Şou biznes
12:57, 25 Noyabr 2025
Azadlıqdan sonra ötən il Kəlbəcərə yolum düşəndə, ilk addımımı Şəhidlərimizin xatirəsini əbədiləşdirən abidəni ziyarət etməyə atdım. Sonra birbaşa anamın işğaldan əvvəl uyuduğu məzara yönəldim. Düz beş gün, sübh tezdən gecə qaranlıq düşənə qədər, dağıdılmış məzar daşlarını gücüm çatan yerə qədər bir-bir qaldırdım — amma anamın qəbrindən bir nişanə belə tapa bilmədim.
Ermənistanın vəhşiliyi nəticəsində bütün məzarlıqlarda qəbrlər, o cümlədən anamın da qəbir daşı tanınmaz hala gətirilmişdi. Qəbr daşlarının üzərindəki şəkillərin göz və ağız hissələri oyulmuş, bütövlükdə tanınmaz vəziyyət almışdı.
Bilirsənmi bir övlad üçün bu mənzərəni görmək nə deməkdir, bu acını yaşamaq nə qədər dözülməzdir? Bu yalnız mənim deyil, bütün xalqımızın, hər bir ailənin yaşadığı milli ağrının kiçik bir parçasıdır.
Belə bir xalq qarşısında atılan hər addım, hər jest böyük məsuliyyət tələb edir. Sənin davranışın, danışığın şəxsi ehtiyatınla bağlı olsa da, erməni iştirakçıya verdiyin yüksək xal və səhnədəki qucaqlaşma ictimai müstəvidə gözlənilən təsiri yaratmadı: bu, şəhidlərin qanını, qazilərin ömürlük fədakarlığını kölgəyə salan simvolik bir jestdir. Xal vermək sənin mandatındadır, amma qucaqlaşma artıq şəxsi sərhədi aşan və milyonlarla insanın yaddaşına toxunan bir görüntüdür.
Bu irad yalnız şəxsi deyil — xalqın vicdanından doğan bir sualdır. Jestin şəhid analarına, şəhid övladlarına necə təsir etdiyini anlamaq kifayətdir; bu, hələ sağalmamış yaraya duz səpmək kimidir.
Sən deyirsən: “48 ölkə gəzmişəm.” Amma sual ortaya çıxır: Şəhid ruhuna hörmət qoymayan biri hansı milli təbliğatdan, hansı bayraq sevgisindən danışa bilər?
Üstəlik, “Niyə üzr istəməliyəm?” deməyin məsuliyyətini yüngülləşdirmir. Əlbəttə üzr istəməlisən — xal verdiyinə görə yox, o qucaqlaşma jestinə görə.
Bugün Azərbaycan xalqının səndən gözlədiyi əsas sual budur: O erməni iştirakçını qucaqladığın kimi, hansısa şəhid anasını, şəhid övladını bu qədər səmimi və içdən qucaqlayıb, sarıldınmı heç?
Düşünürəm ki, əgər ailə üzvlərindən biri şəhid olsaydı, bu addımın yaratdığı mənəvi zərbəni daha dərindən başa düşüb, anlayardın.
Ona görə də ictimai rezonansı nəzərə alaraq, ən azından üzrxahlıq etmək həm məsuliyyət, həm də cəmiyyətə hörmət nümunəsi olardı.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist
AYB və AJB üzvü