Sumqayıtda 2 internat tipli gimnaziyada nöqsanlar aşkarlandı

Sumqayıtda 2 internat tipli gimnaziyada nöqsanlar aşkarlandı
Cəmiyyət 19 Fevral 2026 - 10:06

Sumqayıt şəhərində yerləşən gimnaziyalarda nöqsanlar aşkarlanıb.

Zekainfo.az xəbər verir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı məlumat yayıb.

Qeyd edilib ki, Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Sumqayıt şəhəri internat tipli gimnaziyaya və Sumqayıt şəhər general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyaya başçəkmələr təşkil olunub.

Başçəkmələrinin keçirilməsində məqsəd müəssisədə saxlanılan uşaqlarla rəftar və onların hüquqlarının təmini məsələlərinin, yaradılmış şəraitin araşdırılması, göstərilən xidmətlərin keyfiyyəti və normalara uyğunluq vəziyyətinin öyrənilməsi olub.

Aparılmış monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar edilib.

Sumqayıt şəhər internat tipli gimnaziyanın yataqxana korpusunun bir hissəsinin əvvəlki dövrlərdə müxtəlif sosial ehtiyaclarla əlaqədar istifadə olunması nəticəsində binanın yalnız məhdud hissəsinin şagirdlərin istifadəsinə ayrılması onların müvafiq yaşayış şəraiti ilə təmin olunmaq hüququnun tam şəkildə təmin edilmədiyini göstərir.

Bundan əlavə, yataqxana korpusunda hamam otağı nəzərdə tutulmasına baxmayaraq, həmin otağın istifadəyə yararsız vəziyyətdə olması, əsas tədris korpusunda sanitar qovşaqların çatışmazlığı müşahidə olunub. Eləcə də gigiyena normalarına əməl edilməsi və uşaqların sağlam mühitdə təhsil hüququnun təmin olunması baxımından ehtiyacları ilə bağlı vəziyyət qiymətləndirilib.

General M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada isə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil prosesinə real və effektiv inteqrasiyanı təmin edən mexanizmlərin və xüsusi inteqrasiya qruplarının yaradılmadığı müəyyən olunub. Bu vəziyyət inklüziv təhsil hüququnun tam şəkildə həyata keçirilməsinə maneə yaratmaqla yanaşı, həmin kateqoriyadan olan uşaqların bərabər imkanlardan istifadə hüququnun məhdudlaşmasına səbəb olur.

Hər iki müəssisədə aparılmış araşdırma zamanı uşaqların geyim və ayaqqabı təminatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1994-cü il tarixli 15 nömrəli Qərarı ilə müəyyən edilmiş normalara tam uyğun həyata keçirilmədiyi aşkar olunub. Belə ki, bəzi hallarda təminatın gecikdirildiyi, eləcə də nəzərdə tutulmuş say və çeşid üzrə çatışmazlıqların mövcud olduğu müəyyən edilib.

Başçəkmələrinin yekununda müəssisələrinin rəhbərliyinə aşkar edilmiş halların aradan qaldırılması, uşaqların hüquq və qanuni mənafelərinin daha etibarlı qorunması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi, yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, sanitariya-gigiyena normalarına tam riayət olunması, habelə inklüziv mühitin formalaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Qeyd edilib ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən verilmiş tövsiyələrin icra vəziyyəti nəzarətdə saxlanılacaq, eyni zamanda, uşaqların hüquqlarının təmin olunması istiqamətində müvafiq başçəkmələrin həyata keçirilməsi davam etdiriləcəkdir.

Vurğulanıb ki, başçəkmələrin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.

reklamlar

Digər xəbərlər