
Aidə rəfiqəsi Rimanın ad günündə idi. Çox da böyük olmayan məclisdə
ailənin yaxınları, iş yoldaşları, işatirak edirdilər. Yeyib-içir, musiqi dinləyir,
rəqs edirdilər. Axşam arxada qalır, artıq gecə düşürdü.
Aidə saata baxdı.Yaxınlaşıb Rimanın qulağına pıçıldadı.
–
İcazə versən mən tərpənərdim. Bilirsən ki, uzaqda
yaşayıram.
Rima ayağa qalxaraq gəldiynə, iştirak etdiyinə görə təşəkkür etdi və
onu birinci mərtəbəyə qədər ötürdü.
Aidə yaxınlıqdakı dayanacağa gələn kimi gedəcəyi marşrut avtobusu
qarşısında dayandı. Gecə olduğundan avtobusda adam az idi. İş-güc adamları
çoxdan çəkilib evlərinə getmişdilər. Yaşadığı yerə çatanda dayanacaqda
avtobusdan düşdü. Orada da bir kişi başını əlləri arasına alıb büzüşmüşdü. Aidə
evinə doğru addımladı. Dayanacaqdan iyirmi-otuz adım aralanmışdı ki, qəflətən
ağacların arasından iki oğlan çıxıb onun üstünə cumdu. Biri əlində bıçaq
tutmuşdu. O biri boğuq səslə:
– Çantanı ver, – dedi və Aidəyə
bir şapalaq vurdu. Qız səndirləyib yıxıldı.
Əlində bıçaq olan, məqamdan istifadə edərək, onun çiynindən aşırdığı
çantanın qayışını kəsdi. Aidə bərkdən qışqırdı:
–
Kömək edin!
Bir anda haradansa peyda olan adam haraya çatıb, bir neçə zərbə ilə
soyğunçuları yerə sərdi. Qollarından tutub, qaldırmaq istəyəndə, Aidə ayağa
qalxa bilmədi. Adamın başının qıza qarışmasından istifadə edən soyğunçular
qaçıb aradan çıxdılar.
– Sizə nə oldu? Yoxsa yıxılanda ayağınız sındı – deyən adam əlləri ilə
Aidənin dümağ baldırını sığalladı.
–
Yəqin ayağım dabanımdan burxuldu. Dikdaban ayaqqabı
yıxılmağıma səbəb oldu.
Adam var gücü ilə Aidəni ayağa qaldırdı. Onun taqəti yox idi.
–
İcazə verin, qolunuza girim, sizi evinizə qədər
ötürüm.
Aidə öz xilaskarına razılığını bildirdi. O, qıçını çəkə-çəkə,
ufuldaya-ufuldaya evinə çatdı. Həyət evində yaşayırdı. Evi ona rayonda yaşayan
atası almışdı. Hələlik tək idi. On yaşlı qardaşı da böyüyəndə ali məkəbə qəbul
olsa, onunla birlikdə yaşayacaqdı.
Ağacdan olan bir taylı iri qapını açmağa da bu xilaskar adam kömək elədi:
– Daha özünüz gedə bilərsiniz ? – deyə soruşdu. Amma Aidə addımını belə atmağı
bacarmadı. Yenə xilaskarın köməyi ilə qapı açıldı, evə daxil oldular. O, Aidəni
geniş qonaq otağının divarı dibində olan qoltuqda oturtdu.
Əyilib ayaqqabılarını çıxartdı. Sınığı olub – olmadığını yoxlamaq
üçün qızın ayağını sağa-sola əydi. Aidə ayağının bərk ağrıdığını söylədi. Sonra
şkafın siyirməsində bint-spirt olduğunu dedi. Xilaskar bint, spirt, qayçı gətirib
Aidənin ayağının ağrıyan yerinə çəkdi və sarıdı. Qız bir az sakitləşdi. Dönüb
xilaskarına baxdı. Üzünü tük basmış, baxımsızlıqdan ovurdları çökəlmişdi. Qalın
qaşları altındakı gözləri çox canlı idi. Özü də Aidədən cəmi bir neçə yaş böyük
olardı.
Aidə mətbəxdə görünən termosu göstərib dedi:
–
Zəhmət olmasa, stəkan-nəlbəkini, termosu gətirin,
çay içək.
Sanki adam onun qulluqçusu idi. Qızın hər sözünü yerinə yetirirdi.
Çay içən zaman Aidə onun gözlərinin içinə baxdı:
– Məni xilas etdiniz, indi söyləyin görüm, siz kimsiniz? Haralısınız?
Gecə vaxtı dayanacaqda nə
edirdiniz? Naməlum adam əvvəlcə istədi
heç nə demədən dönüb getsin. Amma bacarmadı. Axı, gedəsi bir yeri, bir kimsəsi
yox idi. Bəs öz əli ilə məhv etdiyi həyatını bu gözəl xanıma necə söyləsin
indi? Söyləsin ki, uşaqlıqdan yetim olmuş, oğurluq üstündə iki dəfə həbsxanaya
düşübdür. İndi otuz iki yaşının içində, nə ailə var, nə də ev-eşik! Sanki onu həyat
imtahana çəkirdi. Sanki, imtahan götürən bu gözəl qadın, kim bilir, ya ona qiymət
verəcək, ya da yenidən həbsxanaya saldıracaq. Odur ki, ağlına gələn bir yalanı
uydurmağa başladı:
– Adım Rasimdir. Hərbi xidmətdən sonra Moskvaya işləməyə getdim.
Alverə başım qarışdı. Qoca atam və anam öləndə xəbərim olmayıb. Könlümdən keçdi
ki, yurduma dönüm. Gələndə eşitdiklərim və gördüklərim məni məyus etdi.
Ata-anamın ölümündən sonra artıq bir daha geri qayıtmayacağımı qət etdim, əmim
öz ailəli oğlunu bizim evə köçürmüşdü. Gec gəldiyimi, valideynlərimə
baxmadığımı əsas gətirərək, əmilərim və digər yaxın qohumlar sözü bir yerə
qoyub məni qovdular. Şəhərə gəldim. Bir az işlədim, axırda iş yerim də ixtisara
düşdü. Qaldım küçələrdə...
Aidə
yaşarmış gözləri ilə öz xilaskarına baxdı. Düşündü... İstər oğlan olsun, istər
qız, tale insandan küsəndə bədbəxtliklər başlayır. Yazığın nə atası, nə anası
var. Əmisi də çoxdan mülkü öz adına keçirib. Odur ki, Rasimə yazığı gəldi. O,
ayağa durub getmək istəyəndə:
–
Gecənin bu vaxtı hara gedirsən? Qal, bir şey fikirləşərik.
– dedi və əlavə etdi
–
Keç hamama, yuyun. Orda lazım olan hər şey var.
Üzünü qırxmaq istəsən, təzə cilet-ülgücdən də istifadə elə.
Əmrə
müntəzir dayanan Rasim Aidənin dediklərinə əməl etdi. Hamamdan çıxanda Aidə
onun yatması üçün yer də hazırlamışdı. Mizin üstündə təzə süzdüyü çayın yanında
mürəbbə də vardı. Uzun müddət qadın qulluğu görməyən Rasim buğlana-buğlana təşəkkürünü
bildirəndə Aidə təsadüfi qonağın kirli köynəyini görüb atası üçün çoxdan aldığı
sızıxlı köynəyi gətirdi və ona uzatdı.
–
Atam üçün almışdım, sənin qismətinmiş. Atama
yenisini alaram.
Rasim köynəyi geyindi. Köhnə Rasimdən qalan bircə saqqalı idi. Aidə
soruşdu:
–
Bəs saqqalını niyə qırxmadın? – deyə Aidə
soruşanda, çiyinlərini çəkdi:
–
Görünür, köhnə həyatımla vidalaşmaq mənim üçün
ağırdır.
Aidə dərindən tanımadığı bu
insana bircə cəhətinə görə inanırdı. Çünki o, öz millətinin balası idi.
Cüzi göstərişlər verəndən sonra Aidə öz yataq otağına keçdi, qapını
da arxadan bağladı. Səhər tezdən o, oyanıb qonaq otağına keçəndə Rasim qalxmış,
üstünə örtdüyü mələfəni qatlayıb balıncın altına qoyub oturmuşdu. Aidənin
ayağının ağrısı keçib getmişdi. Artıq sərbəst hərəkət eləyə bilirdi. O, Rasimə
də, özünə də çay süzdü, səhər yeməyini yedilər.
Birlikdə evdən çıxıb, bir-birinə heç nə demədən avtobus dayanacağına
gəldilər. Aidə avtobusa minib işə getdi. O, liseydə müəllim işləyirdi. Aldığı
maaş özünü dolandırırdı.
Axşamüstü Aidə işdən evə qayıdanda gördü ki, Rasim qapının böyründə
daşın üstündə oturub. Onlar bir-birinə baxdılar. Aidə dedi:
–
Rasim, getməyə yer tapa blmədin?
–
Bəli, hara gedəcəyimi bilmədim. Sizin kimi mərhəmətli
insanlar yoxa çıxıblar – dedi.
Aidə qapını açdı. Onlar içəri daxil oldular. Bu vəziyyəti anlamaq çox
çətin idi. Onlar nə dost, nə sevgili, nə də qohum idilər. Yad bir kişinin subay
xanımın yanında qalması nə dərəcədə
düzgün olardı?! Sadəcə olaraq, Rasimin bir az xeyirxahlığı onları birləşdirmişdi.
Bu birlik bir neçə gün davam etdi. Aidə Rasimin kimsəsiz olduğunu bildiyi üçün
qapının açarının birini ona verib dedi:
– Rasim qardaş, hələlik burda qal. Özünə iş tap, başına çarə qıl. Hər
bir hərəkətin də öz həddi var. “Qardaş” sözü Rasimi çıxılmaz vəziyyətdə qoydu.
Demək, Aidənin ona etdiyi xeyirxahlıq mərhəmətdən başqa bir şey deyilmiş. O,
apaydın demək istəyirdi ki, səndən mənə yar olmaz.
Günlərin birində Aidə işə getdi, Rasim evdə tək qaldı. Pəncərədən
baxanda, qonşunun açıq aynasından içərini gördü. Diqqətlə baxıb, evdə adam
olmadığını özü üçün tam olaraq aydınlaşdırdı. Evdəkilər çıxıb iş-güc dalınca
getmişdilər. İllərdən bəri adət etdiyi pis vərdişini tərgidə bilməyən Rasim
qeyri-ixtiyari həyətdən keçib, aşıq pəncərəyə yaxınlaşdı. Meymun kimi bir göz
qırpımında sıçrayıb içəri keçdi. Evdə axtarış edərək nə tapdısa bir çamadana
yığdı və cəld hərəkətlə Aidənin evinə qayıtdı. Heç nə olmamış kimi qapını
bağlayıb, açarı qapının yanında cərgələnmiş
ayaqqabıların birinin içinə, ayaqqabını da düz qapının girişinə qoydu və
oradan uzaqlaşdı. Axşamüstü işdən qayıdan Aidə giriş qapısının açıq olduğunu
gördü. Düşündü ki, Rasim yəqin iş tapmayıb, evə qayıdıb. İçəri qapıya çatanda
qapının bağlı olması, illah da, qapının ağzına qoyulmuş çəkələk onu şübhələndirdi.
Çəkələyi əlinə alıb yuxarı qaldıranda açar cingilti ilə yerə düşdü. Deməli,
Rasim birdəfəlik getdi. Aidə üçün bunun elə bir əhəmiyyəti yox idi. Sadəcə,
yaxşılığın əvəzinə yaxşılıq eləmişdi, vəssalam.
O, çay içib, hamama girdi. Hamamdan çıxanda qulağına qışqır-bağır səsləri
gəldi. Çox keçmədən polislər qonşunun evinə doluşdular. Sonra da çıxıb getdilər.
Artıq bir neçə gün keçmişdi. Aidə kriminal xəbərlərə baxırdı. Aparıcı oğurluq
edənləri təqdim edirdi. Birdən oğruların birini göstərdilər. Aidə onu tanıdı.
İki dəfə məhbus həyatı yaşayan Rasim üçüncü dəfə ilişdi. Gözlərinə inanmayan
Aidə düşdüyü vəziyyətdən ziyansız qurtardığı üçün sevindi. Nə yaxşı ki, Rasimi
bir kişi kimi sevməmişdi. Ona yalnız qardaş münasibəti bəsləmişdi. ...Bədbəxt
insan! Gör özünü nə günə salıb! Görünür, oğurluğa vərdiş etdiyindən əməlini tərgidə
bilmir. Yazıq...Yazıq...
Cəmilə
ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az