Bir qazinin cavabı, bir Ananın göz yaşı... O an vətənin ağrısı hamının ürəyindən keçdi

Bir qazinin cavabı, bir Ananın göz yaşı... O an vətənin ağrısı hamının ürəyindən keçdi
Gündəm 09 İyul 2026 - 10:21
Bəzən bir neçə saniyəlik görüntü uzun-uzadı çıxışlardan, yüzlərlə cümlədən daha təsirli olur. Çünki həqiqi duyğular nə ssenari tanıyır, nə də süni görünür. Onlar bir xalqın yaddaşına əbədi həkk olunur.
Cənab Prezident İlham Əliyevin Vətən müharibəsi qazilərindən birinə səmimi və kövrək səslə ünvanladığı "Gözünə nə olub?" sualı da məhz belə anlardan biridir. Bu sadə görünən sualın arxasında Ali Baş Komandanın hər bir qazinin taleyinə göstərdiyi diqqət, onların keçdiyi şərəfli döyüş yoluna olan ehtiram dayanırdı.
Qazinin verdiyi cavab isə ürəkləri sızlatdı: "Füzulidə, Hadrudda yaralanmışam..."
Bu sözlər təkcə bir döyüşçünün aldığı yaranı deyil, Vətən uğrunda canından, sağlamlığından keçən minlərlə igid Azərbaycan övladının taleyini ifadə edirdi.
Elə həmin an Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göz yaşlarını saxlaya bilməməsi bu görüşün ən duyğulu məqamlarından birinə çevrildi. O göz yaşları yalnız bir qazinin ağrısına deyil, şəhid analarının nisgilinə, qazilərimizin çəkdiyi əzablara, xalqımızın Vətən uğrunda ödədiyi ağır bədələ verilən ən səmimi mənəvi reaksiyalardan biri idi.
Qələbə yalnız azad edilən torpaqlar deyil. Qələbə həm də o torpaqlar uğrunda sağlamlığını fəda edən qazilərimizin iradəsi, şəhidlərimizin müqəddəs xatirəsi və dövlətin öz qəhrəmanlarına göstərdiyi yüksək diqqət və qayğıdır.
Bu gün Azərbaycanın qaziləri dövlətimizin və xalqımızın ən böyük mənəvi sərvətlərindəndir. Onların hər biri canlı qəhrəmanlıq salnaməsidir. Gənc nəsil bu fədakarlıq nümunələrini öyrəndikcə Vətən sevgisinin nə qədər müqəddəs anlayış olduğunu daha dərindən dərk edəcək.
Bəzən bir sual, bir cavab və bir damla göz yaşı bütöv bir xalqın hisslərini ifadə etməyə kifayət edir. Çünki Vətən sevgisi sözlə deyil, belə anlarla yaşayır, nəsildən-nəslə ötürülür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm cansağlığı versin. Azərbaycan xalqı onların göstərdiyi qəhrəmanlığı heç vaxt unutmayacaq. Bu müqəddəs xatirələr milli həmrəyliyimizin, dövlətimizə bağlılığımızın və vətənpərvərlik ruhumuzun əbədi rəmzi olaraq yaşayacaq.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist, Zekainfo.az saytının baş redaktoru


reklamlar

Digər xəbərlər