"Sabah Kəlbəcər Şəhəri Günü qeyd ediləcək. Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik rayonlardan hesab olunur. 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən vəhşicəsinə dağıdılıb və təbii ehtiyatları qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarlıq ziyan dəyib".
Zekainfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Kəlbəcərin mərmər oniksi, nefroid ehtiyatları da daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları mövcuddur:
"Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verdi. Həmçinin tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur. Son 5 ildə Kəlbəcər Cənubi Qafqazın ən dinamik inkişaf edən yaşayış məntəqələrindəndir. 2020-ci ildə iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı cəmi 49 milyon manat olan Kəlbəcər rayonunda hazırda 1.5 milyard manatdan çox məhsul istehsal olunur.
Zəfərdən sonra Kəlbəcər rayonunun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb. 2020-ci ildə cəmi 224 min manatlıq sənaye məhsulu istehsal edən Kəlbəcər 150 milyon manatdan yüksək sənaye potensialına malikdir. Bərpa və yenidənqurma işləri ilə əlaqədar olaraq Kəlbəcərdə tikinti sektoru son 5 ildə 165 dəfə böyüyüb. Bu qlobal olaraq bir yaşayış məntəqəsi üçün rekord göstəricilərdəndir. Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyub".