Cəmiyyət
16:55, Bugün
Türk dünyasının ortaq yaddaşı, ortaq ruhu və ortaq taleyi var. Bu taleyin ən güclü bağlarından biri isə ədəbiyyat, söz və milli-mənəvi dəyərlərdir. Mənim yaradıcılığıma verilən yüksək qiymət də məhz bu ortaq ruhun, qardaşlıq məsuliyyətinin və mədəni həmrəyliyin təntənəsidir.
Qırğızıstan Respublikasının “Qırğız Akın–Yazıçıları” İctimai Fondu tərəfindən təqdim olunan Təşəkkürnamə və eyni zamanda Qırğız Respublikasının Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Elm, Təhsil və Mədəniyyət Akademiyasının qərarı ilə “Çingiz Aytmatov – Qızıl Qələm” döş nişanı ilə təltif edilməyim mənim üçün yalnız fərdi uğur deyil, Azərbaycan ədəbiyyatına, milli düşüncəsinə və Türk dünyası ideyasına verilən qiymətdir.
Bu dəyər, sözün həqiqi mənasında, mənəvi məsuliyyətimi daha da artırır.
Tariximizin araşdırılması, milli kimliyimizin qorunması və bütün türk xalqlarının ədəbi irsinin beynəlxalq müstəvidə təqdim olunması istiqamətində apardığım fəaliyyətin Qırğızıstanda yüksək səviyyədə qiymətləndirilməsi göstərir ki, ortaq köklər üzərində qurulan əməkdaşlıq gələcəyin gələcəyimizin aparıcı yoludur. Türk dünyasında mədəni körpülər təsadüfən yaranmır – onlar zəhmət, inam və qarşılıqlı etimad əsasında qurulur.
“Çingiz Aytmatov – Qızıl Qələm” mükafatı isə xüsusi mənəvi məna daşıyır. Çingiz Aytmatov adı Türk dünyasının vicdanıdır. Bu ada bağlı bir təltif almaq mənim üçün həm şərəf, həm də gələcək fəaliyyətim üçün bir istiqamətdir. Bu mükafat mənə bir daha xatırladır ki, söz yalnız yazılmaq üçün deyil – millətlərin ruhunu birləşdirmək üçün var.
Qırğızıstan Respublikasının dövlət səviyyəsində elmə, ədəbiyyata və milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğı, xüsusilə də yaradıcı insanlara verilən dəyər, Türk dünyasında örnək model kimi qəbul edilə bilər. Bu yanaşma dövlətçiliklə mədəniyyətin vəhdətinin bariz nümunəsidir.
Qırğız Respublikasının Təhsil Nazirliyinə, Elm, Təhsil və Mədəniyyət Akademiyasına, “Qırğız Akın–Yazıçıları” İctimai Fonduna və fondun direktoru Burulkan Karagulovaya, həmçinin Akademiyanın direktoru Şəkərova S.A.-ya səmimi minnətdarlığımı bildirirəm. Bu diqqət və etimad mənim üçün yüksək mənəvi dəyər daşıyır.
Əminəm ki, Azərbaycan və Qırğızıstan arasında mədəni-ədəbi əlaqələr daha da güclənəcək, ortaq layihələr, ortaq nəşrlər və ortaq platformalar vasitəsilə Türk dünyasının birliyi daha möhkəm təməl üzərində inkişaf edəcək.
Bu mükafatları şəxsi nailiyyət kimi deyil, Türk dünyasının mədəni birliyinə xidmət edən bir yolun davamı kimi qəbul edirəm. Sözümüz bir olduqca, yolumuz da bir olacaq.
“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyimizin üzvləri adından və şəxsən öz adımdan bir daha dərin minnətdarlığımı bildirir, bəyan edirəm ki, ortaq layihələr, elmi-ədəbi təşəbbüslər və mədəni əməkdaşlıq vasitəsilə Türk dünyasının mənəvi birliyinə sədaqətlə xidmət edəcək, dövlətlərimiz arasında qurulmuş bu qardaşlıq körpüsünün daha da möhkəmlənməsi və davamlı inkişafı üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik.
Dərin ehtiram və qardaşlıq duyğuları ilə,