YAP nümayəndə heyəti Kubaya səfər edib

YAP nümayəndə heyəti Kubaya səfər edib
Siyasət 26 Noyabr 2025 - 18:03

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, partiyanın Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovdan ibarət nümayəndə heyəti Kuba Respublikasına səfər edib.

YAP mətbuat xidmətindən Zekainfo.az-a verilən xəbərə görə, Kuba Kommunist Partiyasının (KKP) dəvəti əsasında baş tutan səfər çərçivəsində Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi, Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudes nümayəndə heyətini qəbul edib.

Qəbul zamanı Azərbaycan ilə Kuba arasında münasibətlərin tarixi köklərə əsaslandığı qeyd olunaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Kubanın Ali Baş Komandanı Fidel Kastronun bu istiqamətdə müstəsna xidmətləri vurğulanıb. Bu gün ölkələrarası münasibətlərin səmimi dostluq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanmaqla uğurla inkişaf etdiyi bildirilib. Fəal siyasi dialoq şəraitində iqtisadi, ticari, mədəni, tibb, təhsil, turizm, aqrar və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq üçün mühüm potensialın mövcud olduğu qeyd edilib. Vurğulanıb ki, mürəkkəb qlobal problemlərlə müşayiət olunan və yeni geosiyasi reallıqların meydana çıxdığı müasir dövrdə iki dost ölkənin prinsipial mövqe sərgiləməklə beynəlxalq müstəvidə, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi təşkilatlar səviyyəsində səmərəli işbirliyini davam etdirməsi dövlət mənafelərinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Kubaya qarşı iqtisadi, ticarət və maliyyə embarqosuna son qoyulmasının zəruriliyinə dair BMT Baş Assambleyasında müzakirəyə çıxarılan qətnamə layihələrinin lehinə Azərbaycanın hər zaman səs verdiyi, həmçinin Kubanın ölkəmizin regionda sülh, sabitlik və təhlükəsizlik məsələlərinə dair haqlı və ədalətli mövqeyini bölüşdüyü xatırladılaraq iki ölkənin beynəlxalq hüquq normalarına əsaslanmaqla bir-birinin ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək verdikləri xüsusi vurğulanıb.

Azərbaycan-Kuba münasibətlərinin gələcək inkişafında hakim partiyalar - Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyasının rolu diqqətə çatdırılıb, təmaslar və qarşılıqlı səfərlərin faydalı təcrübə mübadiləsinin aparılması, eləcə də məhsuldar işbirliyinin gücləndirilməsi nöqteyi-nəzərindən önəmi qeyd olunub.

KKP Mərkəzi Komitəsi Katibliyinin üzvü Xose Ramon Monteaqudo Ruiz və Kuba Respublikasının xarici işlər nazirinin birinci müavini Herardo Penyalver Portal ilə görüşlər zamanı isə YAP nümayəndə heyətinin dost ölkəyə səfərinin önəmi vurğulanaraq qarşılıqlı fikir mübadiləsinin əlaqələrin mövcud vəziyyəti və perspektiv imkanların müzakirəsi baxımından son dərəcə əhəmiyyətli olduğu qeyd edilib.

Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi də imzalanıb.

reklamlar

Digər xəbərlər