
Dünyanın belə qaynar çağında ECO-nun (İqtisadi Əməkdaşlıq Təşkilatı) 17-ci Zirvə görüşünün xüsusilə Xankəndi şəhərində keçirilməsi həm siyasi-iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir. ECO-nun Xankəndi Sammiti iqtisadi əməkdaşlığın tənzimlənməsinə hədəflənməklə bərabər, Azərbaycanın beynəlxalq aləmə zəruri mesajıdır. Vaxtılə separatizmin, erməni terrorçularının məskəninə çevrilmiş, başıpozuqların at oynatdığı Xankəndi şəhəri işğaldan azad edildikdən sonra sabitlik, inkişaf və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün zəruri məkana çevrilib.
Bu tədbir onu bir daha təsdiqləyir ki, sülh və sabitlik üçün yeni iqtisadi, innovativ əməkdaşlıq modellərinin tətbiqi effektli ola bilər. Bunun üçün yeni regional iqtisadi modellərin qurulması iştirakçı dövlətlərin strateji maraqlarına uyğundur. Digər tərəfdən ECO-nun üstünlüyü ondan ibarətdir ki, bu yalnız Orta Asiya və Qafqaz ölkələrini deyil, digər dövlətlər üçün də əhəmiyyətlidir. Nəhəng tranzit layihələrin gerçəkləşməsi geosiyasi sabitliyin yaranmasını aktual edir. Xankəndi Sammiti Azərbaycanın diplomatik nüfuzunun göstəricisi olmaqla bərabər, həm işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin, yeni infrastruktur layihələrinin geniş auditoriyaya nümayişidir. Heç şübhəsiz ki, belə tədbirlər regiona xarici sərmayələr üçün yeni imkanlar deməkdir. Kifayət qədər iqtisadi potensialı olan, sabitliyin təmin edildiyi həmin bölgə əcnəbi sərmayəçilər üçün cəlbedici olacaq.
İstənilən rakursdan baxdıqda ECO-nun (İqtisadi Əməkdaşlıq Təşkilatı) 17-ci Zirvə görüşünü Azərbaycanla bərabər digər ölkələr üçün də müsbət dəyərləndirmək lazımdır.
Əkrəm Bəydəmirli