Kahaların yaddaşı: 113 günün susmayan şahidi

Kahaların yaddaşı: 113 günün susmayan şahidi
Cəmiyyət 25 Dekabr 2025 - 17:51
Tarix bəzən sətirlərə sığmır, o, dağların sinəsində, kahaların qaranlığında, uşaqlıqdan vaxtsız qopmuş talelərin yaddaşında yaşayır. Kəlbəcərin Başlıbel kəndində yaşananlar məhz belə bir tarixdir - danışdıqca ağırlaşan, susduqca daşlaşan, unudulduqca vicdanı yaralayan bir həqiqət.
1993-cü ilin aprelindən iyuluna qədər davam edən 113 gün yalnız təqvim ölçüsü deyil. Bu, mühasirənin zamana çevrildiyi, zamanın isə insan taleyini əzdiyi bir dövrdür. Başlıbelin kahalarına sığınan 62 nəfər üçün həyat artıq ev, kənd, yol anlayışı deyildi — həyat nəfəs almaq qədər qısa, ümid qədər kövrək idi. Qar, şaxta, aclıq, susuzluq, güllə səsi və ölüm qoxusu bu insanların gündəlik reallığına çevrilmişdi.
Bu faciənin mərkəzində isə cəmi 16 yaşında ikən böyüməyə məcbur edilən bir uşaq dayanırdı — Habil Ələsgərov. O yaşda insan qorxunu tanımamalıdır, amma Habil ölümün üzünü görmüşdü. O yaşda insan anasını qorumağı silahla düşünməməlidir, amma mühasirə insanı öz yaşından qoparır. O yaşda insan taleyin yükünü daşımaz, lakin Başlıbel uşaqları taleyi çiyinlərinə almışdılar.
18 aprel 1993-cü il Başlıbel üçün qara tarixdir. Kahalarda gizlənən insanlar aşkar olundu, qırğın baş verdi. Silahsız mülki şəxslər, qadınlar, yaşlılar, uşaqlar amansızlıqla qətlə yetirildi, girov aparıldı. Həmin gün 18 nəfər öldürüldü. Bu, təsadüf deyil, sistemli vandalizmin, etnik nifrətin və insanlığa qarşı cinayətin nəticəsi idi.
Habil həmin gün ölümün ən sərt həddi ilə üz-üzə qaldı. Yaralı anasını, bacı-qardaşını, qonşusunu və iki azyaşlı uşağı girovluqdan xilas edərək, insan iradəsinin sınaqdan çıxdığı məqamda hamını sağ-salamat təhlükədən çıxardı. Qorxu və ümidsizlik havanı bürüsə də, Habilin davranışlarını bir prinsip yönləndirirdi: məsuliyyət və insanlıq. O, məhz bu dəyərləri qorudu.
Lakin təhlükə bununla bitmədi. Atəş səsləri və ölümün kölgəsi altında 20 yaşlı laçınlı Laləzər Kəlbəcərin sərt dağlarında yolunu itirmiş, düşmənə əsir düşmək təhlükəsi ilə tənha qalmışdı. Bu, artıq təkcə fiziki yox, mənəvi bir sınaq idi.
Habil geri döndü. Riskin ölçüsünü dərk edərək, amma qərarından dönmədən. Səhəri gün Laləzəri tapdı, onu dəstəyə qoşdu və ölümlə həyat arasındakı sərhəddən geri qaytardı. Bu addım səssiz, lakin strateji baxımdan böyük bir insanlıq qərarı idi — bir canın başqa bir can üçün ortaya qoyulduğu an.
Həmin günün faciəsi qəhrəmanlıqla tamamlandı. Özünü qumbaranın üzərinə ataraq şəhid olan Vüqar Abdullayevin fədakarlığı Başlıbel kahalarının yaddaşına and kimi yazıldı. O an bir həqiqəti təsdiqlədi: tarix məhz belə məqamlarda formalaşır - ağrı ilə, vicdanla və unudulmayan adlarla.
Habil həyəcan içində danışır, səsi sanki yaşadıqlarının ağırlığı altında titrəyir. Taleyin özü bizi amansızcasına parçalamışdı. Aprelin 18-də atəş səsləri səmanı yaranda dəstəmiz bir anın içində dağıldı, hər kəs canını qurtarmaq üçün fərqli istiqamətə səpələndi. Bir həftə sonra iz sürə-sürə “Nəbi kahası”nın yanına çatdım. Orada dağılmış ruhları, qorxu və ümidsizlik içində qalan insanları yenidən bir yerə yığdıq. Lakin fəlakət bununla bitmədi. Ərazidə qalan dəstə yenə parçalandı: bir qrup mövqelərini dəyişib “Barıtlı kaha”ya çəkildi, digərləri isə olduqları yerdə qaldı. Yanımızda cəmi bir gənc əsgər vardı – Abdullayev Müzahim. Mən özüm isə cəmi 16 yaşında idim. Uşaqlıq yaşında, amma ölümün içində, qorxu ilə cəsarətin sərhədində.
Ermənilər həmin gün - aprelin 18-də günortaya yaxın - planlı və koordinasiyalı şəkildə hücuma keçmişdilər. Üç “Ural” hərbi maşını ilə gəlmiş, arxa cəbhəni tam kəsmişdilər; bir “Niva” da onlara qoşulmuşdu. Atışma qəfil başladı, kahalar mühasirəyə alındı.
O an uşaqlıq yaddaşıma silinməz bir ağrı kimi həkk olundu, balaca bacım Tacirə - cəmi yeddi yaşında - qorxudan donub qalmışdı. Atam isə başqa kahada idi; ailəyə çörək aparmışdı. Atəş səsləri gücləndikcə geri qayıtmaq mümkünsüzləşdi.
Atışma qızğınlaşanda Tacirə atamın olduğu kahaya çörək aparmışdı və bir daha bizim yanımıza dönə bilmədi. Atamla Tacirə ayrı kahada mühasirədə qaldılar. Həmin anda Tacirənin də qoluna güllə dəymişdi.
Kahada olan əsgər, Məzahir əsir düşməmək üçün özünü qranatla partlatmaq niyyətinə düşmüşdü. Tacirə isə uşaq cəsarəti ilə ölümün üzünə dik baxaraq demişdi, “Əvvəl məni güllələyin, sonra özünüzü öldürərsiniz.” Məzahir göz yaşlarını boğaraq bu təklifə qarşı çıxmış, “Yox, axıra qədər döyüşəcəyəm,” demişdi. O an kahada qorxu ilə yanaşı insan ləyaqətinin, vicdanın və sona qədər müqavimətin sarsılmaz iradəsi dayanmışdı.
Qarışıqlıq dərinləşdikcə insan taleləri də bir-birindən qopdu. Ermənilər hər tərəfdən hücuma keçib insanları girov götürməyə başladılar. Mən atamgilin olduğu kahaya gedə bilmədim. Nə baş verdiyini bilmirdim: sağ qaldılarmı, öldürüldülərmi? Tək bildiyim bir şey vardı — girovların arasında deyildilər. Həmin an onların kahasının qarşısında iki erməni hərbçisi dayanmışdı; başlarında kaska, üzlərində daş kimi soyuq ifadə. Məni geri qaytardılar: “Get, girovların içində dur, bura gəlmə.” O sözlər təkcə yolumu deyil, uşaqlığımı da kəsdi.
Beləcə, ayrılıq baş verdi. Zaman donmuş kimi axdı. Yalnız aprelin 25-də atamgilin izinə düşə bildim. “Nəbi kahası”nda onları tapdım — sanki yenidən həyata qayıtdım. Sonra atam da bizə qoşuldu və digər ayrı düşmüş insanları bir yerə yığdıq. Bizim parçalanmağımız, bu qədər ağrılı ayrılıq məhz o günlərin, o mühasirənin, o insanlığa sığmayan zorakılığın nəticəsi idi. Uşaqlıqdan birbaşa faciənin içinə atılan bir talenin hekayəsi belə yazıldı.
Mühasirə günü-gündən daralırdı. Ətraf kəndlərdən şəhid xəbərləri gəlirdi. Şəkərəmdə Bağman, İsmayılın və Yaponun adları çəkilirdi. Ağcakənddən olan üç hərbçi çıxmağa cəhd etsə də, Tərtəri keçə bilmədi və yenidən ölümün içinə qayıtdı.
Bir gün İsmayıl kişi dedi: “Gedək, Ələkbərgilin halına baxaq, bəlkə sağ qalan var.” Artıq on iki şəhid dəfn etmişdik. Uşaq məzarları vardı. Ölüm o qədər adiləşmişdi ki, kimin kim olduğunu ayırmaq çətinləşmişdi.
Kənddə bütün maşınlar qalmışdı. Bir avtobusun üzərində kağız gördük. Sonradan oxuduq: “Ələkbər, sağsansa, biz Şəkərəm kəndindəyik…” Atam bu yerləri yaxşı tanıyırdı. Onun bələdçiliyi ilə yola çıxdıq, axtardıq və tapdıq – ölümün bir addımlığında.
İyulun 1-də onlar çıxa bildiklərini radio ilə xəbər verdilər. Bu, qaranlıqda yanan zəif bir ümid idi. Onların göstərdiyi yolla biz də hərəkət etdik. Yollar ölüm izləri ilə dolu idi, torpaq belə sanki qorxudan donmuşdu.
113 gün… O günlərdə bir dəfə də olsun rahat yuxu görmədim. Qayalıqlarda kəşfiyyat aparır, gecələr evlərə girib quyulardan kartof çıxarırdım. Bizə kömək edən yox idi. Yanımızda yalnız yaşlı adamlar vardı. Evdə körpələr, yaralı anam, yeriyə bilməyən babam qalmışdı.
Ayın 25-i hamımız bir kahaya yığışdıq. Dedik, burada acından ölərik, amma əsir düşmərik. Kahada çörək yox idi, uşaqlar acından ağlayırdı. Məcbur olub ucqar bir evə yaxınlaşdıq. Ev gözümüzün qabağında yandırıldı. Hümbət həkim geri qayıtdı: “Əsir düşmərəm,” dedi.
Mən isə gizləndim. Səhərə yaxın sürünə-sürünə quyudan kartof çıxardım.
O 113 günün hər saniyəsi ölüm idi Bu, sadəcə sağ qalmaq deyildi. Bu, insanın insan olaraq qalmaq uğrunda verdiyi səssiz, qanlı və unudulmamalı mübarizə idi.
113 gün ərzində insanlar kahalarda yaşadı, meyitləri yorğanlara büküb dəfn etdi, yaraları otla, ümidlə sarıdı. Atəş səsləri arasında çörək bişirildi, uşaqlar qorxunu udaraq böyüdü. Qocalar torpağı tərk etməmək üçün ölümü seçdi. 93 yaşlı Ələsgər kişinin “Mən torpağımı tərk etmirəm” sözü yalnız bir insanın yox, bir xalqın ruhunun ifadəsi idi.
Bu faciə təkcə bir ailənin, bir kəndin deyil, bütöv Azərbaycanın yarasıdır. Başlıbel hadisələri müharibənin statistikasına yox, milli yaddaşa aiddir. Çünki burada yalnız insanlar öldürülməyib, uşaqlıq, ev, şeir də yandırılıb. Ələkbər Sönməzin Başlıbeldə məhv edilən külliyyatı kimi, neçə-neçə taleyin sətirləri də külə dönüb.
2020-ci ildə Azərbaycan Ordusunun zəfəri ilə torpaqlarımız azad edildi. Bu qələbə təkcə ərazi bütövlüyünün deyil, tarixi ədalətin bərpası idi. 30 il sonra Başlıbelə dönüş, şəhidlərin ekshumasiyası, kahaların yenidən ziyarəti bir daha sübut etdi ki, torpaq yaddaşını itirmir. Habil Ələsgərovun babası Ələsgər kişinin taleyi bu gün də naməlumdur, amma ümid yaşayır. Çünki bu torpaq gec-tez öz əmanətini geri qaytarır.
Bu yazı keçmişi xatırlatmaq üçün deyil, gələcəyi məsuliyyətə çağırmaq üçündür. Başlıbel faciəsi unudulmamalıdır — nə tarix kitablarında, nə dövlət yaddaşında, nə də milli vicdanda. Çünki unudulan faciə təkrarlanır.
Kahaların yaddaşı susmur. O yaddaş danışdıqca, biz yaşadığımız tarixin qiymətini anlayırıq.
Cəmilə ÇİÇƏK,
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər