Sonuncu kursda oxuyurdum. Unverisidetdən çıxanda tələbə təqaüdümü
alıb Akademiyanın bağında ağacların kölgəsində oturacaqda əyləşdim. Pulun çox
hissəsini Məmməd Arazın çantdamda gəzdirdiyim şeirlər kitabının arasına,
qalanını da pul kisəsində ağzı düyməli, enlı çantama qoydum. Kölgəlik olsa belə,
istidən bağda oturmaq mümkün deyildi. Adamların çoxu yol kənarında çətir
altında dayanan su satanı dövrəyə almışdı. İstədim su alım, amma fikrimdən
daşınıb sürətli addımlarla “Elmlər Akademiyası” metrostansiyasının qarşısına gəldim.
Girişdə olanlar üst geyimləri qolları üstündə, çantalarının qayışını çiyinlərinə
aşıraraq surətlə aşağıya doğru hərəkət edirdilər.
Üzü aşağı enən eskalator hərəkəti nizamlayırdı. Aşağıda həddindən çox
adam vardı. Çətinliklə inkan tapıb vaqonların qapıları açılacaq xətdə dayana
bildim. Qatar qışqır-bağırla gəlib dayandı. Qapılar taybatay açıldı, vaqondan
çıxmaq istəyənlər belə çıxmağa macal tapmamış, əksəriyyəti cavanlar, tələbələr
olan insan dalğası qatara minmək istəyənləri arxadan içəriyə itələyirdilər.
Qapının yanında dayanan cüssəli bir oğlan qolumdan tutdu və məni özünə
doğru çəkdi. Məndən sonra gələnlərin hərəsi bir tərəfə dəydi. Səs-küyün
qışqır-bağırın qalxmasına baxmayaraq, qapılar bağlandı. Qatar tərpəndi. Özümdən asılı olmayaraq xilaskarım
olan oğlanın qolları arasında sıxılmış vəziyyətdə qalmışdım. Utansam da dartınmağın,
çəkinməyin yeri deyildi. Yazıq bir göyərçin kimi qartal qanadlı oğlanın sinəsinə
sıxılıb, başımı aşağı salaraq dinməz dayanmışdım. Birdən özümdə təpər taparaq
qaşlarımı yuxarı dartıb, kipriyimin altından oğlana baxdım. Sanki qatara
mindiyimiz andan bu oğlan gözlərini qırpmadan mənə baxırmış. Qalın qara qaşlı,
zəhmli gənc gözümün içinə baxa-baxa sol əli ilə məni qucaqlamışdı. Sıxlıqdan
daha “səmərəli” istifadə edərək əlini belimə qoyub, barmaqları ilə özünə doğru
sıxırdı. İstəsəm də, istəməsəm də, tabe olmağa məcbur idim.
Oğlanın hündür boyuna, üzünün qız sifəti kimi göyçəkliyinə, şax ütülənmiş
ağ rəngli köynəyinə, qalstukuna diqqət yetirdim. Getdikcə onun həniri bağrımı
çatladır, sinəmi yandırırdı. Duyğulara qapıldım. Həyatda nə oğlan, nə də qız, kimsə
bilməz ki, onun taleyinə yazılan əsl məhəbbət nə vaxt, harada və hansı şəraitdə
gələ bilər. Məhəbbətin gəlməyi üçün yer-yurd önəmli deyil. Qızılquş qəfil
şığıyıb şikarını caynaqlarına alan kimi, məhəbbət də gələndə xəbərsiz-ətərsiz gəlir.
Neynəməliyəm?.. İndiyədək bütün həyatımı oxumağa, təhsilə bağlamışam.
Yalançı sevgilərdən uzaq olmuşam. Düşünmüşəm ki, artıq mənə layiq bir oğlan
rast gələrsə, “hə” cavabımı əsirgəmərəm.
Yaşlı, ailəli adamlar, həmişə “məhəbbətin gözü kor olur” deyirlər. Bəlkə
də bu cür yaxşıdır. Oğul ona deyirəm, elə gözüyumulu halda gələcək taleyini
bağlayacağı birini seçə bilsin. Qurduğum bu xəyal sarayında qatarın qəfil
dayanması sanki məni yuxudan ayıltdı. Yenə oğlanın qolları arasında idim. Öz
yuvasını tapmış quşcuğaz kimi sığınmışdım köksünə. Qatarın necə getdiyini,
harda dayandığını, hiss eləmədim. Hələ də vaqonun içərisində adamlar bir-birinə
sıxılmış vəziyyətdə idilər. “Gənclik” stansiyası elan olundu. Vaqon boşalmağa
başladı. Artıq mən də qara qaşlı oğlanın qolları arasından xilas oldum. Qəribə
bir mənzərə yarandı. Gözümün içinə baxa-baxa oğlan durduğu yerdən aralanıb,
vaqondan çıxdı. Mənim üçün bir qədər uzanan vaxtda kəlmə belə kəsməyən, telofon
nömrəsi verməyən cavan sürətli addımlarla gözlərimin önündən bir anda itib yox
oldu.
Saplağından üzülüb yerə düşən nar kimi partlayıb yerə səpələndi
qurduğum xəyallar. Sən getdin elə bil, dünyam boş qaldı – deyə özümə təssəlli
verdim. Bəlkə məni sınayır. Yəqin sonrakı günlərdə mindiyim vaqonun qapısı
ağzında eyni vaxtda yenə məni gözləyəcək. Əlində sevgi dolu gül dəstəsi gələcək.
Adətim üzrə “Qara Qarayev” stansiyasında düşdüm. Hələ də özümdə
olmadığıma görə metronun içərisindəki boş skamyada oturdum. Düşdüyüm hal ürəyimi
göynədirdi. Ayaqlarım tutulmuşdu. Bir az özümə təsəllü verib, təskinlik
tapandan sonra metrodan çıxdım. Su satana yaxınlaşıb su almaq istədim. Pulu
vermək üçün çantamı açdım. İçərisindəki pul kisəsi yox idi. Kitabı araladım.
Pullar yerində idi. Amma pul kisəsi yoxa çıxmışdı. Elə bil, başıma bir qazan
qaynar su tökdülər. Aldığım suyu qaytardım... Düşündüm... Axı məni oğlan elə
xilas etdi ki, çantama cibgirin girməsi mümkün deyildi. Demək, qara gözlü oğlan
özü sol əli ilə məni köksünə sıxdığı halda, sağ əlilə çantama səyahətə
çıxıbmış...
Cəmilə ÇİÇƏK
Prezident
təqaüdçüsü,
f.ü.f.d.,
AYB və AJB-nin üzvü /Zekainfo.az/