Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti humanitar yardım yola salınıb.
Zekainfo.az xəbər verir ki, yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.
Göndərilən budəfəki humanitar yardımın ümumi həcmi 82 ton təşkil edir. Yardıma 76 ton ərzaq və qida məhsulları, 4 ton dərman vasitələri, həmçinin 2 ton tibbi ləvazimatlar daxildir.
Humanitar yük 5 yük avtomobili (TIR) vasitəsilə yola salınıb.
Eyni zamanda, Novruz bayramı ərəfəsi nəzərə alınaraq, yardım karvanına bayram sovqatı və müxtəlif Novruz məhsulları da əlavə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatlar Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər.