Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbinin uğuru

Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbinin uğuru
Cəmiyət 24 Aprel 2024 - 10:14
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin istedadlı şagirdlərindən biri də Sona Səfər qızı Rüstəmzadədir. Bu günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarında Sona Rüstəmzadə ən yüksək nəticə göstərərək maksimum - 300 bal toplayandan sonra həkim olmaq arzusunu dilə gətirib.
Sona Rüstəmzadə medianın sorğusuna cavab olaraq bildirib: "Ali məktəblərə qəbul imtahanlarına IV qrup üzrə hazırlaşıram. Buraxılış imtahanından belə yüksək nəticə əldə edəcəyimi gözləyirdim. Düşünürdüm ki, bütün sualları cavablandıracam, amma yenə də bəzi tərəddüdlərim var idi. Çox sevinirəm ki, əziyyətimin qarşılığını gördüm".
Region üzrə yüksək bal yığan 45 şagirdin 7-si Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin şagirdləridir. Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbində pedaqoji psixoloq olaraq əsas məqsədimiz şagirdlərdə yüksək intellektual-estetik təxəyyül formalaşdırmaq, təlim və təhsilə marağı gücləndirməkdir. Uzun müddət fənn müəlllimi kimi çalışmış bir pedaqoq olaraq bu gün də məktəblilərin bilik yarışlarında qalib gəlmələri üçün həvəsləndirir, eyni zamanda, əlamətdar günlər ərəfəsində yeni nəsil nümayəndələrində dövlətçiliyimizə, çağdaş tariximizə sevgi və sayğını artırmaq, onların layiqli, yüksəkruhlu, milli-mənəvi dəyərlərə xüsusi önəm verən əsl vətəndaş kimi formalaşmasına yardım etməkdir.
Məktəbdaxili ictimai və təhsil monitorinqləri zamanı müşahidə edirdik ki, əldə etdikləri uğurlara görə, şagirdlər hər dəfə, məktəb direktoru Nemət Həsənov başda olmaqla, müəllim və pedaqoqlarına minnətdarlıqlarını çatdırırlar.
Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov bölgənin bütün təhsil ocaqlarına göstərdiyi diqqət və qayğını bu məktəbin şagird-müəllim kollektivindən də əsirgəmir. Məhz bu diqqətin nəticəsidir ki, məktəbin pedaqoqları təhsil, milli-mənəvi dəyərlər, yeni nəslin formalaşması məsələlərinə xüsusi önəm verirlər. İstedadlı məktəbliləri təhsil şəbəkəsində birləşdirməyə çalışan, onların potensialının üzə çıxarılmasında daim dəstək verən bu orta təhsil ocağında yeni pedoqoji metodlar tətbiq edilir.
Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarında yüksək nəticə göstərən (290-300) Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinin sayı bunlardır:
1. Kəlbəcər rayonu üzrə 7 şagird:
2. Qubadlı rayonu üzrə 14 şagird:
3. Laçın rayonu üzrə 11 şagird:
4.Cəbrayıl rayonu üzrə 7 şagird:
5. Zəngilan rayonu üzrə 6 şagird:
İnanırıq ki, bu uğurlar gələn təhsil illərində də təkrarlanacaq, daim yüksək xətt üzrə yüksələcək.

Cəmilə Çiçək İsbəndiyarova,
prezident təqaüdçüsü,
məktəb psixoloqu
reklamlar

Digər xəbərlər