox idi, paltarı,
qab-qaşığı əllə yuyardıq, çörəyi mağazadan yox, xəmir yoğurub özümüz bişirərdik.
Belə, bir sözlə, əziyyətimiz çox idi. Biraz keçmişdi. Qızım həyacanla üstümə
qaçıb dedi:
-
Ay
ana! Zaurun üz-gözü qan içindədi!..
Durub ayaqyalın həyətə qaçdım ki,
görüm nə baş verib. Evimiz Barıtdı çayının kənarında yerləşirdi. Bərk qorxdum
ki, yəqin yıxılıb. Həmişə rəhmətlik qaynatam deyirdi: “...bala, uşaqları gözdən
iraq qoymayın getsinlər, çay aparar”...
Gördüm ki, Zaurun üz-gözü,
üst-başı, əl-ayağı al-qan içərisindədir. Dedim:
-
A
bala, nolub sənə?!
Bir də baxdım ki, hünduşqa
xoruzunu təkbaşına tutub, kəsib, sürüyüb gətirir.
Zaur hələ körpəliyindən bu cür təpərli
və valideyinə canıyanan bir övlad idi.
Rayonumuz işğal olan vaxtlar
aprel ayının 1-də biz də digər kəlbəcərlilər kimi, Murovdağ yolu ilə piyada gəlməliydik.
Ermənilərin atdığı qradlar başımızın üstündən vyıltı ilə keçirdi. Yanşaq kəndinin
dərəsinə kimi gəldik. Yol elə dumanlı idi ki, göz-gözü görmürdü. Buna görə
veteran, dili Quran kəlməli qaynatam
atın üstündə idi. Bizdən biraz qabaqda gedirdi ki, bəlkə yolu azmayaq. Atın
cilovunu Zaur çəkirdi. Birdən atın ayağı
ilişib zərbə ilə, dibi qaz-ördəklə dolu olan böyük bir qoz ağacına dəydi.
Ağac o yana aşdı, qazların tükü göyə
sovruldu. İnandırım ki, həmin an biz dərənin dibində olduğumuz üçün ağac üzərimizə
aşsaydı, birimiz də sağ qalmazdıq.
Bu an əlində bir hinduşka sümüyü
və içki şüşəsi, çiynində avtomat, sərxoş əsgər gəlib Zaurun qolundan tutub onu
məcbur etdi ki, “gəl gedək, mənimlə birgə
bu avtomatla ermənini vuraq”. Əsgərin sərxoş olması məni çox qorxutdu. Çünki
artıq üç gün idi ki, piyada yol gəlirdik, ona görə də heydən düşmüşdük:
yorğun-arğın, həm də yer su, palçıq olduğuna görə, üst-başımız pis gündə, yəni
palçıq idi. Zaur VII sinifdə oxuyurdu. Əsgər əl çəkmədiyi üçün Zaur avtomatı
düşmən tərəfə tuşlayıb atdı. Zaurdan soruşdum:
-
Bala,
qorxdunmu?!
Dedi ki, yox, ay ana, narahat
olma. Yolumuza davam edib, qaynatama çatdıq. O da yaşlı, ağırçəkili adam,
üst-başı palçıq, gücdən düşüb, yeriyə bilmirdi. Bunu görən Zaur üzünü babasına
tutub nə desə yaxşıdı?
- Baba, qorxma, gələcəkdə hərbiçi
olub, ermənilərdən bütün qisaslarımızın hamısını alacam.
O, bunları deyib, babasının
qolundan tutub onu güclə ayağa qaldırdı. Hava o qədər soyuq, çiskinli idi ki,
tez-tez bir-birimizi itirirdik. Zauru 2 saat itirdim, sonra gördüm yoldan bir
yorğan tapıb, ona bürünüb gəldi...
Zaurun 20 yaşı olanda ad günü
münasibətilə ona “italyanski” qızıl üzük almışdım. Bir gün gördüm ki, üzük
barmağında yoxdur. Səbəbini soruşanda dedi:
- Ana, Naxçıvanda iş yoldaşımın
uşağı ağır xəstə idi. Çox kasıb idilər, övladının müalicəsi üçün üzüyü verdim,
götürmədi, satıb onun övladının müalicəsinə xərclədim.
Dedim:
-
Bala,
yaxşı eləmisən...
Zaur belə, ürəyiaçıq, həssas oğlan idi.
...Naxçıvanda xidmət eləyəndə bir
ay yanında qaldım. Vaxtı az olsa da, məni aparıb Əsshabi-kəf ziyarətgahını gəzdirirdi.
Yaxınlıqda müalicəvi, kükürdlü su vardı, istifadə edirdik. Bir gün dedim:
- Ay Zaur, buradan necə də Kəlbəcərin
gül-çiçəyinin qoxusu burnuma gəlir.
Mənə gülümsəyərək sualla cavab
verdi:
-
Ana,
əlini uzat görüm hansı tərəfdən gəlir o qoxu.
Əlimlə həmin istiqaməti göstərib
dedim:
- Bala, bu tərəfdən.
- Ana, Allaha and olsun ki,
istiqaməti düzgün göstərdin. Kəlbəcər elə bu istiqamətdədir, Elə bu gözəl qoxu
həmin tərəfdən gəlir.
Oturub, dil deyib ağladım.
Dedi:
-
Ana,
qorxma, o gün uzaqda deyil, vallah, az qalıb.
Dedim:
-
Ay
bala, Kəlbəcər nə gəzir, day getdi...
Dedi:
- Yox, ay ana, inşAllah,
yaxınlarda səni aparacam Kəlbəcərə.
İlk dəfə xidmətə göndərilən vaxt
Bakıda xəngəl kəsib qurudub (bizlərdə təpitmə deyirlər) uşaqlara verib, təyyarə
ilə Naxçıvana yola salırdılar. Naxçıvan
o vaxtlar mühasirədə olduğundan,
orada aclıq idi: çörək tapılmırdı. Təpitməni alandan sonra iş yoldaşına deyir
ki, sən get evdə suyu qaynadıb xəngəli tök qaynasın, içməli su alıb gəlirəm.
Sonra mənə dedi:
-
Ana,
bəlkə də dörd günü o xəngəllə başa vurduq.
Elə həmin il bir dəfə qaça-qaça gəlirmiş,
görüb ki, ayağının altında bir əsgər yıxılıb qalıb. Əl atıb ki, onu qaldırsın,
qolu əlində gəlib. Baxıb ki, əsgər öldürülüb. Gəlib komandirə məlumat verib, nəşi
təxliyə edirlər. Erməni vəhşiliyinə qarşı nifrəti bundan sonra daha da artmışdı
Zaurun.
2016-ci ilin Aprel döyüşlrində
bizimkilərdə çox itki vermişdi. Yaxın dostu, kursant yoldaşlarından biri polkovnik-leytenant
Samid İmanov da həmin döyüşlərdə şəhid olmuşdu. Onun geridə bir övlad yadigarı
qalmışdı. Zaur bundan çox sarsılmışdı. Həmin vaxt kursda idi.
Onun bu halı məni ciddi narahat
edirdi. Bir gün soruşdum ki, nə olub sənə?
Mənə səbəbini dedi. Heç vaxt onun
ağladığını görməmişdim, amma Samidə görə göz yaşlarını saxlaya bilməyib, səhərə
kimi yuxu yatmırdı. Getdi həkimə, həkim müayinə etdikdən sonra deyib ki, get
bir dağda-daşda, nəbilim, nəsə bir sakit yerdə möhkəm qışqır, ağla, içini
boşalt, əks halda, sənin ürəyin partlayacaq.
Sentyabrın 8-də iki günlük müddətə
evə gəldi və gecəikən gedib dostunun məzarını ziyarət etdi. O qədər üzünə nur gəlmişdi
ki...
Dedi:
- Ana, sənin hazırladığın kartof
püresi üçün yamanca darıxmşam. Burnuma qoxusu gəldi.
Dedim:
- Bııy, nə çətin şeydi, ay bala,
elə indi bişirim.
- Yox, ana, sabah bişirərsən. Hələ
evdəyəm.
Sabahısı gün tezdən ona zəng gəldi.
Dedi:
- Ana, gedəsi oldum, sonra bişirərsən.
- Ay bala, vallah, ürəyimdə
qalacaq, qal, istədiyin yeməyi hazırlayım.
Nə qədər çalışdım, qalmadı,
getdi. Balamın axır gedişi oldu. Hər dəfə əlimə kartof alanda ürəyim
parçalanır.
Deyirdilər ki, ana ayaqlarını
suya qoyanda Allah onun dualarını daha tez eşidir. Ayaqlarımı suya qoydum,
Allaha yalvardım. Yəqin Allahın buna görə acığı tutdu ki, “mən yaratmışam, sən
kimsən?!” Bu səbəbdən özümü günahkar sayıram.
Gecə-gündüz həyətdə o baş-bu başa
gedib, gah da ayağımı suya qoyub Allaha dua edirdim. Günorta saat 12 olardı,
kiçik gəlinim dedi ki, ay ana, bir beşcə dəqiqə başını yastığa qoyub yuxunu
al. Gecə sabaha kimi yuxum ərşə çəkilmişdi.
Gəlinin sözündən çıxmadım. Gözümü yenicə yummuşdum. Gördüm ki, Kəlbəcərdəki
evimizdə qoyub gəldiyim təzə narıncı rəng pakrıvalı gətirmişəm, amma yanıbdı.
Buna görə özümü möhkəm döyürəm, təəssüflənib deyirəm: “balam, balam, bu çox təzəydi,
niyə yandı?! Canımı yandırdı! Belə deyib peşman
oluram. Sonra pakrıvala yamaq vurdum və bu an yuxudan dik atıldım.
Qızıma zəng edib dedim ki, Şəhla, ürəyimə damıb, Zaur yaralandı.
Şəhla mənə təsəlli üçün telefonda
dedi:
- Ana, nə bilirsən?! Bu dəqiqə
onunla danışmışam, hər şey yaxşıdı.
Dedim:
- Yox ey, vallah, Zaurun başında iş var, ya yaralanıb,
ya da şəhid olub.
Şəhla bir də məni sakitləşdirmək
üçün dedi:
-
Axı,
nə bilirsən ay ana, yazıq deyilik?!
Bildirdim ki, bu dəqiqə belə bir
yuxu gördüm.
Zaur artıq şəhid olmuşdu.
Zaurumun balası Həsən də yuxusunu mənə danışıb dedi:
- Yuxuda gördüm atam maşınla gəlib,
mənə dedi ki, gedək şəhərə gəzməyə. Bir
də gördüm ki, maşını sürən İmam Əlidi, atam isə oturub onuun yanında.
Bir dəfə də ayaqlarım möhkəm
ağrıyırdı, topuqlarım şişmişdi, yeriyə bilmirdim, hələ axşamnan idi,
uzanmışdım. Yuxuda gördüm ki, budaqlarını əymiş böyük gözəl bir ağacın kölgəsində,
çayın kənarındayam. Ətraf göyçəmənlik idi. Otlar uzun və yaşıl ipək kimi
parıldayırdı. Zaurun 4 yaşı var, gəlib yanımda oturub dedi:
-
Ana,
nolub sənə?
Dedim:
-
Bala,
ayaqlarım yaman ağrıyır.
O, yaxınlaşıb corabları ayağımdan
çıxarıb arası çiçəklərlə dolu olan ipək kimi yaşıl otları ayaqlarıma bükdü və
dedi ki, bu, sənin ayağının ağrısını kəsəcək.
Allahın adına and olsun ki,
yuxudan oyananda ayaqlarımda həmin ağrıların
doğrudan da yoxa çıxdığını hiss etdim. Bu gün də ayaqlarım ağrımır. Zaur
bala yuxumda belə dərdimə dərman olmağı bacarmıdı”...
Cəmilə Çiçək/Zekainfo.az
Prezident təqaüdçüsü,
flologiya üzrə fəlsəfə doktoru