VP sədri Adəm İsmayıl Bakuvi: “Elmi nailiyyətlərin milli inkişafla, texnoloji modernləşmə ilə əlaqələndirilməsi son dərəcə vacibdir”

VP sədri Adəm İsmayıl Bakuvi: “Elmi nailiyyətlərin milli inkişafla, texnoloji modernləşmə ilə əlaqələndirilməsi son dərəcə vacibdir”
Siyasət 04 Noyabr 2025 - 13:24

“Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev elmin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayaraq, AMEA-nın fəaliyyətinin ölkənin müstəqil inkişaf strategiyasının bir parçası kimi dəyərləndirilməli olduğunu söylədi.

Bu baxımdan, elm yalnız laboratoriyalarda məhdudlaşmır. Elm dövlət strukturlarının prioritetləri ilə sinxron şəkildə formalaşmalı və praktiki nəticələrə yönəlməlidir. Azərbaycan kontekstində isə bu inteqrasiya, post-müstəqillik dövründə sıx siyasi və iqtisadi dönüşüm şəraitində daha da mühüm rol oynayır. Dövlət quruculuğu, iqtisadi şaxələndirmə, texnoloji müasirlik kimi yönlərdə elm-siyasət qarşılıqlı təsiri artırılmışdır. Belə bir müstəvidə Akademiyanın yubiley tədbirində göstərilən dövlət səviyyəli diqqət, elmi təşkilatın yalnız simvolik statusda deyil, real siyasi və iqtisadi gündəmin iştirakçısı olduğunu göstərir. Bu da öz növbəsində intellektual institutların legitimliyini gücləndirir və dövlət-elm ittifaqını daha strateji səviyyəyə qaldırır.”

Bu barədə Yeni Media.net portalına verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi danışıb.

Fikirlərini davam etdirən partiyab sədri bildirib ki, cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən daha bir maraqlı məqam ölkənin elm sahəsində milli kadr bazasının gücləndirilməsi və intellektual resursların artırılması barədə səslən fikirlər idi: “Dövlət başçısı qeyd etdi ki, müasir dövrdə bilik və innovasiyalar əldə olunan uğurların əsas təməlidir və bu da elm institutlarının hazırlıq və fəaliyyətində açıq prioritetdir. Əhəmiyyətli olan budur ki, elmin yalnız fundamental tədqiqatlarla məhdudlaşması kifayət etmir. Əldə olunan nəticələrin milli inkişafla, texnoloji modernləşmə ilə əlaqələndirilməsi son dərəcə vacibdir. Belə bir yanaşma Azərbaycanın regionda rəqabət qabiliyyətini artırmaqla yanaşı, milli intellektual potensialı artırmaq məqsədi daşıyır. İntellektual potensialın yüksəldilməsi isə milli suverenliyin bir elementi kimi görünür. Elmi müstəqillik, bilik sahibliyi və milli strategiyalara inteqrasiya edilmiş intellektual resurslar dövlətin qlobal arenada dayanıqlığını artırır.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı. Həmin dövrdə elmin inkişafına böyük vəsait ayrılırdı. Bu siyasət həmçinin müstəqillik illərində də davam etdirilirdi.

Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir.

Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Cənab Prezidentin çıxışında həmçinin maddi-texniki bazanın gücləndirilməsi, elmi institutların modernizasiyası və elmi infrastrukturun yenilənməsi məsələləri ön plana çəkildi. Dövlət başçısı qeyd etdi ki, bu sahədə atılan addımlar gələcək onilliklərdə Azərbaycanın elmi inkişafına xidmət edəcəkdir. Siyasi kontekstdə isə bu, dövlətin uzunmüddətli perspektivə yönəlmiş investisiyanı elmi sahəyə ayırmaqla yalnız cari gündə görünən problemləri deyil, gələcəkdə yarana biləcək çağırışları da nəzərə aldığını göstərir. Elm infrastrukturu möhkəmləndikcə, tədqiqatların beynəlxalq səviyyədə rəqabət qabiliyyətliliyi artır, ölkənin xarici elm cəmiyyətləri ilə inteqrasiyası dərinləşir və buna paralel olaraq milli siyasətlərin elmi əsaslarla qurulması təmin olunur” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

reklamlar

Digər xəbərlər