Tarixi zərürətdən irəli gələrək, ikinci dəfə
hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər
Əliyev yaxın keçmişimizdə qaçqın və məcburi köçkünlərlə görüşlərində, eləcə də,
əksər beynəlxalq tribunalardan Ermənistanın təcavüzkarlığını dönə-dönə
vurğulamaqla yanaşı, əvvəl-axır dövlət sərhədlərimizin, tarixi ərazilərimizin
bərpa ediləcəyini qətiyyətlə, həm də əminliklə səsləndirirdi. Böyük Öndərimizin
dövlətçilik fəaliyyətinin əsas hissəsi, bir nömrəli problem hesab etdiyi məsələ
- işğal altında qalan torpaqlarımızın, hansı vasitələrlə olursa-olsun, azad
edilməsi, məcburi köçkünlərimizin öz doğma yerlərinə, dağıdılmış, viran
edilmiş ata-baba yurdlarına qayıdışı idi.
Ümummilli Liderimizin
siyasi varisi, Prezident İlham Əliyev cənabları ata vəsiyyətini gerçəkləşdirməklə,
bu tarixi ədalətsizliyə son qoydu: həmin problemləri aradan qaldırmaqla,
Qarabağımıza azadlıq və sülh gətirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev
Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində bu məsələyə xüsusi
toxunaraq bildirdi: “...Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət
etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim: xoşbəxt adamam ki, ata
vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün
şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!
Gözün aydın olsun,
Azərbaycan!
Gözünüz aydın olsun,
dünya azərbaycanlıları!”
Məlum olduğu kimi,
bəşəriyyətin bütün tarixi dövrlərində işğalçılara qarşı aparılan
müharibələr dövlət və xalqın şərəf
məsələsi sayılıb, ədalətin bərpa
olunmasına yönəlib. İstər I Qarabağ, istərsə 2016-cı ildəki “Aprel
döyüşləri”, istərsə də 2020-ci ildə,
sentyabr ayının 27-də başlayıb, cəmi 44 gün davam edən II Qarabağ - Vətən
müharibəsində, nəhayət, 2023-cü il sentyabrın
19-dakı 23 saatlıq antiterror əməliyyatları zamanı bütün dünya şahid oldu ki,
Azərbaycan haqlı tərəfdir. Xalqımız öz torpaqlarını müdafiə etdi, ordumuz
ölkəmizin ərazi bütövlüyünün bərpası naminə qəhrəmanlıqla döyüşdü. Ölkəmiz,
dövlətimiz illərdir dünyada davam edən ikili siyasətə, bundan irəli gələn
ədalətsizliyə son qoymağı əsas məqsəd kimi həyata keçirdi. İşğalçı Ermənistan
hərb meydanında məğlubiyyətə uğrayaraq, kapitulyasiya aktını imzaladı.
Çağımızda qalib dövlət və
xalq adını daşıdığımıza görə qanları ilə Vətən torpaqlarında “Qarabağ
Azərbaycandır!” yazan qəhrəmanlarımıza - müqəddəs şəhidlərimizə, habelə igid
qazilərimizə minnətdarıq. Onların qəhrəmanlıq və fədakarlıq nümunələri daim ehtiramla xatırlanır,
iftixarla qeyd olunur və heç vaxt da unudulmayacaq!
Təşkilatın sədri olaraq,
reallaşdırdığımız layihə zamanı, respublikamızın müxtəlif bölgələrində
məskünlaşmış, 2020-ci ilin Vətən müharibəsi zamanı 37, 2022-ci ilin
sentyabrında şəhid olmuş Ömər Şirinovun və 2023-cü il 19-20 sentyabr, 23 saatlıq
antiterror əməliyyatları zamanı canından keçmiş 5 igid, ümumilikdə, Kəlbəcərdən
olan 43 şəhid ailəsi ilə ayrı-ayrılıqda görüşmüş, təmənnasız olaraq
vətənpərvərliklə bağlı apardığımız əməli fəaliyyətimizi bu gün də davam
etdiririk.
12 sentyabr 2022-ci il,
gecə saatlarından başlayaraq, düşmən silahlı qüvvələrinin bölmələri
Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın
istiqamətlərində genişmiqyaslı təxribatlar törətməyə başladı. Beynəlxalq
ictimaiyyətin gözləri qarşısında baş verən bu təxribatlara cavab özünü çox
gözləməyəcəyini hər kəs anlayırdı, hətta Ermənistan tərəfi də, fəqət onlar
informasiya savaşında uğur qazanacaqlarını göz ardına alıb riskə getdilər.
Düşmənin diversiya qrupları qaranlıqda ərazilərimizin dağlıq relyefi və dərə
boşluqlarından istifadə edərək, müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun
bölmələrinin mövqeləri arasındakı yerlərinin və təminat yollarının
minalanmasını həyata keçirə bilmişdi. Azərbaycan tərəfindən ağır cavab
alacaqlarını bilə-bilə xarici dövlətlərdəki havadarlarının fitvasına uyan
Ermənistan silahlı qüvvələri ordumuzu müxtəlif çaplı silahlar, o cümlədən
minaatanlardan intensiv atəşə tutdular.
2020-ci ilin sentyabrında
başlayan və Azərbaycanın böyük Qələbəsi ilə sona yetən 44 günlük II Qarabağ müharibəsindən
ibrət götürməyən düşmən tərəfinin bu təxribatı nəticəsində silahlı
qüvvələrimizin şəxsi heyəti arasında itkilər oldu, hərbi infrastrukturumuza
ziyan dəydi. Düşmən qüvvələrinin təxribatının qarşısı, sözsüz ki, şanlı ordumuz
tərəfindən alınmalı idi. Ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi
təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər
və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki
işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə döyüş toqquşmasının
miqyasının genişlənməsinə imkan verilmədi. Ali Baş Komandanın qətiyyətli
göstərişlərini anındaca yerinə yetirən Milli Ordumuzun ayrı-ayrı bölmələri,
komandaları, Silahlı Qüvvələri irəli atıldı. Məhz bu məqsədlə, Ermənistan
silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması üçün Azərbaycan Ordusunun
bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri
görüldü.
Ermənistan tərəfinin
Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn, habelə, Azərbaycan,
Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli
bəyanatların müddəalarının, eləcə də Azərbaycanla Ermənistan arasında əldə
edilmiş digər razılıqların kobud şəkildə pozulması anlamını verirdi. Dünya
ictimaiyyəti, superdövlətlər, beynəlxalq qurumlar diqqətlə baş verənləri
izləsələr də, hadisələr Azərbaycanın dövlət sərhədləri daxilində baş
verdiyindən, kəskin münasibət göstərə bilmədilər. Hər dəfə olduğu kimi,
Ermənistanın budəfəki addımları da aparılan normallaşma və sülh prosesinə tamamilə
zidd xarakter daşıyırdı. Bütün qlobal güclər bu həqiqətləri yaxşı anlayırdı,
üstəlik, Prezident İlham Əliyevin beynəlxalq aləmdə apardığı uğurlu diplomatik
gedişlər Fransa, İran, Hindistan kimi bizə dost münasibətlər sərgiləməyən
ölkələrin də əl-qolunu bağladı.
Azərbaycan Respublikası
işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri
apardığı bir vaxtda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə
mane olduğunu növbəti dəfə nümayiş etdirdi. O zaman Ermənistan tərəfi 44 günlük
müharibənin acı nəticələrindən ibrət götürmədiyinə görə, təkrar olaraq
Azərbaycana qarşı işğalçı siyasətini davam etdirməyə meyl göstərdiyi üçün, yenə
də Qarabağda münaqişə qızışdı.
Azərbaycan 12 dövlətin
üzv olduğu Qoşulmama Hərəkatına rəhbərlik etməsi, lider ölkə olaraq bir çox
dövlətlərə yardım ayırması, Türk və İslam dünyası, eləcə də keçmiş SSRİ-yə
daxil olan əksər respublikalarla, Şərqi Avropa, Böyük Britaniya kimi nəhəng güc
mərkəzləri ilə genişləndirdiyi uğurlu geosiyasi, iqtisadi münasibətlərin
nəticəsini görməyə başladı.
Sanki yaxın tarix
təkrarlanırdı: 19 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Qarabağda
Azərbaycan Silahlı Qüvvələri ilə qanunsuz erməni silahlı birləşmələri arasında
silahlı toqquşma başladı. Növbəti lokal xarakterli münaqişə Azərbaycan Silahlı
Qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli
Bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə baş verdi. Hər kəs ildırım
sürətilə baş verən hərbi olayları diqqətlə izlədiyi bir vaxtda dövlət və xalqın
vəhdətinin, Prezident ilə Ordunun monolit birliyinin bir daha şahidi olduq.
Azərbaycanda antiterror tədbirləri adı verilən silahlı toqquşmadan bir neçə
saat əvvəl Xocavənd rayonu ərazisində silsilə mina partlayışları baş verdi:
nəticədə Azərbaycan Daxili İşlər
Nazirliyinin polisləri də daxil olmaqla, 9 nəfər vətəndaşımız həyatını itirdi.
Dünya ictimaiyyətini çaşdırmaq istəyən Ermənistan rəsmiləri bu olayı
Azərbaycanın ermənilərə qarşı təcavüzü adlandırdı.
Söz yox ki, hər dəfə
olduğu kimi, qəhrəmanlıqları ilə çağdaş dünyanın modern hərb tarixinə qızıl
səhifələr yazmış Azərbaycan Ordusu düşmən qüvvələrini susdurmaq üçün Müzəffər
Ali Baş Komandanın əmrinə müntəzir idi. Həmin tarixi məqamlar zamanı 24 saat
davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da yerli mülki
ermənilərin təkidli xahişlərinə görə,əldə olunan razılığa əsasən, dayandırıldı.
Əvvəlcədən əldə edilmiş üçtərəfli razılığa əsasən, Azərbaycanın Qarabağ
bölgəsində yerləşən düşmənin silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni
erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi
postlardan çıxmalı idi.
Eyni zamanda, əldə
edilmiş razılığa görə, Ermənistan silahlı qüvvələrinin birləşmələri
ərazilərimizdən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı,
paralel olaraq, bütün silah-sursat təhvil verilməli, bu proseslər Rusiya
Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməli
idi.
Razılaşma sənədində sentyabrın 21-də Qarabağın
erməni əhalisinin nümayəndələri ilə Yevlaxda görüşün baş tutacağı da qeyd
edilirdi. Ermənilərin məkrli siyasətini əla deşifrə edən Ali Baş Komandan İlham
Əliyevin qətiyyətlə düşmənin ağ bayraq qaldırılmasını tələb etməsi, eləcə də
qəhrəman hərbiçilərimizin əzmkarlığı qarşı tərəfin iradəsini sındırdı.
Onu da qeyd edək ki,
unikal hərbi əməliyyatlar zamanı bölgədə, hər iki tərəfdən 400-dən çox şəxs
həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi
qulluqçusu həyatını itirdi, 511 hərbiçisi isə yaralandı. Verilən məlumatlara
görə, o günlərdə informasiya məkanındakı uğurlu siyasətimizə görə, İrəvanda
qonşu ölkənin vətəndaşları siyasi rəhbərliyə qarşı etiraz mitinqlərinə
başlaması, eləcə də xaricdə heç bir dəstək ala bilməməsi düşmən tərəfini dərin
psixoloji sarsıntılara məruz qoydu. Erməni silahlı dəstələrinin canlı itkiləri
və yaralıları barədə dəqiq say açıqlanmasa da, qondarma rejimin
"ombudsmanı" Geğam Stepanyan 200-dən çox hərbçinin öldüyünü bildirdi.
Hərbi əməliyyatlar zamanı
həm Azərbaycan, həm də Ermənistan tərəfindən dinc insanlarda həyatını itirdi.
Azərbaycan tərəfdən 1 ölü və 2 yaralı olduğu bildirildi. Geğam Stepanyanın
açıqlamalarına görə, 19-20 sentyabrda baş verən hadisələr zamanı ermənilər
arasında 6-sı uşaq olmaqla, 18 mülki şəxs öldü, 40-dan çoxu isə yaralandı.
Belə tarixi hadisələrin
ədəbi salnaməsini yaratmaq, əlbəttə, qələmi olan ziyalıların ən vacib
vəzifələrindən biridir. Həmin olaylar bizim yaxın və şərəfli keçmişimizin
tarixçəsidir ki, həm gənclər, həm də gələcək nəsillər bunları yaxşı bilməlidir.
Gərgin fəaliyyətlərimizin
yekunu olaraq müharibə və qəhrəmanlıq, kəlbəcərli şəhidlər mövzusunda
ikicildlik “Qalib Qarabağ” kitabımız
artıq çapa hazırlanıb. Bu ikicildliyimiz əslən Kəlbəcərdən olan (onlar
Kəlbəcərdə dünyaya göz açmasalar da, -red.), Vətən müharibəsində
şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin, eyni zamanda, tarix yazmış
qazilərimizin qəhrəmanlıqları, məcburi köçkün, şəhid ailələrinin acı bəxtləri,
fəqət, sonu Zəfər ilə yekunlaşan taleləri ilə bağlıdır.
Bugünkü ictimai-siyasi və
hərb tariximizin Qələbə sonluğunun yazılması Ulu Öndərimiz Heydər Əliyevin,
eləcə də onun layiqli varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
komandanlığı altında Vətənə layiqincə xidmət göstərib, yağı düşməndən
Xocalının, Ağdabanın, Başlıbelin, Bağanis Ayrımın, Qarakəndin, bir sözlə,
bütöv Qarabağda orada törədilən qətliamların qisasını alan şəhid və qazilərimizin
misilsiz xidmətləri ilə də bağlıdır.
Cəmilə Çiçək/Zekainfo.az
Prezident təqaüdçüsü,
flologiya üzrə fəlsəfə doktoru