Birinci Türkoloji Qurultay Türk dünyasının ortaq tarix, dil və mədəniyyət şüurunun formalaşmasında mühüm rol oynayıb.
Zekainfo.az xəbər verir ki, bu fikir Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində səsləndirilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətində yer alıb.
Müraciətdə qeyd olunub ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın iştirakçıları qəbul etdikləri qərarlar və ortaya qoyduqları elmi baxışlarla təkcə öz dövrünə deyil, bu günə də işıq salan irs formalaşdırıblar.
Müraciətdə, həmçinin vurğulanıb ki, Qurultayın miras qoyduğu idealları yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün türk dünyasının ortaq məsuliyyətidir. Diqqətə çatdırılıb ki, Türk Dövlətləri Təşkilatının fəaliyyəti də İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” prinsipi əsasında getdikcə daha da dərinləşir və Birinci Türkoloji Qurultayın müəyyənləşdirdiyi baxış bu gün də yolgöstərici rolunu oynayır.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Türkiyənin əsas məqsədi Türk dünyasının ortaq tarixinə, dilinə və mədəniyyətinə sahib çıxaraq, bu irs üzərində “Türk əsri”ni birlikdə inşa etməkdir.
Prezident qeyd edib ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirildiyi kimi, onun 100 illiyinə həsr olunmuş tədbirin də Azərbaycan paytaxtında təşkil olunması təsadüfi deyil. Onun sözlərinə görə, Türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan bu gün də türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir.