Göytəpəli qəhrəmanın Murov səfəri

Göytəpəli qəhrəmanın Murov səfəri
Cəmiyyət 23 Fevral 2026 - 16:24

Qəhrəmanımızla tanışlıq Cəlilabad rayonunun 2 saylı tam orta məktəbindən başladı. Vacib işim düşdüyündən yolumu cənub rayonumuz  olan Cəlilabaddan  salmışdım. Bildiyimə görə tələbə yoldaşlarımın işlədiyi 2 saylı məktəbə dönməyi özümə borc bildim. Məqsədimi öyrənən məktəbin  dəyərli rəhbərliyi və kollektivi  məni gülərüzlə və qonaqpərvərliklə qarşılayıb tələbə yoldaşlarım Məmmədov İlham, Əzizov Rəsul , Əzizov Elvin və Əliyev Niyaz müəllimlərlə görüşdürdü. İlk tanışlıq zamanı məlum oldu ki, məktəb Vətən Müharibəsi şəhidi, Kəlbəcərin azad olunması uğrunda qəhrəmanlıq və şücaət göstərən  Rəşad Abdullayevin adın daşıyır. Bu xəbərdən sonra nələr yaşadım, nə eşitdim, nə gördüm xəyal kimi gəlir yadıma. Onu bilirəm ki, həmən məktəbin həyətində qoyulmuş şəhidimizin abidəsini ziyarət etdik. Abidə gözümün önündə illərdi xəyalımda adını yaşatdığım, qəlbimin hərarəti ilə, gözlərimin yaşı ilə cücərdib böyütdüyüm dəniz səviyyəsindən 3260 m hündürlükdə yerləşən , məğrur , zirvəsi qarlı, mahir ovçulara ov verməyən Murov dağı kimi ucaldı. Elə oradaca  sabah vüsalına həsrət qaildığım vətənim Kəlbəcər uğrunda canından keçən şəhidin ailəsi ilə görüşməyi qərara aldıq. 

 Göytəpəyə gedən yol məni sanki Kəlbəcərə aparırdı. Evin qabağında dalğalanan qürurverici Azərbaycan bayrağı  və iri cüssəli, mehriban baxışlı kapitan Rəşad Abdullayevin xatirə lövhəsini görəndə özümü saxlaya bilməyib hönkürdüm. Bir neçə dəqiqədən sonra dostlar qapını döyüb Arif dayını səslədilər. İçəridən çıxan həlim baxışlı Arif dayı bizi həyətə dəvət etdi.

   Həyətin içində cənnət guşəsi kimi güllərlə , şəkillərlə , şəhidin medal və təltifləri ilə bəzədilmiş  bir otağa daxil olduq. Şəhidin valideyinləri Kəlbəcərdən olduğumu bilib kövrəldilər. Son dərəcə dünyagörüşlü , təmkinli, şükürlü, hamıdan razılıqla danışan atası Arif dayı və anası Sevil xanım aramla, səbirlə, bir –birinin sözünü kəsmədən və ara -sıra göz yaşlarını gizlətməyi bacarmadan danışmağa başladılar. Məlum oldu ki, hələ dünyaya gəlməmişdən ana yuxusunda tezliklə bu evdə bir ulduz doğulacağını görüb. Rəşad dünyaya gələndə yaxınları bu yuxunu elə oğul parlayan ulduzdu deyəyrək yozublar. Sən demə,Rəşadın taleyinə, nəinki bu evdə bütöv Azərbaycanda və cənnətdə işıq salan bir ulduz olmaq yazılmışimiş.

     Məlum oldu ki, Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Göytəpə  şəhərində anadan olub. Ailəsində özü də daxil olmaqla 4 uşaq olan Rəşad 3 bacının yeganə qardaşı idi. İlk təhsilini Göytəpə kəndində təhsil alandan sonra Rəşad  9-cu sinifdə 2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə liseyi bitirən Abdullayev həmin ildən 2010-cu ilə qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2010-cu ildə məktəbi "motoatıcı" ixtisası üzrə bitirib. 2010-cu ildə ali hərbi məktəbi "motoatıcı" ixtisası üzrə bitirərək "leytenant" rütbəsi ilə hərbi vəzifəsinə başlamışdır. Daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilmiş,  Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tankəleyhinə Tağım Komandiri vəzifəsində xidmət etmiş, “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunmuşdur. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Rəşad Abdullayev "N" saylı hərbi hissənin komandir müavini kimi döyüşlərdə yaxından savaşmışdır. Onun da rəhbərliyi ilə aparılan döyüşlərdə düşmən tərəfindən illərlə qurulan "yenilməz Ohanyan xətti" kimi tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

   Döyüşlərdə böyük qəhrəmanlıq göstərirdi. Təəssüf ki, 29 Sentyabr 2020 ci ildə Kəlbəcərin işğaldan azad olunması zamanı gedən ağır döyüşlərdə Susuzluq uğrunda gedən ölüm-dirim savaşında 32 yaşında  qəhrəmancasına həlak oldu. 

     Gəlnindən və nəvələrindən ağız dolusu danışan Sevil anamız bildirdi ki, Rəşad Abdullayev 8 sentyabr 2013-cü ildə Gülnar Abdullayeva ilə ailə həyatı qurub. Gəlni deyirmiş ki, Rəşad bu dünyada mənim həm atam, həm qardaşım, həm də sevimli həyat yoldaçım olub. Ailəsi Bakıda yeni alınan mənzildə Rüqəyya adlı qızı və Məmmədağa adlı oğlu ilə birlikdə yaşayırlar. Heç nədən korluqları yoxdu . Dövlət başçısından və rayon rəhbərliyindən  razıdır. Rəşadın döyüş yolunu layiqincə qiymətləndiriblər. O ,"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətlərə görə" medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı,

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı, "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra), "Vətən uğrunda" medalı (ölümündən sonra), "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) və "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) təltif olunub . Adına Qaradağ rayonunda küçə, Cəlilabad raon 2 saylı tam orta məktəb verilmişdir. Tez –tez adını daşıyan məktəbə anım gününə  və başqa tədbirlərə dəvət edirlər. Lakin itki ağırdır. Hər səhər onun xəyalı ilə yatıb, hər səhər onun adı ilə oyanıram ...

   Arif dayı bizi təkidlə evə dəvət etsə də onsuz da oruc olduğumuzu bildirib, təsəlli verib öpüşüb ayrıldıq.  Göz yaşıyla , amma ailədən aldığım gözəl təssüratın təsiri altında ayrılanda Arif dayıya belə söz verdim : ,, Arif dayı, sən bir oğul itirsən də yüzlərlə oğul qazandın. Əğər ömür vəfasız olmayıb məni həsrətində olduğum vətənimə qovuçdursa, ilk qonağım siz olacaqsız. “


Adil Həmid,

Tədqiqatçı-jurnalist

reklamlar

Digər xəbərlər