Cəmiyyət
16:50, 02 Fevral 2026
Bir insan ömrü var ki, onu yalnız yaşamaq yox, yaşatmaq lazımdır…
Bəzən bir sosial şəbəkə paylaşımı insan taleyinin ən dərin qatlarına açılan görünməz qapıya çevrilir. Günlərin birində Facebook səhifəmdə paylaşdığım yazının rəy bölməsində rast gəldiyim bir ad ürəyimdə qəribə bir sızıltı oyatdı. Rəy Rəhman İsmayılov adlı bir şəxsdən idi. Yazırdı: “Cəmilə xanım, Sizin xoş sədalarınızı eşitmişəm. Öyrənmişəm ki, biz qohumuq. Gənclik illərimdə Kəlbəcərdən ayrı düşdüyüm üçün bir-birimizi qohum kimi tanıya bilməmişik. Bu mənim şəxsi WhatsApp nömrəmdir. Sizdən çox xahiş edirəm, mənə zəng edin. Nömrənizi rayonumuzdan olan çox adamdan soruşdum, amma verən olmadı.”
Bu sətirlərdə sadəcə bir tanışlıq istəyi yox idi. Bu, illərlə ürəkdə saxlanılan bir nisgilin, parçalanmış yolların, yarımçıq qalan qohumluğun səssiz etirafı idi. Məktəbdən çıxarkən ona zəng etməyi düşünürdüm ki, elə həmin an telefonum səsləndi. Dəstəyin o başından gələn səsdə illərin həsrəti, dağ adamına xas səmimiyyət və kövrək bir sevinc hiss olunurdu.
“Cəmilə qızım, nəhayət nömrəni tapa bildim. Biz qohumuq… Səninlə fəxr edirəm. Haqqında deyilən bütün xoş sözlər məni çox sevindirdi. Atan tərəfdən biz bir qandanıq. Sənin savadlı, ziyalı, dünyagörüşlü bir qız olmağın mənim üçün böyük qürurdur.”
O an anladım ki, bu zəng sadəcə bir telefon danışığı deyil. Bu, zamanın ayırdığı qohumların qəlb körpüsü, Kəlbəcərin itirilmiş illərindən gələn bir səs, bir ömrün içində daşınan həsrətin səmimi etirafı idi. Elə bu kövrək duyğularla başlayan söhbət, Rəhman İsmayılovun keşməkeşli, zəhmətlə yoğrulmuş həyat yoluna işıq salan bir müsahibənin başlanğıcına çevrildi.
Gəncəyə mərhum şəhid Dağbəyi Orucovun adının əbədiləşdirilməsi məqsədilə inşa olunmuş xatirə bulağının açılış mərasiminə yollanarkən vaxtın məhdudluğuna baxmayaraq, Rəhman müəllimlə qısa da olsa ayaqüstü görüşmək imkanımız oldu. Evlərinə qonaq aparmaqda israr etdi, dedi ki, ailəsi də məni səbirsizliklə gözləyir. Mən isə tələsdiyimi deyib söz verdim: “İnşallah, qismət olsa, ya Gəncədə, ya da azad Kəlbəcərimizdə – doğma Daşbulaq kəndimizdə (əvvəlki adı Kilisəli) görüşərik.” Elə bu görüş də Rəhman İsmayılovun ömür yoluna işıq salan müsahibənin başlanğıcı oldu.
– Rəhman müəllim, gəlin ömrünüzün başlanğıcından danışaq…
— Mən 1947-ci ildə Kəlbəcər rayonunun Kilsəli kəndində, kasıb kolxozçu ailəsində anadan olmuşam. Atam da, anam da kolxozda işləyirdi. Yaşayış çətin idi. Müharibədən yeni çıxmış ölkə idi, SSRİ-də vəziyyət ağır idi. Belə bir zamanda dünyaya göz açmışam.
– Uşaqlıq və məktəb illəriniz necə keçib?
— 1953-cü ildə birinci sinfə qədəm qoydum. Kəndimizdə yalnız yeddiillik məktəb fəaliyyət göstərirdi. Uşaqlıqdan riyaziyyata xüsusi marağım var idi. Beşinci sinifdən yeddinci sinfə qədər bizə dərs deyən Şirin müəllim Kəlbəcərdə tanınmış, peşəkar riyaziyyat müəllimi idi və bu fənnə sevgimin formalaşmasında mühüm rol oynadı. Maddi imkanlarımız məhdud idi, kitab və dəftəri böyük çətinliklə əldə edirdik. Buna baxmayaraq, oxumağa həvəsim sarsılmırdı. Ədəbiyyata da dərin marağım vardı. Ədəbiyyat müəllimim, eyni zamanda məktəbimizin direktoru olan şair Əli Qurban müəllim sözə, şeirə sevgimi daha da gücləndirdi. Elə bu sevginin təsiri ilə altıncı–yeddinci siniflərdə ilk şeir cəhdlərimə başladım.
– Orta məktəb və tələbəlik illəri Sizin yaddaşınızda hansı izləri, hansı kövrək xatirələri buraxıb?
– Orta məktəb illəri mənim yaddaşıma zəhmət, səbr və ümidlə hopub. Orta təhsilimi Kəlbəcərdə başa vurdum. Hər gün kənddən rayona beş kilometrlik yolu qışın şaxtasında, yayın istisində piyada gedib-gəlirdim. Bəzən ayaqlarım yol tutmurdu, amma ürəyim oxumaqdan dönmürdü. Çətin idi, çox çətin idi… Lakin o yollar mənim xarakterimi formalaşdırdı, dözümümü bərkitdi.
Sonra Gəncə şəhərində – o vaxtkı Kirovabadda Dövlət Pedaqoji İnstitutuna sənəd verdim. Riyaziyyat və ədəbiyyatdan yüksək qiymətlər alaraq instituta qəbul olundum. Əgər stipendiya olmasaydı, oxumaq mənim üçün sadəcə bir arzu olaraq qalardı. Aldığım 20 manat stipendiya mənim yaşamaq, oxumaq, ayaqda qalmaq imkanım idi. Əlaçı olanda verilən 28 manat isə sanki dünyanı mənə bağışlayırdı. Avtobusa pul verməmək üçün instituta piyada gedirdim. Hər qəpiyin, hər tikə çörəyin, hər dəqiqənin dəyərini o illərdə öyrəndim. O yoxsulluq içində qazandığım ən böyük sərvət isə sabaha olan inamım idi.
– Ailə həsrətini bu çətin illərdə necə yaşadınız?
— Ailə həsrəti o illərdə mənim üçün səssiz, amma ən ağır yük idi. Hər bazar günü ümidlə bazara üz tuturdum, Kəlbəcərdən gələn maşınların dayandığı yerə baxırdım. Bəzən saatlarla gözləyirdim, amma tanış bir sima görünmürdü. Elə günlər olurdu ki, əliboş geri qayıdırdım, ürəyimdə isə dərin bir boşluq qalırdı. Amma bir dəfə anamın göndərdiyi kiçik bir bağlamanı alanda sanki bütün dünya mənim oldu. İçində bişirdiyi kətə, bir az yağ, pendir vardı, amma ən qiymətlisi o məktub idi. O məktubu əlimə alnda elə bil anamın səsini eşidir, evimizin istiliyini hiss edirdim. Həmin məktub mənim üçün təkcə kağız parçası deyildi — ailəmin nəfəsi, dözümümün, ümidimin dayağı idi.
— Ananızın övladına olan fədakarlığını ən dərindən hiss etdiyiniz, sizi sarsıdan bir xatirəniz varmı?
— İkinci kursu bitirəndə yay tətili idi. Rayona – evimizə qayıdanda anama hədiyyə aparmaq istədim. Onun üçün bir donluq parça aldım; əvvəllər “bir tumanlıq” deyərdilər, yəni azı on iki metr parça. Ürəyim dolu idi, sevincim də saf idi – düşündüm ki, anam sevinsin, üzündə bir təbəssüm görüm.
Anam parçanı açıb baxdı. Bir anlıq susdu… sonra hönkür-hönkür ağlamağa başladı. Göz yaşlarının içindən titrək səslə dedi: “Ay bala, mən sənə pul göndərmişəm ki, özünə xərcləyəsən… sən isə gedib mənə donluq parça almısan. Gərək almazdın…” O an başa düşdüm ki, anamın ağrısı parçaya görə deyildi; o, öz payından kəsib övladına göndərdiyi pula, balasının özündən keçməsinə ağlayırdı. O göz yaşları bir ana qəlbinin səssiz fəryadı idi.
– Müəllimlik yolunuz necə başladı, bu yolun ilk addımları yaddaşınızda necə qalıb?
— İnstitutu bitirdikdən sonra məni doğma kəndimizə müəllim göndərdilər. Elə bil həyat məni yenidən uşaqlığıma, kasıb evimizin o sadə damına qaytarmışdı. Axşamlar dərsdən sonra evimizin damında bir lövhə qururdum, kəndin imkansız, amma ümidli uşaqları yığışırdı başıma. Pul almırdım, heç düşünmürdüm də… Onların gözlərində oxumaq istəyi görmək mənə yetirdi. Anam tez-tez soruşurdu: “Ay bala, gündüz məktəbdə dərs deyirsən, axşam da burda, yorulmursan?” Mən də onu incitməmək üçün deyirdim ki, dövlət bunun pulunu verir. Anam inanırdı, razı qalırdı, uşaqlara ürəkdən “oxudun, öyrənin” deyirdi.
1968-ci ildə hərbi xidmətə çağırıldım, Astarada əsgərlik etdim. Amma ürəyim müəllimlikdən ayrılmadı. Əsgərlikdən qayıdan kimi yenə kəndimə, şagirdlərimin yanına döndüm. Çünki mən artıq anlayırdım: müəllimlik mənim üçün sadəcə bir peşə deyil, taleyim, borcum və vicdanım idi.
— Komsomol fəaliyyəti və bu yoldan ayrılmaq qərarınız necə formalaşdı?
— O illərdə rayonda məni tanıyırdılar, işimə və savadıma hörmət vardı. Komsomol sistemində çalışmağa başladım, gələcəkdə vəzifə, karyera və imkan vəd edən bir yol idi. Amma həyatın reallığı kağız üzərində yazılanlardan çox fərqli idi. Aldığım maaş nə yaşayışıma yetirdi, nə də kirayə qaldığım evin dərdini yüngülləşdirdi. Uzaq kəndlərə piyada, maşınsız göndərilirdim, gecələr tək qalırdım, içimdə isə ağır bir sual böyüyürdü: “Mən kim üçün, nə uğrunda yaşayıram?”
Bilirdim ki, qalsam, zamanla vəzifə də olar, ad da, hörmət də. Amma vicdanımla razılaşa bilmədim. O mühitdə qalmaq üçün insan özünü itirməli idi. Mən isə özümü itirməkdənsə, yoxsulluğa qayıtmağı seçdim. Komsomoldan ayrılıb yenidən kəndə döndüm. Kənardan bu qərar bəlkə də böyük bir “itki” kimi görünürdü, amma əslində bu, mənim özümə, tərbiyəmə, ata-ana öyüdünə sədaqətimin ən ağır, ən dürüst ifadəsi idi.
– Ailə qurmağınız və övladlarınız həyatınızda necə bir iz qoydu?
Mənim bir qardaşım vardı… Dağla aran arasında yol gedən, qoyun sürülərini aparıb-gətirən çobanlardan biri ilə taleyi kəsişmiş, o taleyin ardınca üz tutub Xanlar rayonuna – indiki Göygölə gəlmişdi. Ona çox bağlı idim. Elə bir bağlılıq ki, adını əlimin üstünə, qolumun üzərinə yazmışdım. Ondan ayrılanda içim daralırdı, sanki nəfəsim yarımçıq qalırdı.
Bu həsrətə daha dözə bilməyib 1973-cü ildə doğma kəndimizi, rayonu geridə qoyub qardaşımın yanına – Göygöl rayonunun Hacıməlik qəsəbəsinə gəldim. O artıq burada ailə qurmuş, öz ocağını yandırmışdı. Mən də o ocağın yanında sığınıb qaldım. Altı il – 1973-cü ildən 1979-cu ilə qədər qardaşımın evində yaşadım. O ev mənim üçün sadəcə bir dam deyildi; ürəyimin rahatlandığı, ruhumun dinclik tapdığı yer idi.
Həmin kənddə qardaşımın bacanağının qızı ilə ailə qurduq, toy elədik. Yenə də bir müddət qardaşımgildə qaldıq. Bir ildən sonra torpaq aldıq, öz evimizi tikdik. O ev daşdan hörülməmişdi – o ev ümiddən, zəhmətdən, səbrdən yoğrulmuşdu. Və həyatımız məhz o evin bünövrəsi ilə birlikdə başlayıb, taleyimizin yolunu müəyyənləşdirdi.
— 1979-cu ildə ailə qurmağım həyatımın istiqamətini birdəfəlik dəyişdi. O gündən sonra yaşamağın mənası da, yükü də artdı. Allah bizə üç övlad nəsib etdi: Təravət, Hikmət və Afaq. Onları var-dövlət içində deyil, müəllim maaşı, halal zəhmət və səbrlə böyütdük. Bəzən evimiz soyuq olurdu, bəzən süfrəmiz sadə idi, amma övladlarımın ruhu üşüməsin, gözlərində ümid sönməsin deyə bütün çətinlikləri ürəyimizə basırdıq. Həyat yoldaşımın riyaziyyat müəllimi olması evimizdə elmə, nizam-intizama xüsusi yer ayırırdı və bu mühit uşaqların taleyinə səssiz-səmirsiz yön verdi.
Bu zəhmətin bəhrəsi illər sonra üzümüzə nur kimi qayıtdı. Təravət riyaziyyata xüsusi istedadı ilə seçildi, ali təhsilini riyaziyyat üzrə alaraq bu sahənin mütəxəssisi oldu. Hikmət hüquqşünas kimi cəmiyyətə xidmət yolunu seçdi, Afaq isə bu gün tanınmış uşaq həkimi kimi insanların ümid yerinə çevrilib. Elə vaxtlar olur ki, Afaq maaşını alıb deyir: “Ata, kartdan pulu çıxaranda sizin keçdiyiniz yollar, çəkdiyiniz əziyyətlər gözümün önünə gəlir.” O an anlayıram ki, illərlə çəkilən soyuq, aclıq, yuxusuz gecələr hədər getməyib. Mənim üçün ən böyük mükafat övladlarımın savadlı olması yox, vicdanlı, mərhəmətli, insan kimi yetişməsidir. Bu ailə mənim həm taleyim, həm də səssiz dualarımın cavabıdır.
– Bu gün nəvələrinizin uğurları Sizə hansı duyğuları yaşadır?
— Nəvələrimin uğurlarına baxanda elə bilirəm ki, ömrümün bütün əziyyətləri bir anda mənasını tapır. Onların bəzisi xarici universitetlərdə təhsil alır, bəzisi dövlət qulluğuna hazırlaşır, ingilis dilində oxuyub-danışırlar. Mən isə hər dəfə bu mənzərəni görəndə düşünürəm ki, vaxtilə çəkdiyim yoxsulluq, soyuq evlər, piyada qət etdiyim uzun yollar boşuna olmayıb. Bu gün nəvələrimin savadla, ləyaqətlə, ümidlə böyüməsi mənim üçün təkcə qürur yox, həm də ömrümün ən böyük bəhrəsi, Allahın mənə verdiyi ən qiymətli mükafatdır.
– Ədəbiyyat və Yazıçılar Birliyi Sizin həyatınızda hansı mənəvi boşluğu doldurdu?
— Şeir mənim üçün sadəcə söz düzümü deyil, içimdə illərlə yığılıb qalan nisgilin, həsrətin, susqun duaların səsidir. Mən danışa bilmədiklərimi şeirə pıçıldadım, ağrıdığım yerləri misralara köçürdüm. 2002-ci ildə “Dağlar ürək dağımdı” adlı şeir kitabım işıq üzü görəndə elə bildim illərlə sinəmdə daşıdığım bir yük yüngülləşdi. Sonra Yazıçılar Birliyinə üzv seçilməyim mənim üçün təkcə bir üzvlük vəsiqəsi deyildi — bu, çəkilən ağrıların, yazılan sətirlərin, səssiz gecələrin dəyərinin tanınması idi.
Yaradıcılığımın ana xəttini Kəlbəcər həsrəti, torpaq nisgili, vətən sevgisi təşkil edir. Harada olsam da, o dağların nəfəsi, bulaqların səsi misralarımda yaşayır. Bu gün torpaqlarımızın azad olması isə mənim üçün sözlə ifadə olunmayacaq qədər böyük bir səadətdir. Çünki indi yazdığım hər misra həsrətdən çox qovuşmanın, nisgildən çox ümidin səsinə çevrilib.
— Ananızın sizin həyatınızdakı yerini və onun qarşısında hiss etdiyiniz ömürlük borcu bir cümlə ilə ifadə edə bilərsinizmi?
Anam yanımda qalırdı… Hər nəfəsimdə onun varlığını, hər addımımda dualarını hiss edirdim. 1994-cü ildə ona bir şeir yazdım. Amma nə qədər səmimi olsa da, o şeir anamın biz övladlar üçün çəkdiyi əziyyətlərin, çəkdiyi gecələrin, susaraq udduğu ağrıların zərrəsi qədər də deyildi. O misralar bir oğul qəlbinin etirafı idi, borcun ödənməsi yox.
Deyirlər, Həzrət Əlidən soruşublar: “Atanın zəhmətini neçə ilə qaytarmaq olar?” O dərhal cavab verib: “Min ilə.” Sonra yenə soruşublar: “Bəs ananın?” Həzrət Əli susub… Təkrar soruşublar, yenə: “Bəs ananın zəhməti?” O zaman deyib ki, ananın haqqının ölçüsü yoxdur, dəyəri bitib-tükənməzdir, heç vaxt sona çatmaz. Mən də bu həqiqəti anama baxdıqca anlayıram: şeir yazmaqla, söz deməklə yox — ana haqqı yalnız qəlbdə daşımaqla, ömür boyu səcdə kimi yaşamaqla ödənə bilər.
ANA SƏNİN MƏZARIN
On beş yaşıma qədər,
mən cəhrənin səsinə
yuxudan oyanmışam.
Vaxtsız oyandığıma,
bəzən acıqlanmışam.
Gecə yarı olardı,
anam durduğu zaman.
Yandırardı çırağı,
asardı buxarıdan.
Nizamlayıb cəhrəni,
keçərdi öz yerinə.
Çevrilərdim o yana,
Çevrilərdim bu yana.
Dolardı köz yerimə,
axır əlacsız qalıb,
açıb kitab-dəftəri.
oxuyardım, yazardım.
Yatmaq istəyən zaman,
köhnə cəhrə səsindən,
təngə gəlib bezərdim!
Anamsa öz işindən,
yorulmuşam deməzdi.
Əli qabar olsa da,
dayanardı, dözərdi.
İp iyə dolandıqca,
anam bayatı deyər,
anam ağı deyərdi.
Dağ boyda əlçimləri,
ömrü tək əridərdi.
Anamın ağıları,
dükcələrə dolanıb,
yumağa sarınardı,
hopub əriş arğaca,
kilimə toxunardı,
xalıya toxunardı.
Kilim toxuyan əllər,
xalı toxuyan əllər,
taxıl biçən, ot biçən
Anlayıb duymamışam.
Əllər, əvəzsiz əllər
yadlara əl açmayan
qismətindən qaçmayan
üzüksüz, qolbağısız
bərsiz, bəzəksiz əllər!
Demə mənim qeyrətim,
demə mənim qüvvətim,
dayağımmış o əllər.
Çətin həyat yolunda,
dolaşanda, azanda,
mənim yol göstərənim,
mayağımmış o əllər!
Ürək döyüntülərim,
demə cəhrə səsiymiş.
Həyatın simfoniyası
ana zümzüməsiymiş.
Bilməmişəm zamanın,
ölüm adlı karvanı
dayanıb qapımızda
apararmış anamı!
Bihudə keçirmişəm
min təzadlı dünyanın
qayğısız illərini.
Heç özüm də bilmirəm,
Niyə sığallamadım,
Niyə əzizləmədim
anamın göy damarlı
yorulmuş əllərini.
İndi başa düşürəm,
həmin o cəhrə səsi,
anamın ağıları,
anamın zümzüməsi
gözlərimə nəqş olub
yazılmalıymış demə!
Ana, sənin məzarın,
atasız torpaqda yox
ürəyimin başında –
qazılmalıymış demə!!
Rəhman İsmayılovun həyat yolu adi bir insan taleyindən xeyli böyük, xeyli dərin məna daşıyır. Bu ömür uca dağların səssizliyində başlayıb, zəhmətlə böyüdülən övladların uğurunda mənasını tapıb. Yoxluq içində ləyaqəti itirməmək, çətinliklər qarşısında savada sığınmaq, ailəni və vətəni hər şeydən uca tutmaq bu yolun dəyişməz dəyərləri olub. Onun hekayəsi təkcə keçilmiş yolların xatirəsi deyil, həm də səbrin, vicdanın və insanlığın dərsidir. Bu müsahibə bir ömrün səmimi etirafı, ağır zəhmətin səssiz hesabatıdır. Və bu hesabatın ən böyük nəticəsi nə ad, nə vəzifə, nə də şöhrətdir — bütün çətinliklərə baxmayaraq, insan kimi qalmaqdır.