Unutsaq, unudularıq!

Unutsaq, unudularıq!
Cəmiyət 21 Oktyabr 2024 - 15:52

 

 

ALLAH, SƏN SAXLA:  YAS-YASA QARIŞIB!

 

 

Həyat müəllimimiz, əmimiz İsa Lələkişiyevin ömrünün sonuncu aşırımında dayanıb üzügeri, kəlbəcərli günlərinə boylandıq...

 

...Onun haqqında bəlkə də ilk dəfədir yazılır. Çünki diqqəti çəkmək üçün “mən də varam”,-deyənlərdən olmayıb, baxmayaraq ki, minlərlə yetişdirdiyi, doğma ana dilini öyrətdiyi, kövrək və titrək barmaqlardan tutub, birincilərə “ƏLİFBA”nın hərflərini yazdırdığı şagirdlərinin bircəsindən bircə cümlə özü barədə fikir ummayıb.

Azərbaycan xalqı sevimli övladları ilə fəxr edib həmişə. Bu gün isə biz daha çox Vətənimizin ərazilərinin düşmən tapdağından azad edilməsində canından-qanından keçən şəhidlərimizlə daha çox qürur duyuruq. Lakin bu, o demək deyil ki, xalqımızın, dövlətimizin inkişafında, vətəndaşlarının vətənə layiq tərbiyə və təhsil almasında özünün zehni əməyini əsirgəməyən müəllimlər ordusunu unutmalıyıq. Qətiyyən belə deyil.

Müəllim! Şərəfli və bəlkə də müqəddəslərdən müqqəddəs bir peçə! Bu ad üçün ali təhsil almayanlara da müəllim deyilir, əlbəttə, höprmət mənasında, bu, doğru qarşılanmasa da. Ona görə ki, ən şərəfli addır. Hər kəsə müəllim demək olmur. Lakin, digər ixtisas-peşə sahibləri vəzifəyə keçdikdən sonra onlara “müəllim” deyə müraciət edirlər.

Ailənin ağırlığını daşıyan balalar.

 

Müəllimlərimiz bizim üçün örnək, nümunə və ata-ana qədər (bəlkə də onlardan artıq) doğma və əzizdirlər.

Belə müəllimlərimizdən biri də Kəlbəcər rayonunun Otaqlı kəndində 1939-cu ildə ulu bir nəslin (Səfərlər) ocağında dünyaya göz açmış İsa İbrahim oğlu Lələkişiyev idi. Bu ailədə iki qardaş (İsa və Alməmməd) və Çiçəklə Yazgül adlı iki bacı dünyaya gəlmişdi. İbrahim ata 1941-45-ci illər müharibəsinə aparıldığı üçün ailənin bütün ağırlığı uşaqların anası Əsli nənənin çiyinlərinə düşmüşdü.

 

Bu, bir yazılmamış tarixdir. Əsli nənənin balaları da buna görə uşaqlıq illərini yaşamadılar: gecələr onun toxuduğu xalça-palaza kömək etdilər, gündüzlər isə kolxozda çalışdılar ki, dolanışıq qursunlar. Ailənin ağırlığını daşıyan balalar özlərinin qayğılarını çəkə bilməsələr də, oxumaq, bir yana çıxmağa və anaya daha çox kömək etməyə çalışırdılar.

 

İsa ailədə uşaqların böyüyü idi. Ona görə də yaşına uyğun olma sa da, təsərrüfat işlərində anasına kömək etməklə yanaşı, oxumağı da unutmurdu. Ona görə orta məktəbi əla qiymətlərlə bitirib, ibtidai sinif müəllimliyinə (Ağdam Pedaqoji Texnikumuna) qəbul oldu. Orta-ixtisas təhsilli müəllim kimi Kəlbəcərə dönəndə, əlbəttə, ən çox sevinən ağzından yaşmağı enməyən anası Əsli nənə, bacıları Çiçəklə Yazgül, qardaşı Alməmməd olmuşdu.

 

İsa Lələkişiyevin təyinatını Kəlbəcərin ucqar kəndlərindən olan Şurtana, daha sonra isə Həsənlərlə Yellicə kəndlərinə vermişdilər. Hər üç yaşayış məntəqəsindəki məktəbyaşlıların sevimlisinə çevrilən İsa müəllim sonralar doğma kəndinin balalarına dərs deyirdi. Müəllimlik kimi şərəfli peşədə çalışmaqla yanaşı, o, ali təhsil almağı da unutmadı: Azərbaycan Dövlət Pedaqoji İnsititutunda qiyabi təhsil aldı. Bu, onun ən ülvi arzularından biri idi.

Müəllimlik şərəfli peşə olduğu qədər də çətin idi. Çünki hələ iyirminci yüzillikdə elmə-təhsilə maraq ucqarlarda bir o qədər yaxşı deyildi. Uşaqlar, xüsusən də qızlar məktəblərdən, oxumaqdan uzaq düşmüşdülər, çünki aclıq illəri olduğuna görə, onları da təsərrüfatlarda işə cəlb edirdilər ki, ailənin dolanışığına kömək olsunlar.

 

Beləliklə, İsa Lələkişiyev doğma kəndi Otaqlıda da ibtidai sinif şagirdlərinin sevimlisinə çevrildi. Bu gün də onun yetirmələrindən biri olan Əli Şirinov (Otaqlı kənd məktəbində ibtidai sinif müəllimi) deyir: “İsa müəllimlə Nəcəf Şirinovun arasında “dünyalar qədər fərq var idi. İsa Lələkişiyev nə qədər mülayim idisə, Nəcəf müəllim, əksinə, bir o qədər ciddi, ilk görünüşdən vahiməli, “uşaqdöyən” kimi tanınırdı... Təbiətən sakit, mülayim, fağır...

bir qarışqa belə ayaqlamayan,  səsinin yüksək tonu eşidilməyən bəstəboy ziyalı...

 

İsa müəllimgilin evi kəndin mərkəzindəki tarixi alban abidəsi olan “Evdamı”nın ikiaddımlığında idi. Ata tərəfi həmin tarixi alban məbədində dünyaya göz açan Səfərlər nəslindən idi. Kənd məscidinin sahibi olan Məşədi Atakişinin qardaşı Lələkişinin nəvələri idilər bu ailədə dünyaya göz açanlar.

 

İsa müəllimin qardaşı Alməmməd Lələkişiyevi də kənd uşaqları, daha doğrusu, onların valideynləri çox istəyirdilər. Təkcə ona görə yox ki, o, kitabsevər kimi tanınırdı. Uzun illər Otaqlı kənd kitabxanasının müdiri işləyən Alməmməd İbrahim oğlu həm də, qardaşı İsa müəllim kimi, təbiətən sakit, mülayim, fağır, bir qarışqa belə ayaqlamayan, səsinin yüksək tonu eşidilməyən bəstəboy ziyalı idi. Həmsöhbət olanda hər iki qardaşın savadına, ziyalılığına qibtə edənlərimiz az deyildi.

 

Bəli, biz iki qardaşın da kitaba, elmə olan marağını ilk vaxtlardan Alməmməd əmi oyatmışdı. Kitabxananın kitabları sanki bizim şəxsi sərvətimiz idi. Alməmməd əmidən öncə illər uzunu bu kitabxananın müdiri anamız Güllər Məmməd qızı olduğundan, elə bilirdik ki, oradakı kitablar bizə məxsusdur. Məhz bu sevgiyə görə də qaçqınlıq-köçkünlük illərində kitabxanın yaşadılması, fəaliyyətini dayandırmaması üçün şəxsi kitabxanamızdan bu məbədə min nüsxədən artıq dəyərli nəşrlər hədiyyə eləmişdik.

 

Təəssüf ki, bu günlərdə eşidirik ki, kitabxananın fəaliyyətinə kimlərsə xitam verib. Bəhanə də o olub ki, kitabxana binası yoxdur. Məgər məcburi köçkünlərimizin özlərinin şəxsi həyətyanı sahəsi olan evləri var ki, kitabxana üçün də bina tikilsin?! Absurd bir yanaşma, sadəcə, bəhanə...

 

Alməmməd əminin iki oğlu (şair təbli, gözəl şeirlər müəllifi Rəsulla, məktəb direktoru Vüsal müəllim də ataları kimi, təkcə kəndimizin yurdundan perik düşmüş camaatının yox, hətta rayonumuzda və respublikada sayılıb-seçilən ziyalılar kimi tanınırlar.

 

...İllər qovhaqovdadı. Kəlbəcərdən didərgin salındığımız və məcburi köçkün kimi orda-burda müvəqqəti məskunlaşdığımız illərdə bu ailə də itkilərlə üzləşdi. Ondan öncə isə İsa müəllimin bacısı Çiçək xala yeganə oğlu Hidayəti ermənilər girov götürüb, 31 gün əsirikdə minbir zülm verdiyi vaxtlarda ölüb-dirildi. Buna görə də dözmədi-qəribməzar oldu. Yazgül bacısı da təkcə balası olan Kifayəti qardaşlarına tapşırıb, bu vəfasız dünyadan bezib getdi. Alməmməd əmi balalarının əlinin çörəyə çatdığı vaxtlarda - ali təhsil alıb müəllimliyə başlayanda əlvida dedi doğmalarına.

 

Bu da son: qara karvan, tabut altdakı kövrək çiyin və...

 

İsa müəllim “yaşayırdı”, əgər buna yaşamaq demək mümkün idisə. Ömrünün son illərini yataqxanalarda yataq xəstəsi olan İsa müəllimin ömür-gün yoldaşı Məleykə xanım ailənin bütün qayğılarını öz kövrək çiyinlərinə götürmüşdü, Əsli nənə kimi...

 

Yeganə oğlu Bəxtiyarla qızları Ülviyyə, Sahilə və Sevinc ata-anaya olan övladlıq borcunu layiqincə yerinə yetirirlər. Üzləri ağ olsun!

 

...Bu da son. Yox, hər şeyin sonu deyil. Bir ömrün 80-ci aşırımıdır. Qardaş-bacılardan yadigar qalan, qaçqınlıq-köçkünlük illərinin də ağrı-acısını sınıq könlündə birtəhər daşıyan, amma Kəlbəcərinə qovuşmağa ömrü vəfa etməyən İsa müəllimin qara karvanı son mənzilə, Göygöl rayonunun Aşıqlı kənd qəbristanlığına üz tutmuşdu. Orada onun doğmaları, kəndçiləri uyuyurdu axı. Nəsihəti də bu olmuşdu: “...Məni əmim Nərimanın, gəlinbacım Güllərin, bacılarım Çiçəklə Yazgülün yanında dəfn edin...”

 

Sanki o gün göylər də qan ağlayırdı qız balaları - Ülviyyə, Sahilə, Sevinc kimi. Bəxtiyar qardaşı ilə yanaşı, tabutu çiyinlərində aparanların arasında Ülviyyəni də görmək dəhşət idi! Bu, ata-anaya övlad sevgisinin kulminasiyası - zirvəsi idi.

 

...Ömrünün son günlərini yaşayan İsa əmiyə baş çəkməyə getmişdik. Yataqda olsa da, onu ziyarət etməyə getdiyimiz üçün qalxıb yasdığa söykəndi. Həmişəki kimi, uzaqdan başladı söhbətə. Səs də elə həminki idi: zorla eşidiləcək qədər.

Yaddaşı heç zəifləməmişdi, özü “ bir dəri, bir sümük qalan” əmimizin. Gözləri zillənmişdi ağlar baxışlarımıza. İstəyirdi ki, kəlbəcərli günləri xatırlasın. Amma, yox, bizi ağlatmaq da istəmirdi. Zorla eşidiləcək səslə aram-aram dilləndi:

-Məhəmməd, İbrahimi atamız bilmişik, səni də əmi. Sizinlə fəxr edirəm. Sizin bir deyişmənizi o gün Ülviyyə mənə oxudu. Maşallah, gəlinbacım kimi siz də gözəl ruha maliksiniz. Fəxr edirəm ki, nəslimizdə sizin kimi istedadlı və qohumcanlı, yurda bağlı oğullar, qardaşlar az deyil. İbrahimlə Rəsulun şeirləri ürək döyüntülərimdir. Saz olsaydı, çalardın, qarmonu yaxşı çalırdın, səsin də zil idi...

 

Xəyal bizi uzaqlara aparmışdı: bizim uşaqlıq, onun isə gənclik illərinə. İsa əmi bizim evdə saz çalırdı. Sazın səsi də özününkü kimi, çox zərif və zəif idi.

 

Anamın ruhunu tərpətmişdi deyəsən. Ona görə də sazın həzin səsinə uyğun elə o tonda, sakitcə:

-İsa müəllim, nolar, sazı elə çal ki, səsini eşidək,-deyəndə o, başını sazın sinəsindən qaldırıb. Təbəssümlə üzümüzə baxıb özünəməxsus tərzdə dilləndi:

-Sazın simləri də könül kimidir, gəlinbacı, sındırmaq olmaz. Sazın səsi ruhun qidasıdır. Sazı qışqırtmaq, dəli kimi çalmaq olmaz. Sazın səsini ruhuna, canına hopdurmalısan. Barmaqlar simlərə, pərdələrə sığal çəkməlidir, yoxsa saz saz olmazdı ki...

 

İlk dəfə idi ki, sazı bala kimi qucağında əzizləyən görürdük. ...İllərin o tayından xatirə kimi boylanan həmin günlər yaddaşımızı təzələdi.

 

Biz İsa müəllimin istədiyi həmin deyişməni dedikcə, gözlərindən süzülən yaş, yanaqlarından iz açırdı. Nə yaxşı ki, Ülviyyə balamız özünü yetirdi:

 

-Atamı biz belə ağlatmamışdıq, ay əmi, vallah...

 

 

 

 

Məhəmməd Nərimanoğlu,

 

İbrahim Səfərlər

 

 

 

reklamlar

Digər xəbərlər