Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər zaman möhkəm olub və bundan sonra daha da möhkəmlənəcək.
Zekainfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı ilə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər xalqlar arasında ən yüksək səviyyədə olan dostluq və qardaşlıq əlaqələrinə əsaslanır. Şuşa Bəyannaməsi ilə iki ölkə arasında müttəfiqlik münasibətləri də rəsmiləşdirilib.
Onun sözlərinə görə, yaxın və qardaşlıq münasibətləri digər ölkələrdə baş verən proseslərin və fərqli fikirlərin mövcudluğunu istisna etmir.
“Azərbaycanın bununla bağlı yanaşması və mövqeyi çox aydın və açıqdır. Azərbaycanın öz inkişaf modeli var və ölkəmiz bu modelə uyğun inkişaf edir. Hesab edirik ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri indi də hər zamankı kimi möhkəmdir və bundan sonra daha da möhkəm olacaq”, – Ceyhun Bayramov vurğulayıb.