Dövlət başçısının diqqəti nəticə verdi: Mərdəkan Reabilitasiya Pansionatında istilik sistemi bərpa olundu

Dövlət başçısının diqqəti nəticə verdi: Mərdəkan Reabilitasiya Pansionatında istilik sistemi bərpa olundu
Cəmiyyət 12 Yanvar 2026 - 12:53

Azərbaycan Respublikasında sosial dövlət prinsiplərinin qorunması, xüsusilə həssas təbəqələrin rifahının təmin edilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu strateji xəttin başında isə cənab Prezident, dəyərli dövlət başçımız İlham Əliyevin ardıcıl və prinsipial mövqeyi dayanır.
Bir neçə gün öncə Mərdəkan Reabilitasiya Pansionatında aylardır davam edən istilik sisteminin olmaması ilə bağlı məsələ tərəfimizdən jurnalist araşdırması çərçivəsində ictimailəşdirildi. Qışın ən sərt günlərində əlillərin reabilitasiya aldığı bir dövlət müəssisəsində istilik sisteminin işləməməsi həm sosial, həm də humanitar baxımdan ciddi narahatlıq doğururdu.
Məsələ ictimai müzakirəyə çıxarıldıqdan sonra aidiyyəti qurumlar operativ reaksiya göstərdi və artıq dünən gecə saatlarından etibarən pansionatda istilik sistemi bərpa olunub. Bu fakt bir daha sübut edir ki, ölkə rəhbərliyinin diqqət mərkəzinə çıxan hər bir sosial problem nəzarətsiz qalmır və nəticə etibarilə həllini tapır.
Xüsusilə vurğulamaq lazımdır ki, bu müddət ərzində iş yerlərini itirməmək naminə səsini ucaltmayan, istiliksiz şəraitdə çalışmağa məcbur qalan tibb işçiləri, eləcə də reabilitasiya xidmətindən istifadə edən saysız-hesabsız əlillər bu problemin aradan qaldırılmasını dövlət başçısının adı ilə bağlayır və təşəkkür ünvanlarını məhz cənab Prezidentə yönəldirlər.
Bu gün həmin müəssisədə çalışan əməkdaşlar artıq normal iş şəraitində fəaliyyət göstərir, əlillər isə qış fəslində layiq olduqları təhlükəsiz və sağlam mühitdə reabilitasiya xidmətlərindən yararlanırlar. Bu, təkcə bir istilik sisteminin bərpası deyil, dövlətin sosial məsuliyyətinin real təzahürüdür.
Bir jurnalist və pedaqoq kimi açıq şəkildə bildirirəm ki, mən öz peşə fəaliyyətimdə olduğu kimi, ictimai mövqeyimdə də cənab Prezidentin müəyyən etdiyi siyasi kursu dəstəkləyirəm. Bu kursun əsas mahiyyəti problemlərin ört-basdır edilməsi deyil, onların vaxtında aşkara çıxarılması və institusional şəkildə həll olunmasıdır.
Arzumuz odur ki, gələcəkdə bu cür məsələlər yalnız ictimailəşdirildikdən sonra deyil, problem yarandığı andan etibarən sistemli nəzarət mexanizmləri ilə operativ şəkildə həll edilsin. Bununla belə, mövcud vəziyyətdə məsələnin qısa müddətdə aradan qaldırılması bir daha göstərdi ki, dövlət başçısının diqqəti sosial sahədə həlledici rol oynayır.
Bu baxımdan, Mərdəkan Reabilitasiya Pansionatında yaranmış problemin həlli ilə bağlı göstərilən diqqət və nəticəyə görə cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk. Dövlətin gücü məhz belə anlarda – ən həssas təbəqənin yanında olduğunu sübut etdiyi zaman özünü göstərir.
Cəmilə ÇİÇƏK
tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru


reklamlar

Digər xəbərlər