Təhsil
09:00, Bugün
Bəzən adi bir an insanın yaddaşında xüsusi iz buraxır. Bu günlərdə çalışdığım Bakı şəhəri 347 nömrəli tam orta məktəbin müəllimlər otağında stolun üzərindəki bir kitab diqqətimi çəkdi. Kitabı əlimə alıb səhifələyərkən maraqlı bir məqamla qarşılaşdım: məktəbimizin sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı müavin Əsmər Əzimzadə haqqında nə az, nə çox, düz 21 səhifəlik geniş və maraqlı yazı yer alırdı.
Kitabın səhifələrində Əsmər Əzimzadənin uşaqlıq illərindən başlayan təhsil yolu, fizika müəllimliyi ixtisası, müəllimlik fəaliyyəti, pedaqoji prinsipləri, məktəb rəhbəri kimi gördüyü işlər, şagirdlərə münasibəti və müxtəlif insanların onun haqqında söylədiyi fikirlər ətraflı şəkildə təqdim olunub. Yazıda onun savadı, zəhmətkeşliyi, təşəbbüskarlığı, təhsilə və şagirdlərə münasibəti ilə yanaşı, şəhidlərə və qazilərə göstərdiyi diqqət də xüsusi vurğulanır.
Məni xüsusilə düşündürən məqamlardan biri Əsmər müəllimənin uşaqlıqdan poeziyaya marağı və şeir yazması oldu. Yazıda 10 yaşında onun şəhidlərə həsr etdiyi şeirdən bu bənd də təqdim edilir:
Vətən, torpaq yolunda
Getdi igid oğullar.
Şəhidlər bu torpağa
Minlərlə can qoydular.
Bu bənd Əsmər müəllimənin yalnız savadlı deyil, həm də istedadlı, duyğulu və mənəvi dəyərlərə bağlı bir insan olduğunu göstərən maraqlı nümunələrdəndir. Onun şeirə, ədəbiyyata və milli-mənəvi dəyərlərə münasibəti yazının müxtəlif məqamlarında da öz əksini tapır.
Kitabda Əsmər Əzimzadənin təhsil və əmək fəaliyyəti ilə bağlı rəqəmlər və faktlar da diqqət çəkir. Xüsusilə onun müəllimlərin diaqnostik qiymətləndirməsində yüksək nəticə göstərməsi, direktor vəzifəsinə qəbul müsabiqəsində uğur qazanması və rəhbərlik etdiyi Göyəçöl kənd məktəbinin təhsil göstəricilərinin yüksəlməsi haqqında məlumatlar onun pedaqoji fəaliyyətinin nəticələrini ortaya qoyur.
Yazının sonunda müəllifin Əsmər müəllimə ilə bağlı söylədiyi fikirlər isə xüsusilə diqqətçəkəndir:
“Ey hörmətli müəllim,
Hər könüldə yerin var!”
Bu misralar Əsmər müəllimənin müəllimlik fəaliyyətinə və insanlar arasında qazandığı hörmətə verilən mənəvi qiymət kimi səslənir.
Mənim üçün isə bu yazını oxumağın ən gözəl tərəfi odur ki, Əsmər kimi savadlı, istedadlı və peşəsinə bağlı bir müəllimlə eyni kollektivdə çalışıram. Hesab edirəm ki, müəllimin əsl dəyəri yalnız öyrətdiyi dərslə deyil, yetişdirdiyi insanlarla və ətrafına bəxş etdiyi mənəvi işıqla ölçülür.
5 Oktyabr – Müəllimlər Günü münasibətilə Əsmər müəlliməni və onun timsalında məktəbimizin bütün müəllim kollektivini ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yaradıcılıq və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıram.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru,
Bakı şəhəri 347 nömrəli tam orta məktəbin psixoloq-müəllimi