“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan

“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
Dünya 24 Sentyabr 2026 - 22:35

“Türkiyə Yunanıstanın düşməni deyil, onun qonşusu və NATO çətiri altında müttəfiqidir”.

Zekainfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Türkiyə lideri Yunanıstanda yaxınlaşan seçkilər fonunda Baş nazir Kiriakos Mitsotakis tərəfindən F-35 qırıcılarının satışı ilə bağlı verilən bəyanatların iki ölkə arasındakı yumşalma və danışıqlar mühitinə təsiri barədə suala cavab verib:

“Yunanıstanın və ya başqa qonşularımızın daxili siyasəti ilə maraqlanmaq kimi bir dərdimiz yoxdur. Yunanıstanda seçki olar, hökumət dəyişər, müxalifət dəyişər – bunlar bizim məsələmiz deyil. Bizim məsələmiz Türkiyənin hüquqları, təhlükəsizliyi, Egey və Şərqi Aralıq dənizində sülhün və sakitliyin qorunmasıdır. Bunu bir dəfə çox aydın şəkildə demək istəyirəm: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur, NATO çətiri altında müttəfiqidir”.

Ərdoğan iki ölkə arasındakı münasibətlərin seçki materialına çevrilməyəcək dərəcədə zərif və mühüm olduğunu vurğulayıb:

“Sözügedən müzakirələrə məhz bu bucaqdan baxırıq. Biz öz gündəmimizə fokuslanmışıq və hazırda öz işimizlə məşğuluq”.

reklamlar

Digər xəbərlər