Şəkil (hekayə)

Şəkil  (hekayə)
Cəmiyət 14 İyun 2024 - 16:03

Ailənin yeganə övladıyam. Nə bacım var, nə də qardaşım. Mən doğulandan sonra hamilə olan anam az qalıb ölə. Doğuş zamanı uşaq tələf olmuş, anamın da vəziyyəti ağırlaşmışdı. Həkimlərin deməyinə görə, anam daha dünyaya uşaq gətirə bilməzdi. Bu həm anama, həm də atama təsirsiz ötmədi.

 

Artıq böyümüşdüm. Ata-anam nazımı çəkirdisə, mən də canla-başla onlara qulluq edirdim. Atamın evdə daim qaş-qabaqlı olmasını görəndə anam üzülürdü. Bu vəziyyət gözlərimdən yayınmırdı. Qaşları çatılmış atam qaradinməz oturardı. Gözlərim onun alnındakı qırışlarda dikilərdi Kişinin qaşları arasındakı qırışlar qədim heroqlif yazıları xatırladırdı. Deyirlər iki qaş arası ürəyin güzgüsüdür. Ürəkdə çəkilən iztirabın şəkli qaşlar arasında görsənir.

 

Atamın qaşqabaqlı olması, bir də daim ah-uf eləməsi də məni çox düşündürürdü. Deyirdim görəsən bu kişi bu ah-ufları ilə nə demək istəyir. Bəlkə anamla evlənməyi, anamın xəstə düşməyi onu incidirdi. Atam bağlı sandıq kimi nə açılır, nə də bizimlə düz-əmməlli söhbət edirdi.

 

Mən orta məktəbi qurtarmışdım, attestat almalı idim. Əlaçı oxuduğumdan işlərim qaydasında gedirdi. Əvvəlki vaxtlar olsaydı, “qızıl medal” da verərdilər. Ara qarışıb, hərc-mərclik yaranandan sonra daha əlaçı şagirdlərə medal vermədilər.

Əla qiymətlər yazılan attestatımı alıb evə gətirdim. Tək bircə dəfə həmin gün atamın alın qırışları yox oldu. O, çox sevinirdi:

– Qızım, sənin bu qələbəni qeyd etməliyik. Sevincini əminlə, bibinlə bölüşmək üçün şadyanalıq süfrəsi açaq, evimizdə şənlik olsun. Mən də gedim bazarlıq eləyim gətirim.

 

Səhər tezdən bazara gedən atamdan hələ də xəbər yox idi. Mən evdə səliqə-səhman yaratdım. Qonaqlar üçün yer düzəltdim, süfrə sərdim. Qab-qacaqları düzdüm. Anam da qalxdı. Köməkləşib işləri gördük. Qəflətən edilən telefon zəngi sükutu pozdu. Düşündük, yəqin əmimdir. Telefonu açanda boğuq kişi səsi gəldi.

       Bura Rafiq Abbasovun evidir?

       Bəli – dedim.

       Siz Rafiqin nəyisiniz?

       Qızıyam, – dedim.

       Təcili üç nömrəli xəstəxanaya gəlin, atanız oradadır, onu maşın vurub.

 Atam adəti üzrə sənədlərini cib dəftərinin arasında gəzdirərdi. Görünür, telefon nömrəsini də oradan öyrənmişdilər.

 

Özümü xəstəxanaya çatdırdım. Əmim də gəlib çıxdı. Atamın başı, qolları, bir ayağı sarıqda idi. Başı üstündə həkim dayanıb, gombul şəfqət bacısına göstərişlər verirdi. Şəfqət bacısı da atama sistem qoşurdu. Onun halı yaxşı olmadığından özünü bilmirdi. Bu vəziyyəti görəndə, ən çox ağlayıb, özünü öldürən bibim və mən idim. İndiki zamanda atasız yaşamaq dözülməzdir. Xüsusilə, qızlar üçün. Deyirlər, ən çox ata qızlara lazımdır...

 

Qəza zamanı ağır vəziyyətə düşən atam iki gündən sonra xəstəxanada dünyasını dəyişdi. Onun ölümü dünyamızı kor qoydu. Arzularımı darmadağın elədi. Qarşıda məni ali təhsil almaq gözlədiyi halda, ümidimi, xəyallarımı atamla bilikdə qara torpağın altında basdırdım. Ailədə onsuz da anamın bir rolu yox idi. O, evdar qadın idi, nə savadı, nə peşəsi vardı. Deməli, bütün məsuliyyət mənim üzərimə düşürdü. Dolanmağımız üçün işə girməli, evə çörək pulu gətirməliydim. Atamın yoxluğu evdə get-gedə daha çox hiss olunur, boş qalan yeri görünürdü. Düşündüm ki, evi səhmana salım, sonra özümə iş axtarım. Birinci paltar şkafından başladım. Atama aid nə paltar vardısa, hamısını ortaya tökdüm. Bir-bir ciblərini yoxladım. Birdən pencəyin qoltuq cibindən dörd qat bükülmüş bir kağız tapdım. Kağızın arasından atamın əsgərlik şəklni  gördüm. Burada yanında ana və uşaq olan ikinci bir şəkil də vardı. Qarayanız göyçək qadın qucağındakı oğlan uşağını bərk-bərk bağrına basmışdı. Şəkilin arxasında “Rafiku ot Valii” sözləri yazılmışdı. Deməli, atamın alnında, qaşları arasında yazılan, heroqlifin şifrəsinin sirri açıldı. Tapıntım haqqında anama heç nə demədim. Özləri bilər. Nəyə görə anamın qanını qaraltmalı idim, onsuz da xəstə adamdır.

 

Evi qaydaya salandan iki gün sonra şəxsi ofisdə kompyuter operatoru işinə düzəldim. Müdir yaraşıqlı, boylu-buxunlu bir oğlan idi. Atasız olduğumu biləndə mənə rəhmi gəlmişdi. Maaşımı da artıqlaması ilə verməyə başladı. Mənsə görməli olduğumdan əlavə bir çox işlərdə ona yaxından kömək edirdim. Əlaçı oxumağım, əməlli-başlı əlimdən tuturdu. Dolanışığımız yaxşı olsa da anamın xəstəliyi məni üzürdü. Əczəxanada satılan dərmanlar qanı qiymətinə idi. Xüsusilə, həkimlərin yazdıqları şirkət dərmanları cibimi soyurdu. Anamın dərdindən giley-güzarı unudurdum.

İstirahət günü televizorun qarşısında oturub “Səni axtarıram” verilişinə baxırdım. Anam da yuxuya getmişdi. Aparıcı yaxınlarını axtaranlara söz verdi. Sonra verilişə gələn məktublar oxundu. Studiyanın yuxarı başında divardan asılan böyük ekranda qarayanız bir oğlan göründü. Otuz-otuz beş yaşı olardı. O, deyirdi:

– Mənim atam Gəlincik şəhərində hərbi xidmətdə olan zaman Moskva şəhərindən tələbə yoldaşları ilə birlikdə meyvə dərməyə göndərilən anamla tanış olurlar. Bir tərəfi dağlarla, o biri tərəfi dənizlə əhatə olunan şəhərin ətrafı meşəliklərdən ibarətdir. Onlar bir-birlərini sevmiş, münasibət yaratmışlar. Sonra anam evə dönmüş, hələ də hərbi xidmətdə olan atama məktublar yazmışdır. Mən anadan olanda artıq atam xidmətini başa vurmuşdu. Atam öz vətənində olanda da anamla məktublaşırmış. Mən dünyaya gələndən sonra anam mənimlə çəkdirdiyi şəkilini atama göndərmişdir. Məktublaşma davam etsə də, anamın yazdıqlarına atamdan cavab gəlməmişdir. Ara kəsilmişdir. İndi mən atamı axtarıram. Yəqin ki, o, anama yazdığı məktubun göndərildiyi ünvanda yaşayır.

 

O, atamın şəkilini də göstərib, adı Rafiq, soyadı Qoca oğlu Abbasovdur, – deyəndə sanki qulaqlarım tutulmuşdu, qulağım açıldı, eşitdiyimə inanmadım. Bir də ki, inanmamalıydım axı. Vaxtı ilə atamın qaşları arasında yaranan heroqliflərin şifrəsi bir-bir açılırdı. Yenə özümü əla alıb, anama heç nə demədim.

Bir neçə gün keçdi. Telestudiyadan evə zəng çalındı. Dəstəyi götürüb o biri otağa keçdim:

       Bura Rafiq Qoca oğlunun evidir?

       Bəli, – dedim.

       Xahiş edirik sabah saat üçdə bizə qonaq gəlin. Şəxsiyyət vəsiqənizi də götürməyi unutmayın.

Studuyada qonaqlar üçün ayrılmış divanda oturdum. Qulağında mikrofon olan aparıcının göstərişi ilə ötən gün olanları bir də təkrar göstərdilər.

Aparıcı mənə müraciətlə:

       Rafiq  Qoca oğlu sizin atanızdır?

       Bəli – dedim.

Oğlanın müraciətinə yenidən baxdıq.

Aparıcı gülə-gülə:

 – Bilirsiniz, sizin qardaşınız var. O gəlib. Qalxın qardaşınızı qarşılamağa hazır olun. Hazırsınızmı? – deyə bir də soruşdu.

Qonaqlar gələn qapı açıldı. Salona daxil olan ucaboy, qarayanız  qəşəng oğlan elə bil atamla yarı bölünən alma idi.

Aparıcı bizi bir-birimizə təqdim etdi.

 

– Bacınızdır – dedi. Biz qucaqlaşdıq. Ata-anam haqqında heç nə demədim. Onu evimizə gətirdim. Anam xəstə olduğundan yataqda yatırdı. Anamı ona təqdim elədim. Anamın üzünə baxan kimi, adı Tofiq olan qardaşım halsız anamın nəbzini yoxladı. Sən demə, o, Moskvada adlı-sanlı həkim imiş. – Təcili xəstəxanaya çatdıraq – dedi. Onun dediyi kimidə elədik. Anamımn başı üstündə özü dayandı. Lazım olan dərmanları elə xəstəxanada alıb, müalicəyə başladı. Bir neçə gün ərzində anamın vəziyyəti yaxşılaşdı. Hələ də həyəcanlı olan Tofiqi anama təqdim elədim. O, mənim qardaşımdır – dedim. Anamın daha yaxşı olduğunu görən Tofiq atamı soruşdu. Atası haqqında eşitdikləri onu çox üzdü.

 

Atamın cibində gəzdirdiyi şəkili gətirib ona göstərdim. Sevincindən göz yaşı tökdü. Demək, atam məni heç zaman unutmamışdır. – söyləyib, təəssüf hissi ilə köks ötürdü:

       Heyf ki, atamı ömrümdə bircə dəfə də olsa, görmək mənə qismət olmadı...

 

 

 

Cəmilə Çiçək/zekainfo.az

filologiya üzrə fəlsəfə doktoru,

Prezident mükafatçısı

reklamlar

Digər xəbərlər