Martın 13-də parlamentdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzənin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirdi ki, son bir neçə ildə Azərbaycanın artım tempində azalma müşahidə olunur.
Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub. Vitse-spiker demoqrafik məsələlərə diqqətin artırılmasının vacibliyini qeyd edib.
Bəs görəsən, demoqrafik göstəricilərin yaxşılaşması üçün hansı addımların atılmasına ehtiyac var?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov açıqlamasında bildirib ki, təbii artımın dəstəklənməsi ilə bağlı bir sıra təkliflər verib.
Deputat qeyd edib ki, təkliflərdən biri çoxuşaqlı ailə anlayışına baxılması və bunun mərhələli şəkildə 5-dən 3-ə endirilməsidir: "Burada mühüm məqamlardan biri ondan ibarətdir ki, "Əmək pensiyaları haqqında" qanunda 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı hesab olunur. "Sosial müavinətlər haqqında" qanunda isə 5-dən çox uşağı olan ailələr çoxuşaqlı hesab edilir. Beş uşağı olan ailələrdə analar və atalar bir sıra hallarda daha tez pensiyaya çıxırlar. Amma həmin ailələr müavinət ala bilmirlər. Müavinətlərin verilməsi zamanı 5-dən çox ifadəsi qeyd olunduğu üçün bu, 6 və daha çox uşaqlı ailələrə şamil olunur.
Bizim təklif ondan ibarətdir ki, çoxuşaqlı ailə anlayışına baxılsın və 3-ə endirilsin. Bu halda 3 və daha çox uşağı olan ailələr həm dövlət büdcəsindən aylıq müavinət ala biləcəklər, həm də bu imkan verəcək ki, həmin ailələrdə valideynlər uşaqların sayına uyğun olaraq daha tez pensiyaya çıxmaq hüququ əldə etsinlər. Düşünürəm ki, çoxuşaqlı ailə anlayışına baxılması və bu istiqamətdə dəyişikliklər təbii artıma təsir göstərə bilər. Hazırda 5 və daha çox uşağı olan ailələrin sayı çox deyil. Amma bu 3 və daha çox uşağı olan ailələrə şamil olunsa, mərhələli şəkildə 3 uşaqlı ailələrin sayının çox olmasını və təbii artımın daha yaxından dəstəklənməsini müşahidə edə bilərik"./Unikal