Dünən zəhməti, sözü və mövqeyi ilə seçilən ziyalımız, dörd kitab müəllifi, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Adil Həmid Xoş sabah verilişinin qonağı oldu. Bu görüş təkcə televiziya efiri deyil, eyni zamanda sözlə ürəklər arasında qurulan səmimi bir körpü idi.
Təxminən iki saat davam edən veriliş boyu tamaşaçılar şairin həyat və yaradıcılıq yoluna yaxından nəzər salmaq imkanı qazandılar. Uşaqlıq illərinin saf duyğularından başlayaraq ədəbiyyata ilk addımlarına, qələmə aldığı əsərlərin yaranma tarixçəsinə qədər bir ömür yolunun səmimi etirafları səsləndi. Hər cümlədə yaşanmışlıq, hər xatirədə bir ömrün izi duyulurdu. Onun oxucu ilə qurduğu mənəvi bağ, sözə olan sədaqəti və ədəbiyyata münasibəti verilişin əsas ruhunu təşkil edirdi.
Görüşə xüsusi kövrəklik qatan məqam isə filologiya üzrə fəlsəfə doktoru, sənətkar Fəazailin ifasında səslənən saz havaları oldu. Sazın titrək sədaları studiyanı bir anlıq illərin o tayına apardı, duyğulara toxundu, yaddaşları oyatdı. Bu musiqi fonunda Adil Həmid müxtəlif janrlarda yazdığı şeirlərini öz səsi ilə səsləndirdi. Onun dilindən çıxan misralar sadəcə şeir deyil, qəlbin dərin qatlarından gələn bir etiraf idi. Studiyada yaranan ab-hava həm kövrək, həm də qürurverici idi – milli ruhun, sözün və sənətin vəhdəti açıq-aydın hiss olunurdu.
Şair çıxışı zamanı millətə olan sevgisini, gələcəklə bağlı ümid və arzularını da bölüşdü. O, ədəbiyyatın insanları bir araya gətirən, ruhu saflaşdıran və milli kimliyi qoruyan böyük bir qüvvə olduğunu vurğuladı. Gənclərə səslənərək oxumağın, düşünməyin, yazmağın və milli-mənəvi dəyərlərə sahib çıxmağın vacibliyini xüsusi qeyd etdi.
“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi adından dəyərli, qələmdaşım ziyalımıza möhkəm can sağlığı, tükənməz ilham və yeni yaradıcılıq uğurları arzulayırıq. Ürəyində illərdir yaşatdığı, həsrətini çəkdiyi doğma yurdu – Kəlbəcərə qovuşmaq arzusu isə ən böyük və ən ülvi diləyimizdir.
Cəmilə Çiçək
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının baş redaktoru