"Hər bir azərbaycanlının müdafiəsində Sizinləyik" - Mübariz Mənsimov 

"Hər bir azərbaycanlının müdafiəsində Sizinləyik" - Mübariz Mənsimov 
Gündəm 04 İyul 2025 - 08:06

"Son günlər Rusiya Federasiyasında yaşayan soydaşlarımıza qarşı həyata keçirilən qanunsuz, insanlığa sığmayan davranışları, hüquq-mühafizə orqanları tərəfindən edilən işgəncə və qəddarlığı dərin həyəcan və qəzəblə izləyirəm. Günahsız həmvətənlərimizin təhqir olunması, döyülməsi və hətta həyatlarına qəsd edilməsi təkcə onların hüquqlarına deyil, bütün azərbaycanlıların ləyaqətinə və varlığına yönəlmiş açıq təhdiddir".

Zekainfo.az xəbər verir ki, bu fikirlər Palmali Holding Şirkətinin İdarə Heyətinin sədri Mübariz Mənsimovun  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ünvanladığı müraciətdə yer alıb.

Müraciətdə deyilir ki, bu ağır məqamda, Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə Azərbaycanın rəsmi qurumları tərəfindən nümayiş etdirilən prinsipial mövqe və dərhal verilən sərt reaksiyalar hər kəsə  qürur verdi:

"Siz bir daha sübut etdiniz ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü və ədalətli bir dövlət – Azərbaycan dövləti dayanır!

Sizin yorulmaz fəaliyyətiniz, soydaşlarımızın təhlükəsizliyini təmin etmək uğrunda apardığınız qətiyyətli mübarizə və milli qürurumuzu hər zaman ön planda tutmağınız üçün Sizə dərin təşəkkürümü bildirirəm. Sizin rəhbərliyinizlə Azərbaycan bu gün regionun və dünyanın nüfuzlu güc mərkəzlərindən birinə çevrilib. Biz – azərbaycanlı iş adamları və diaspor nümayəndələri olaraq – bu yolda hər zaman Sizin yanınızdayıq".

Mübariz Mənsimov dövlətçiliyimiz və xalqımız naminə aparılan mübarizədə dövlətimizin başçısını hər zaman dəstəklədiyini bir daha bəyan edir:

"Ulu Öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirərək Azərbaycanın adını dünyada ucaldan Sizin kimi bir liderə sahib olduğumuz üçün qürur duyuram.

Əminəm ki, bu çətin sınaqdan da xalqımız birlik və qələbə ilə çıxacaq".

reklamlar

Digər xəbərlər