Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı - Yenilənib

Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı - Yenilənib
Hadisə 27 Oktyabr 2026 - 16:40

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.

Zekainfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, ailənin oğlu anasını, atasını və qardaşı arvadını bıçaqlamaqda şübhəli bilinir.

Nəticədə ana - 1971-ci il təvəllüdlü İsmayılova Çiçək Musa qızı aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.

***

Salyan Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 27-si Salyan rayonunun Sarvan kənd sakini 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri 1966-cı il təvəllüdlü Ağababa İsmayılov, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsi, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, P.İsmayılov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

reklamlar

Digər xəbərlər