Tarixi daşıyan liderlik: xalq, dövlət və qətiyyət - vətəni ruhunda daşıyan Ali Baş Komandan

Tarixi daşıyan liderlik: xalq, dövlət və qətiyyət - vətəni ruhunda daşıyan Ali Baş Komandan
Siyasət 24 Dekabr 2025 - 12:00
Bəzən tarix insanı yetişdirir, bəzən isə insan tarixi. Elə şəxsiyyətlər var ki, onların adı çəkiləndə təkcə bir ömür yolu deyil, bir dövlət iradəsi, bir xalqın taleyinə yazılmış qətiyyət yada düşür. Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz bu cür liderlərdəndir.
Onun həyatı və fəaliyyəti vətən anlayışını sadəcə coğrafi məkan deyil, mənəvi məsuliyyət kimi dərk etməyin nümunəsidir. Vətən onun üçün qorunan torpaqdan daha artıqdır — yaşadılan yaddaş, saxlanılan ləyaqət, gələcəyə ötürülən vicdandır. Bu baxımdan, o, vətəni öz ömrü kimi yaşayan, vətəni dəyər kimi özü ilə, ruhu ilə daşıyan Liderdir.
Cənab Prezidentin rəhbərliyi dövründə Azərbaycan sükutdan sözə, gözləntidən əmələ, arzulardan qəti qərarlara doğru yol keçdi. Dövlət idarəçiliyi onun baxışında təkcə qanunların icrası deyil, xalqın taleyinə sahib çıxmaq məsuliyyətidir. Bu məsuliyyət isə yalnız güclü iradə ilə deyil, dərin düşüncə, səbr və tarixi yaddaşla daşınır.
Ürəyi Azərbaycanın ritmi ilə döyünən bu Lider üçün zaman sadəcə illərin ardıcıllığı deyil. Zaman onun üçün xalqın ağrısını anlamaq, səbrini qiymətləndirmək və ümidini qorumaq ölçüsüdür. Məhz bu səbəbdən onun atdığı hər addım təkcə bu günün deyil, sabahın da cavabdehliyini daşıyır.
Onun dəmir yumruğu ətrafında Azərbaycan gəncliyi sadəcə birləşmədi — taleyini bir amalın içinə yığdı, nəfəsini bir səngərdə birləşdirdi. Bu yumruq gücdən deyil, haqqdan yoğruldu. Otuz ildən artıq erməni vandalizminin əsarətində qalmış torpaqlarımız məhz bu birlik sayəsində şəhidlərimizin qanı, qazilərimizin canı bahasına cəmi qırx dörd günə azadlığa qovuşdu.
Qarabağ azad edildi, amma bu azadlıq hər birimizin ürəyində gizlənən fərqli bir yaraya toxundu. Mənim üçün həmin gün torpaqla birlikdə xatirələr də azad oldu.
Kiçik yaşlarımdan həsrəti ilə yaşadığım, mənəvi ruhu ilə bu gün də ayaqda qaldığım anam Çiçəyin qəbri və onunla birgə əsirlikdə qalmış, dağıdılmış, darmadağın edilərək tanınmaz hala salınmış yüzlərlə məzar gözlərimin önünə gəldi. O məzarlar daş deyildi — orada anaların ahı, övladların taleyi, susdurulmuş dualar yatırdı.
Qarabağın azadlığı həmin məzarların səsini yenidən eşidilən etdi, ruhuna toxunulan hər bir haqqsızlığın cavabını verdi. Bu Zəfər təkcə torpağın deyil, yaddaşın, vicdanın və ləyaqətin ayağa qalxması oldu.
Bu gün Azərbaycan güclü dövlətdirsə, bu güc yalnız imkanlardan deyil, inamdan doğur. Xalqın dövlətinə, dövlətin öz yoluna olan inamından. Bu inamın mərkəzində isə milli iradəni daşıyan, sözü ilə əməli bir olan Lider dayanır.
Ürəyi Azərbaycanın ritmi ilə döyünən Cənab Prezident, doğum gününüz mübarək! Bu gün təkcə bir yaşın deyil, bir ömrün dövlətə, xalqa və tarixə verdiyi dəyərin günüdür. Qoy bu yol daim işıqlı, bu yük daim ucalıqla daşınsın.
Cemilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər