NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır

NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
Müsahibə 19 Mart 2024 - 08:24

Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də müsahibə verib.

Zekainfo.az AZƏRTAC-a istinadən həmin müsahibəni təqdim edir:.

- Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq sənədini imzalamasının və NATO ilə məzmunlu tərəfdaşlığının əsasının qoyulmasının bu il 30 ili tamam olur. Ümumilikdə bu müddətdə tərəflər arasında əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirərdiniz?

- Azərbaycan NATO üçün vacib və dəyərli tərəfdaşdır. Bunun bir çox səbəbləri var. Biz bu il əməkdaşlığımızın 30 illiyini qeyd edirik. Bu illər ərzində Azərbaycan NATO-nun bir sıra missiya və əməliyyatlarında iştirak edib. Uzun illər Azərbaycan da NATO-nun Kosovo və Əfqanıstandakı missiyalarına töhfə verib. Mən Əfqanıstanda olarkən azərbaycanlı əsgərlərlə görüşmüşəm və onların peşəkarlığının və fədakarlığının şahidi olmuşam. Azərbaycan hərbçiləri xüsusilə Əfqanıstandakı missiyanın sonlarına yaxın səfirliyi və hava limanını qorumaqda böyük rol oynayıb və yüz minlərlə insanın Kabil hava limanından təxliyəsində bizə kömək göstərib. Beləliklə, ərazini ABŞ və bir sıra digərləri ilə birlikdə tərk edən son hərbçilər azərbaycanlılar olublar. Biz, həmçinin biz sıra digər sahələrdə praktiki əməkdaşlıq və siyasi dialoqu gücləndirmək sahəsində Azərbaycanın oynadığı rolu alqışlayırıq. NATO uzun illər bir sıra müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlıq edib və hazırda biz əməkdaşlığımızı daha da inkişaf etdirməyin yolları üzərində işləyirik.

- Son 30 ildə Azərbaycan NATO ilə regional təhlükəsizlik, müxtəlif əməliyyatlar, sülhyaratma tədbirləri və digər sahələrdə sıx əməkdaşlıq edib. Bütün bunları ümumiləşdirsək, Azərbaycanın NATO üçün önəmi nədən ibarətdir?

- Azərbaycanla NATO arasında praktiki tərəfdaşlıq və siyasi dialoq mövcuddur. Azərbaycan həm də NATO üçün enerji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli ölkədir. Xüsusilə Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edən Rusiya NATO müttəfiqlərini çəkindirmək üçün təbii qazdan alət kimi istifadə etməyə başladıqdan sonra bu, daha çox vacibdir. Azərbaycan tərəfdən artan qaz tədarükü NATO müttəfiqlərinin qaz təminatçısı kimi Rusiya asılılığından azad olmasına imkan yaradıb. Bu proses çox sürətli oldu və çox çətin şəraitdə kifayət qədər yaxşı alındı. Azərbaycan qazının ixracının 12 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması ilə bağlı tələbat var. Bu, Avropa qaz tələbatının vacib tərkib hissəsidir və Azərbaycandan gələn qaz bir sıra müttəfiqlər üçün çox vacibdir. Mən, həmçinin təkcə təbii qaz deyil, həmçinin elektrik kabelləri vasitəsilə enerji ixracı sahəsində atılan addımları yüksək qiymətləndirirəm. Azərbaycan tərəfindən enerjinin birbaşa ixracı gələcəkdə ölkənizin Avropa üçün enerji təminatçısı kimi rolunu artıracaq.

Bu, həmçinin Azərbaycanın külək və günəş enerjisi vasitəsilə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi sahəsində göstərdiyi səylərin tərkib hissəsidir. Bununla Azərbaycan böyük enerji keçidi edə bilər. İqlim dəyişikliyi ilə mübarizə aparmaq istəyirsinizsə, bu, baş verməlidir. Bu kontekstdə COP29-un Azərbaycanda keçirilməsi çox vacibdir. Azərbaycan bu ilin noyabrında böyük iqlim konfransı olan COP29-a ev sahibliyi edəcək. Bu konfrans beynəlxalq ictimaiyyətə qlobal istiləşmə, iqlim dəyişikliyi, maliyyələşmə kimi bir sıra vacib məsələlərlə bağlı qərar vermək üçün platforma rolunu oynayacaq. Böyük enerji keçidini təmin etmək üçün böyük investisiyalar çox vacibdir.

- Qeyd etdiyiniz kimi, Azərbaycanın NATO əməliyyatlarına dəstəyi əməkdaşlığın mühüm sahələrindən birini təşkil edib. Azərbaycan hərbçiləri Kosovo əməliyyatlarında və Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində fəal iştirak edib, o cümlədən siyasi, hərbi, logistik, hava və yer tranziti ilə bağlı dəstək verib. Azərbaycanın bu sahədə dəstəyi barədə daha ətraflı məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir. Onlar uzun illər Əfqanıstanda hava limanının müdafiəsində böyük rol oynayıblar. Azərbaycan hərbçiləri uzun illərdir müxtəlif tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Lakin onlar 2021-ci ildə - missiyanın son günlərində hava limanının qorunması, yüz minlərlə insanın Kabil və Əfqanıstandan təxliyə edilməsi sahəsində vacib rol oynayıblar. Hava limanında, həmçinin NATO-ya məxsus hospital fəaliyyət göstərib. Bu hospitalda hava limanındakı insanlara, o cümlədən tibbi yardımın göstərilməsi təmin olunurdu. Beləliklə, birlikdə gördüyümüz son iş Türkiyə hərbçiləri ilə yanaşı hava limanının və hospitalın qorunması olub. Ümumi desək, bütün bunlar NATO üçün son dərəcə vacibdir. Mənim NATO-nun mənzil qərargahında fəaliyyət göstərən əməkdaşlarımdan biri Kabildə hava limanından insanların təxliyəsini təşkil edirdi. O yaralanmışdı. Onun həyatını azərbaycanlı hərbçilər xilas etdilər, ilk tibbi yardım göstərərək xəstəxanaya çatdırdılar. Biz onların bu illər ərzində, xüsusilə missiyanın son həftələrində gördükləri işlərə görə minnətdarıq.

- Regionda formalaşmış yeni reallıqlar fonunda NATO ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün gündəlikdə duran məsələlər və fəaliyyət planı nədən ibarətdir?

- Azərbaycanla Ermənistan arasında davamlı sülhün tənzimlənməsi bizim üçün çox vacibdir. Mən Prezident İlham Əliyevin görüşümüz, mətbuata bəyanat və şam yeməyi zamanı verdiyi mesajları alqışlayıram. Prezident İlham Əliyev aydın şəkildə bildirdi ki, biz indi sülh müqaviləsinə hər zamankından daha yaxınıq. Bır sıra həll olunmalı məsələlər hələ də qalır, lakin mən əminəm ki, Azərbaycan və Ermənistan sülh razılaşmasını imzalamaq üçün yaranmış bu imkanı görür. Regionda sülh və sabitliyin əldə olunması bölgə əhalisi üçün çox vacibdir. Bu, həmçinin investisiyanın cəlbi və rifah üçün şəraitin yaradılması baxımından çox əhəmiyyətlidir. Çünki biz bilirik ki, sülh və sabitlik iqtisadi inkişaf və dirçəliş üçün əsas şərtdir. Regionda sülh və təhlükəsizlik beynəlxalq sülh və təhlükəsizlik baxımından da vacib rola malikdir. Ona görə də davamlı sülhün əldə olunması həm də NATO müttəfiqlərinin marağındadır. Buna görə də mən qəti şəkildə inanıram ki, davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün bütün işlər görüləcək.

- Bu il NATO üçün yeni üzvün qəbulu baxımından fəal başlayıb. Ümumilikdə NATO-nun növbəti illər üçün prioritet hədəfləri nədir? Bu hədəflərin icrasında Qafqaz regionunun rolu nədən ibarətdir?

- Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox vacibdir. NATO və Avropa İttifaqı Qafqaz ölkələri ilə əlaqələrin daha da inkişafında maraqlıdır. Təbii ki, Gürcüstan bu baxımdan fərqli mövqedədir. Belə ki, bu ölkə NATO üzvlüyünə müraciət edib. NATO bunun baş verəcəyini dəfələrlə bəyan edib.

Bununla yanaşı, Qafqaz Rusiyanın genişmiqyaslı təcavüzkar müharibə apardığı Ukraynadan o qədər də uzaq deyil. Bu da həm Avropa, həm də Qafqaz üçün vacibdir. Əgər Prezident Putin Ukraynada qalib gələrsə, bu, təkcə Ukrayna üçün faciə deyil, həm də hər kəsə, o cümlədən Azərbaycana və NATO müttəfiqlərinə təhlükə törədər. Çünki Prezident Putinə mesaj budur ki, istədiyi hər şeyi əldə etmək üçün hərbi yola əl atdıqda beynəlxalq hüququn pozulmasına və başqa ölkəyə hərbi müdaxiləyə görə cavab verməli olduğunu bilməlidir. Bu, həm də gələcəkdə gücə əl atmaq cəhdlərini azaldacaq. Ona görə də NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağında olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın. Mən, həmçinin Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımı və minaların təmizlənməsi sahəsində dəstəyini yüksək qiymətləndirirəm. Lakin düşünürəm ki, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaq da çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir.

- Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində müəyyən layihələr həyata keçirilib. Bu fəaliyyətlər əsasən nədən ibarətdir və hazırda bu istiqamətdə hansısa yeni addımlar nəzərdə tutulubmu?

- NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq. Bu çərçivə sənədi qarşılıqlı fəaliyyət məsələlərinə köklənəcək və burada əsas məqsəd Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə işləməkdir. Biz, həmçinin hərbi təhsil məsələlərinə də önəm veririk. Bu da tərəflər arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirəcək. Biz, eyni zamanda, əməkdaşlığımızı gələcəkdə inkişaf etdirə biləcəyimiz digər sahələri də nəzərdən keçiririk. Bütün bunlar Azərbaycan və NATO qüvvələrini bir-birinə daha da yaxınlaşdıracaq və düşünürəm bu, hər iki tərəf üçün faydalı olacaq.

reklamlar

Digər xəbərlər