Evimiz kəndin mərkəzinə doğru gedən yolun kənarında yerləşir. Yazın
ilk günləri idi. Küləkdən, yağışdan doqqazımız əyilmişdi. Həddini aşıb yola
doğru uzanan itburnu kolu da gəlib-gedənə ilişir, gediş-gəlişə mane olurdu.
Kolun aradabir keçən maşınlara sürtünməsindən əcaib səslər yaranırdı. Bir gün
atam dəhrə və baltanı götürüb kolun yanına gəldi. Xırda-para kömək üçün məni də
çağırdı. Köməkləşib zoğal ağaclarının da yola sarı əyilən budaqlarını budadıq.
Anam da bizə qoşuldu. Demək olar, yol kənarı səliqəyə düşmək üzrə idi. Birdən
yolla keçən bir qız ata-anamın diqqətini cəlb etdi. O, bir az getdikdən sonra
çox da aralı olmayan bir evə döndü. Bu evdə çox yaxşı bir ailə yaşayırdı. Evin
kişisi hündürboy, qırmızısifət bir adam idi. Onun ucaboy, ağbəniz, qəşəng
arvadı vardı. Gözəllikdə övladları da özlərinə oxşayırdı.
Hələ də qucağında şax-şəvəl tutan atam üzünü anama tutub dedi:
– Arvad, görərsən, bu qız axırda bu evdə arvad olacaq.
Doğrusu, ürəyimdə atamı qınadım. Məndən çəkinmədən belə sözlər söyləməsi
çox ağır gəldi. Bir də ki, atam olacaq məsələni hardan bilirdi? Bəlkə onda öncəgörmə
qabiliyyəti var idi?
Anam da susmadı.
– A
kişi, dünyasında ola bilməz! Onlar mehriban, ləyaqətli ailədir. Bu qara fikir sənin
ağlına hardan gəldi?!
–
Atam sözünün qəribliyə düşdüyünü görüb:
– Nə
deyirəm, bir sözdü də, ağlıma gəldi, dedim. Yaşayarıq, görərik, – deyib
qaşlarını çatdı.
Mənimsə fikrim ayrı yerdəydi. Doqqazımız çox səliqəli görünürdü. Səhərisi
məktəbə gedəndə gördüm o biri qonşular da atama baxıb, yol kənarında səliqə-sahman
yaradırlar. Bu məni sevindirdi.
Artıq böyümüşdüm. Məktəbin sonuncu sinfində oxuyurdum. Bircə düşüncəm
vardı: nə olur-olsun ali məktəbə girmək! Nəhayət, arzuma çatdım. İstəklərim
yerinə yetdi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Qəbuldan
sonra kəndə qayıdıb, qələbə sevincimi ata-anamla bölüşmək istədim. Şəhərdən kəndimizə
gedən avtobusa minib evə gəldim. Avtobusdan düşər-düşməz eşitdiyim xəbər məni
mat qoydu. Qonşumuz qırmızısifət kişinin arvadı – o gözəl-göyçək qadın qəfil
dünyasını dəyişmişdi. Evə gəldim, anam məni qucaqlayıb, üz-gözümdən öpüb təbrik
etdi.
– Ana,
atam hardadı?
– Atan
hüzr yerindədi, qızım. Ölən qadının bu gün üçüdü, nədənsə zəhərlənib deyirlər.
Anamın üzünə baxdım. Vaxtilə ana-bala ikimizin yanında atamın dediyi
sözləri xatırladım. Anam: – Nə bilim, ay qızım, Allahın işidir, – deyib, mənə
çay-çörək gətirdi – Yoldan gəlmisən, ye, iç, bir az dincəl.
Atam evə qayıdanda məni təbrik edib, qurbanlıq qoçu kəsməyə getdi.
Qadının qırxı tamam olmamış kəndə xəbər yayıldı ki, qırmızısifət kişi
evlənib. Özü də vaxtilə atamın dediyi qızıla! Bu əhvalat kənd adamlarına adi
görünsə də, bizim ailəyə başqa cür təsir elədi. Axşam çay süfrəsi ətrafında
oturmuşduq. Anam dilləndi:
– A
kişi!
Atam anamın üzünə baxdı:
– Nə
olub?
– A
kişi, sən bir dəfə doqqazı düzəldəndə bir söz işlətmişdin ha, həmin söz gəlib
öz yerini tutdu. Yoxsa səndə nəsə falçılıq, ya vergi var?
Atam güldü. Bir mənə, bir anama baxdı.
– Yox, arvad, mən nə mollayam, nə də falçı. Buna həyatın hər üzünü
görmək deyirlər. İnsanın səhv addımı hər zaman pis nəticələr verir. Bu dünyada
yaşayan canlılardan kimsə kiminsə yemidir. Biri ölməsə, başqası dirilə bilməz.
Ayaq üzü görməyən ayaqqabı heç kəsin dabanını döyənək edə bilməz. İnsan gərək
kiminlə oturub-durduğunu yaxşı bilsin. Rəfiqə adamın evini yıxar, doğru yoldan
azdırar, sevgilisini əlindən alar, həyatını cəhənnəmə döndərər. “Ailə qaranlıq
meşədir” kəlamında böyük həqiqət var. Kişinin qadın dostu yalnız öz arvadı
olmalıdır. Yaxud əksinə, arvadın yeganə dostu onun əridir. Hər bir ailənin öz
evi, öz hasarı var. Bu divar, bu çəpər insanları məkrli adamlardan qorumalıdır.
Atam danışır, anam dinləyir, mən də atamın dediklərindən özümə lazım
olanını götürürdüm. Sanki kişi üzünü mənə
tutub, həyat dərsi keçirdi:
– Ay qızım, şəhərdə hər yetənlə oturub-durma. Mən bu univermaq müqəvvasına
aşiqəm demə. Təhsil al, sənə lazım olan həyatı öyrən. Xoşbəxtlik qapından girəndə
tüstü-dumanla yox, alovqarışıq gələcək. Bax, o alov əsl məhəbbət alovudur.
Cəmilə ÇİÇƏK
Prezident
təqaüdçüsü,
f.ü.f.d.,
AYB və AJB-nin üzvü /Zekainfo.az/