Kəndimizdə Səy ləqəbi ilə çağrılan Sədulla kişi
vardı. Boy-buxunda məşhur Xudayar bəyə oxşayırdı. Yəni burnu başqalarının
burnuna nisbətən donqar idi. Söz-söhbət zamanı heç kim ona qoşulmazdı. Bilirdilər
ki, söz deməmiş dava-dalaş salacaq, nəsə bir yaramazlıq edecək.
Kənd adamları kimi Səy Sədulla da əkin-biçin edərdi.
Onun əkin-biçini də başqalarından fərqlənərdi. Öhdəsində olan pay torpağında
kefi istəyən bitkini əkərdi. Ötən illərdə qırmızı çuğundur, qarğıdalı əkən Sədulla
sahəsinə bu il kələm əkmişdi. Əkilən kələmlər enli yarpaqlardan sonra
yumrulanmağa, kələm formasına düşməyə başlayardı. Sədulla səhər-səhər kələmin kənarında
boy verən otları biçmək üçün özü ilə dəryaz da gətirmişdi. Uzaqdan gələndə
gördü ki, kələm əkininin ortasında bir boz at var. Lap yanına gələndə, gözlərinə
inanmadı. At boğazına bağlanmış beş metrlik zənciri sürüyə-sürüyə sahəyə gətirmiş,
kələm topalarının xeylisini gəmirmiş, çoxunu da böyrü üstə yıxmışdı.
– Sənin yiyən belə-belə olsun – deyib, söyə-söyə
atı qovmağa başladı. İstədi əlindəki dəryazla atın kəlləsinə vursun, amma tərsinə
çevrilən dəryazın ülgücdən iti tiyəsi atın alt dodağını üzüb yerə tulladı. Ləqəbi
Səy olsa da, Sədulla tutduğu işə mat qaldı. Dəryazı kənara atıb atın zəncirindən
yapışdı və çəkə-çəkə əvvəl hörüyü çalınan yerə gətirib təzədən zəncirin
ucundakı xəncər boyda olan mıxı yerə çaldı. Atın dodağından axan damla-damla
qanı görcək, tez oradan uzaqlaşdı. Kəsilib yerə düşmüş dodaq ətini isə enli dəvədabanı
yarpağına büküb, xeyli uzaqdakı kolun icinə atdı. Kələmliyə qayıtdı. Yanı üstə
yıxılmış kələmləri qaldırıb, ayağı ilə torpdağı taptadı. Sonra dəryazını
götürüb, evə qayıtdı. Xoşbəxtlikdən Sədullanı yolboyu görən olmadı. Evinə çatan
kimi dəryazın tiyəsini tər-təmiz yudu ki, qan izi qalmasın. Məsələni duyub-bilən
olsa, boynundan atsın. Səy Sədulla səy hərəkətinin insana yaraşmayan hərəkət
olduğunu anlayırdı. Hətta bir neçə gün kələmliyə hərlənmədi. Özünü xəstəliyə
vurdu, evdə yatdı.
Bir axşam televizorun qarşısında oturub rusların
kanalına baxırdı. Sədulla rus dilini əsgərlikdə öyrənmişdi. Ekranda gördüklərinə
inana bilmədi. Bir həyətdə saxlanan qaz balalarına hücum edən küçə iti cücələrin
hamısını boğmuşdu. Cücələrin sahibi ailəsi olmayan qoca rus kişisi ölmüş cücələri
görəndə, iti qovaraq, hasarın içinə salır, sonra da kəndiri itin belinə
bağlayır. Ağacdan asılı qalan it zingildəməyə başlayır. Yoldan keçən məktəblilər
asılı iti görüb, hasardan baxırlar. Bu zaman qoca əlində uzun bıçaqla əvvəlcə
itin qabaq, sonra dal ayaqlarını kəsir. İtə olmazın işgəncələr verir. Hətta
itin qollarından axan qana fikir vermir. Əlləri itin qanı ilə boyanır. Bütün
bunlar kişinin hirsini soyutmur. İtin qulaqlarını, dodaqlarını doğrayır. Gözlərini
oyub çıxarır. İndiyədək bu amansız səhnəyə baxan uşaqlar qaçıb hüquq işçilərinə
xəbər verirlər.
Polis maşını gələndə, gördükləri mənzərə onları dəhşətə
gətirir. Kişini tutub aparırlar.
Yoxlamalar başlayır. Arxivdə fotosu ilə kişi haqqında məlumat aşkar
olunur. Sən demə, kişi özgənin adı və
soyadı ilə yaşayırmış. Sonralar məlum oldu ki, bu adam faşist düşərgəsində əsirlərə
də belə işgəncə verənlərdən biri olub. Hətta əsrlikdən xilas olanlar da
televizorda göstərilən bu zalım qəddarı tanıyırlar. Bəlkə də, qaz əhvalatı, it
işgəncəsi olmasaydı, kişi ömrünün sonuna kimi yaşayıb, qaz əti yeyəcəkdi.
Bütün bunlara tamaşa edən Səy Sədulla indi öz əməlinə
ani olaraq “qiymət” verdi. Düşündü: “Aman ALLAH mən nə etdim? Nə olsun ki,
camaat məni Səy Sədula deyə çağırır. Hər şeyin dərəcəsi var. İnsan da belə qəddarlıq
edərmi?! Beş-on kələm olmasa, dünya dağılmazdı ki!.. Əgər bilinsə, bu iş mənim əlimdən
gəlib, onda ləqəbimi dəyişib faşist Sədulla qoyacaqlar? Beləcə günlər gəlib
keçdi. Sədulla təqribən bilirdi ki, bu at kimindir. Uşaqları kələm sahəsinə baş
çəkib gələndə, Sədulla soruşdu:
–
Bala,
nə təhərdi vəziyyət? Kələmlər əmələ gəlirmi?
Uşaq da:
–
Ata
bu il bol kələmimiz olacaq. Axırıncı yağış kələmləri əməlli-başlı diriltdi, –
dedi.
Daha Sədullanın dərdi kələm dərdi deyildi. Axır ki,
əsas xəbəri də gətirib çıxartdılar. Dedilər ki, atı dodağından zəhərli bir ilan
sancmış, biçarə at elə orada hörükdəcə ölüb.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az