Çoxdan
olmuş bir əhvalat yadıma düşdü. Qəzetdə işləyirdim. O zaman redaksiya inam
ocağı, xalqın güvənc yeri idi. Adamlar müxbir görəndə baş əyir, redaksiyaya üz
tutanda sanki məbədə səcdə etməyə gəlirdilər.
Şöbə müdiri işlədiyimdən səlahiyytim çox idi, qələmimə görə yoldaşlarım arasında
hörmətim vardı. Yazılarım oxucular tərəfindən maraqla qarşılanırdı.
Bir
dəfə yanıma bir oğlan gəldi. Adı Nizam olan bu oğlan elə arıq, elə cansız idi
ki, görən deyərdi özüm yeməyim, əlimdə olanı ona verim. Həddindən çox
giliy-güzar edirdi. Deməyinə görə, zavod qəzetlərindən birində işləyirdi.
Müxbir təhsili olmasa da, müəllimlik təhsili ilə redaksiyaya ilişmişdi. İşlədiyi
qəzetin redaktorundan xeyli şikayətlər
elədi və yalvardı ki, buralarda qəzetlərin birində işə düzəlməkdə ona yardımçı
olaq. Mən də uzun sürən düşüncələrdən sonra öz redaktorumla danışıb, onu şöbələrin
birində işə düzəltdim. Vaxtı ilə yazığım
gələn bu adam çox keçmədi ki, hamı ilə ünsiyyət yaradaraq, sürüşə-sürüşə daha
çox etibar qazandı. Əli böyüklərin ətəyində
oldu. Aparıcı bir işçiyə çevrildi. O zaman qələm sahibi olmaqdan çox fərasəti
olanlar yaxşı dolanırdılar.
Çünki,
onlarda “xurcun gəzdirmək” qabliyyəti güclü idi. Günü-gündən kökəlib, əndazədən
çıxan Nizam adamlara yuxarıdan aşağı baxmağa başladı. Pullu bir kişi oldu. Hər
dəfə onu görəndə, əməlimə görə peşmançılıq çəkirdim. Axı, insanları çox da dərindən
tanımaq olmur. Torbadan çıxan ilan bir daha torbaya qayıtmır. Hərdən
redaksiyaya hamının tanıdığı Səlim Xəyal adlı bir şair gəlirdi. Şeirlərini
qarşısına çıxan hər kəsə oxuyardı.
Onun
“əjdaha şeirləri” olmasa da, yaxşı cızma-qaraları vardı. Çatışmayan bir cəhəti
hamını düşündürərdi. Səlim Xəyalın üst-başına baxmır, insan kimi yaşamayan bir
məxluqa bənzəyirdi. Əyin-başı yaman gündəydi. O saat görünürdü ki, ailə içində
yaşamır. Foyedə dayanıb bir neçə adamla Səlim Xəyala qulaq asırdıq. Bu zaman
Nizam damağında papiros bizə yaxınlaşdı. Səlim Xəyal ona diqqət edənlərin
sayının artdığını görcək, daha da coşdu.
Gözlərini Səlim Xəyaldan çəkməyən Nizam ağzını qulağıma yaxınlaşdırıb:
–
Mənim
evdə geyinmədiyim bir neçə dəst pencək-şalvarım var, görəsən onları gətirsəm,
alıb geyinərmi? – dedi:
Mən
dedim:
–
Xeyr,
almaz!
Nizam
iki gözünü dombaldıb dedi:
–
Görmürsən
onun əyni-başı nə gündədir?
–
Onun elə olmağına baxma. Qürurunu sındırmaz, – dedim.
Yanımızda
olanlar dağılışdılar. Nizam yaxamdan əl çəkmədi. Yenə məni sorğu-suala tutdu:
–
Səncə niyə götürməz, onsuz da kirin-pasın
içində batıb gedir.
Ona
dedim:
–
Nizam, Səlimin qabiliyyəti burda olanların çoxundan yüksəkdi. O, hər bir
müxbirin yerində oturub yazar. Amma hazırki halda heç kəs Səlim Xəyalın vəziyyətinə düşmək istəməz,
lap belə bacarmaz da. Allah da kimə nə verdiyini yaxşı bilir. Lazım bilsəydi,
onu da adam cərgəsinə qoyardı. Deməli, məsləhət deyil. Deyirsən, Səlimə pencək-şalvar
verim. Heç bilirsənmi sənin verdiyin o pencəyi Səlim geyinəndən sonra sənin
başına nələr gələ bilər? İnsana paltarı da, çörəyi də göndərən Allahdır. Çörək
itirənin də cəzasını verən Allahdır.
Nizam
səsini batırdı. Heç kəlmə belə kəsmədən işinin arxasınca getdi. Sonralar
eşitdim ki, o, öz bildiyindən qalmamış, Səlim Xəyala iki dəst pencək-şalvar
verib. Səlimə nə vardı. Nizamın verdikləri onun həyatını dəyişə bilməz. Həftə
keçməmiş yenə əvvəlki vəziyyətdə olar.
Aradan
bir neçə ay keçmişdi. Bir də xəbər yayıldı ki, Nizam həyatı ilə vidalaşıb.
Onunla
olan söhbətimi xatırladım. Düşündüm... Bəlkə də, Allah Nizamı cəzalandırmışdı
ki,mənimlə zarafat yoxdur. Mən bilirəm kimə nə verirəm, kimə nə vermirəm. Bax
beləcə, Nizam da bu dünyadan getdi. Amma bilinmədi hansı dərddən...
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az