Xəbər
11:12, Bugün
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, sabiq millət vəkili Cavid Qurbanov arasında keçirilən görüş türk dünyasının nəqliyyat və logistika əməkdaşlığının gələcək perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüş təkcə iki təcrübəli dövlət və ictimai xadimin dialoqu deyil, həm də Azərbaycan–Türkiyə strateji tərəfdaşlığının dərin köklərə söykənən inkişaf xəttinin davamı kimi qiymətləndirilə bilər.
Məlum olduğu kimi, Cavid Qurbanov uzun illər Azərbaycan Dəmir Yolları QSC-nin sədri kimi fəaliyyət göstərdiyi dövrdə ölkəmizin nəqliyyat sisteminin modernləşdirilməsi və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm layihələrin həyata keçirilməsində fəal rol oynayıb. Həmin illərdə Türkiyədə nəqliyyat naziri kimi fəaliyyət göstərən Binəli Yıldırım ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyə arasında nəqliyyat və logistika sahəsində strateji layihələr reallaşdırılıb, regionun geoiqtisadi əhəmiyyətini artıran mühüm nəqliyyat dəhlizlərinin formalaşmasına ciddi töhfələr verilib.
Bu əməkdaşlıq xüsusilə Avrasiya məkanında Şərq–Qərb nəqliyyat xəttinin gücləndirilməsi, region ölkələrinin iqtisadi əlaqələrinin genişləndirilməsi və türk dövlətlərinin ortaq nəqliyyat strategiyasının formalaşması baxımından mühüm mərhələ kimi tarixə düşüb. Bu gün həmin layihələrin nəticələri artıq regional və beynəlxalq səviyyədə öz müsbət təsirini göstərməkdədir.
Qeyd etmək lazımdır ki, Cavid Qurbanov təkcə dövlət idarəçiliyindəki fəaliyyəti ilə deyil, həm də milli-mənəvi köklərə bağlılığı ilə seçilən ziyalı şəxsiyyətlərdən biridir. O, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, ustad sənətkar Aşıq Şəmşirin nəvəsi kimi zəngin mənəvi irsi yaşadan və milli dəyərlərin qorunmasına həssaslıqla yanaşan bir nəsli təmsil edir. Bu baxımdan onun fəaliyyəti həm dövlətçilik, həm də milli-mədəni dəyərlərin vəhdətini özündə ehtiva edən bir nümunə kimi diqqət çəkir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində baş tutan bu cür görüşlər türk dünyasının siyasi, iqtisadi və nəqliyyat inteqrasiyasının daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Türkiyə arasında illər boyu formalaşmış qardaşlıq münasibətləri isə bu əməkdaşlığın ən möhkəm təməlini təşkil edir.
Şübhəsiz ki, bu kimi görüşlər yalnız mövcud əməkdaşlıq münasibətlərinin qiymətləndirilməsi deyil, həm də gələcək strateji layihələrin müzakirəsi və yeni imkanların müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Türk dünyasının ortaq maraqlarına xidmət edən belə dialoqlar regionda sabitliyin, iqtisadi inkişafın və inteqrasiyanın daha da güclənməsinə töhfə verir.