İki cinayətkar (Hekayə)

İki cinayətkar                                             (Hekayə)
Mədəniyyət 20 Dekabr 2024 - 10:02


 

     Hava soyuq idi. Dənizdən əsən külək getdikcə artır, sahil boyu əkilmiş bəzək ağaclarını fırfıra kimi oynadırdı. Adamlar yavaş-yavaş oradan uzaqlaşırdılrar. Sahilə lap yaxın oturacaqların birində əyləşmiş orta yaşlı nimdaş gödəkcə geymiş bir kişi cibində gətirdiyi qəzet bükümünü çıxarıb yan tərəfinə qoydu. Qəzeti aralayıb, içindəki çörəkdən bir çimdik qoparıb ağzına aldı. Qəzetin arasında dilim-dilim doğranmış kolbasa və bir baş soğan vardı. O, soğanı ovcuna alıb sıxdı. Əzilmiş soğanı lay-lay aralayıb ağzına aparmaq istədikdə bir qadın gəlib yanında əyləşdi. Başı yaylıqla bağlı, əynində kişi paltosu olan qadın yazıq-yazıq onun ağzına baxmağa başladı. Kişi qadının ac olduğunu gözlərindən oxudu. Olanından bölüb “qonağına” uzatdı. Qadın çörəyi iki əlli qapıb ağzına soxdu. Onlar yeyib qurtarandan sonra bir-birinin üzünə baxdılar. Qadın günlərlə su dəyməyən çirkli əlini kişiyə uzadıb: – Adım Rimadır  – dedi.

         Mənim də adım Əlləzdir, tanışlığa görə şadam.

Taleləri, tələbatları, səfillikləri biri-birinə uyğun olan kişi və qadın özləri haqında danışdılar. Məlum oldu ki, onların ikisi də məhbus həyatı yaşayıb. Əvf fərmanı hər ikisini azad etsə də, həyatın amansız girdabına atmışdır. Rimanın heç kimi, heç nəyi yox idi. Əlləzin şəhər kənarında uçuq-salxaq bir daxması vardı.Yavaş-yavaş hava qaraldığından onlar daha mehriban olub sevgililər kimi yaxın oturdular. Nə qədər olmasa Rimanın qadın cazibadarlığı qalmışdı. Əlləzin təklifi ilə onun evinə gəldilər. Uzaqdan müqəvva qaraltısı kimi görünən bu tanışlar yuyundular. Köhnə-kürüş yorğanın altına girib ər-arvad kimi yatdılar. Səhər tezdən Rima durub qadın əlini işə salaraq komanı evə oxşatdı. Çirkli nə vardısa, vannaya doldurub yudu. Bir sözlə həm ev, həm də nigahsız  ailə özünə gəldi. Günlər keçdi. Əlləz hərdən köhnə paltar geyinib dilənçilik etdi.

Ona rəhmi gəlib, yardım edənlər çox olduğundan axşamlar xeyli pul gətirərdi. Sonralar bu “asan üsul”dan hər ikisi istifadə etdiyindən, özlərini əməlli-başlı düzəltdilər. Bir ildən sonra Rima doğum evində bir oğlan dünyaya gətirdi. Əlləz çox sevindi. Uşağın bir yaşı olanda həm Rima ilə nigaha girdi, həm də oğluna yaş kağızı aldı. İki il belə yaşadılar. Əlləz tüfeyli həyat yaşamaqdan əl çəkib, maşın yuma sexində işə düzəldi. Cüzi də olsa, evə maaş gətirdi. İki yaşı olanda qəflətən xəstələnən uşaq dünyasını dəyişdi. Onu gizli bir yerdə torpağı qazıb basdırdılar. Bir il də keçdi. Bir oğulları da dünyaya gəldi. Ona da rəsmi qaydada doğum haqqında şəhadətnamə aldılar. Təsadüf nəticəsində bu uşaq da iki yaşı tamam olmamış xəstələnib, dünyasını dəyişdi. Bir-birinin üzünə baxıb kədər içində olduqları zaman Əlləz beynində planlar cızırdı. Bir gün o dedi:

– Rima, bilirsən nə var? Görünür, məhbus həyatı bizim hər ikimizin iliyinə işləyib. Onsuz da Allah əməllərimizi bağışlamır. Sənə sözüm budur ki, uşaqların yaş kağızını xəlvət bir yerdə gizlət, itməsin, sonra mənasını açıqlaram.

İki ay keçməmiş Əlləz yaşadığı evini satıb şəhərdən aralı, gözdən-könüldən uzaq bir yerdən yeni ev aldı. Və arvadına dedi:

– Rima, ölən uşaqlarımızın yaş kağızları və şəkilləri var. Hesab edək ki, uşaqlarımız ölməmişlər. Hərəsinə oxşar bir uşaq oğurlayıb saxlayarıq. Plan baş tutanda hər şeyi sənə açıqlaram. Ancaq bir şərtim var. Bu oğurluq işində sən də mənə kömək etməlisən. Mən də qadın paltarı geyinərəm. Sən özünü qaraçıya bənzədər, uşağımıza oxşar uşağı olan bir ananın falına baxmaq adı ilə başını qatarsan. Mən fürsətdən istifadə edərək uşagı oğurlaram.

Əlləzinin planının sonrasından xəbərsiz Rima onun dediyi kimi sir-sifətini bir az da qaraldıb, özünü qaraçıya oxşatdı. Onlar birlikdə həm dilənçilik etmək, həm də fala baxmaq adı ilə “ova” çıxdılar. Uzun axtarışdan sonra bir yerdə həyətdən kənarda oynaşan uşaqları gördülər. Rima oğluna bənzəyən uşağı görsədib dedi:

– Mən evə girib anasının başını qataram. Sən də dəsmala tökdüyün bihuşdarını uşağın burnuna tutduqdan sonra çarşabın altına alıb aradan çıxarsan.

Rima evin qapısını döymək istədi. Qapı açıq olduğundan:

– Ev yiyəsi, ev yiyəsi,  Allah adamıyam mənə bir içim su ver – dedi. Xalatının sinəsi açıq, saçları çiyninə tökülmüş qadın əlində fincan dolu su ilə çıxanda gördü qaraçı arvadıdır. Əvvəl istədi verməsin, ona yazığı gəldi. Qaraçı suyu qurtaqurtla içib, fincanı qaytaran zaman dedi:

         Ay gözəl gəlin, gəl sənin baxtına baxım.

         Eh mənim nə baxım var ki, ona da baxasan.

– Yazıq bacım, sən düz yoldasan. Düşüncələrin gerçəkdir. Ərin özgə qadınla əlbir olub, qazancını ona yedirdir. Sizi ac-susuz saxlayır. Hələ üstəlik başqa bir qadının da onda gözü var. Aman, aman sizi fəlakətlər gözlədiyini apaydın görürəm, – deyəndə qadın  huşunu itirdi. Vəziyyətdən istifadə edən Rima aradan çıxdı. Onların planı baş tutdu. Uşağı öz oğullarının adı ilə Mahmud deyə çağırmağa başladılar. Əlləzin qurduğu plana əsasən ikinci uşağa da əvəz tapmalı idilər. Mahmudu yedirdir-içirdir, özlərinə uyğunlaşdırırdılar. Uşaq da pişik balası kimi “ata-anasının” sözünə baxırdı. Artıq onlar ikinci uşağa da əvəz tapmış, onu da Əvəz adlandırmışdılar. Ata var, ana var, sənəd var, sübut var. Əlləz bu evini də satıb, onu heç kəsin tanımadığı bir yerə köçdü.

Hər iki uşaq – Mahmud və Əvəz böyüyüb dörd-beş yaşa çatmışdılar. Tanınmaz olmuşdular. Rima hamam deyilən yerdə vanna qoyub Mahmudu çimizdirirdi. Əlləz pıqha-pıqla qaynayan dolu çaydan əlində onların yanına gəldi. Yalandan bir bəhanə tapıb, Rima ilə söz güləşdirdi. Guya hirsindən çaynikin lüləsini uşağın sağ tərəfinə tutub suyu axıtdı. Vannada çimən Mahmud qaynar sudan göyərdi. Demək olar ki, uşağın bir qolu, bir ayağı yanıb pörşələndi.

– Vay, vay, mən nə etdim? – deyə Əlləz qışqırdı və uşağı mələfəyə büküb xəstəxanaya apardı. Həkimlər yazıq uşağı ölümdən qaytardılar. Bir neçə aydan sonra evə buraxılan Mahmud tamamilə tanınmaz olmuşdu. Onun bir qolu bükülmüş, bir ayağı da qısalmışdı. Yeriyəndə əcayib görkəm alırdı. Sifətinin parası şırımlanmış, qulağı da yanaraq qızıl gül kimi bükülmüşdü. Əlləz əməlindən sevinirdi. Ona görə ki, Mahmud dilənəndə ona tamaşa edən hər kəsi məyus etdiyindən başından pul tökəcəkdilər. Əlləz Əvəzin də sifətində çapıqlar qoymuş, qıçınınsa birini sındırıb eybəcər hala salmışdı. Heç cür tanınması mümkün olmayan uşaqlar axşamacan küçələrdə dilənir, yığılan pulların hesabına Əlləzlə Rima kef çəkirdilər. Əlləz vaxtı ilə qurduğu planın məğzini söyləyəndə Rima təcüblənmədi. O, ərinin ürəyindəkiləri bir qaraçı kimi çoxdan oxumuşdu.

Günlərlə uşaqlar küçələrdən yığılmır, dilənib iki cinayətkarı yedirdir, içirdir, özləri isə qarın dolusu çörək yemirdilər. Onları gələn pullar o qədər qudurtmuşdu ki, hər ikisi hər gün lülqənbər olurdular.

Artıq uşaqlar böyümüşdülər. Mahmudun on dörd, Əvəzin on üç yaşı vardı. Peşəkar dilənçi olmuşdular.

– Nəhayət, günlərin birində “yetiməm, baxanım yoxdur, Allah rizasına çörək pulu verin” deyib, dilənərkən polislər tökülüşdülər. Mahmudla Əvəz hərəsi bir tərəfə qaçıb canlarını qurtara bildilər. Bundan sonra daha əvvəlki kimi “qazana” bilmədilər. Vəziyyət tamam dəyişdi. Küçələrdə əməlli-başlı qayda-qanun yarandı. Bir nəfər də olsun dilənçi qalmadı. Əlləz məsələni öyrəndi. Doğurdan da şəhər dilənçilərdən təmizlənmişdi. Əvəz orda-burda işləyir. qəpik-quruş qazanırdı. Mahmud hələ özünə iş tapmamışdı. Çöl tərəfdə pəncərənin altında otururdu. Birdən “ata-anasının” söhbətini eşitdi. Rima Əlləzə deyirdi:

        Acından  ölməmiş bir iş tap, işlə.

        Hələ də dəm olan Əlləz onun ağzını əydi:

– Öz balalarımızı öldürdün. İndi mən küçədən oğurladığımız uşaqlramı baxmalıyam? Burax, gedib hərə öz başına çarə qılsın.

Rima bir az da hündürdən:

– Sən bu yazıqlarda çarə qılmağa halmı qoydun.  Birini yandırdın, o birini də topal-şil elədin!

Əlləz yerindən sıçrayıb Rimanı döyməyə başladı.

Mahmud heç nə eşitməmiş kimi evdən aralandı. Artıq üstündən neçə il keçib, kimə şikayət etmək olardı? Necə sübut edə bilərdi? Yaş kağızında da adı və soyadı Hacıyev Mahmud Əlləz oğlu yazılıb.

Uzun düşüncələrdən sonra Mahmud Əvəzi də bu cinayətkarlardan xilas eləmək qərarına gəldi. Teleknala üz tutdu. O, Əvəzi olanlardan agah etmişdi. Teleaparıcı onları qəbul etdi. Mahmudla Əvəzin başına gələn müsibətləri öyrəndikdən sonra xalqa müraciətini bildirdi:

– On üç-on dörd il bundan qabaq kimin uşağı oğurlanıbsa, itibsə xahiş edirik, bizə müraciət etsinlər.

Əlləz televizoru açanda Mahmudla Əvəzi ekranda gördü. Aparıcının müraciətini də eşitdi. Rima ilə hər ikisi elədikləri cinayətə görə bir də məhbəsə düşəcəklərindən qorxdular. Tələsik otaqdan çıxan Əlləzin hara getməsi Rimaya məlum olmadı. Sonradan o biri otağa keçəndə gördüyünə inanmadı. Əlləz özünü asmışdı. Qorxudan yerində donub qaldı. Nə etdiyini özü də anlamadan yerini bildiyi neftlə dolu lampanı evə səpələyib, od vurdu. Şiddətli alovun içində Rima, özünü iplə asdı. Ər-arvadın hər ikisi yanıb kül oldu.

 

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.

reklamlar

Digər xəbərlər