Vətən müharibəsinin igidlərindən olan Ömərin öz arşını, öz aşırımı var idi

Vətən müharibəsinin igidlərindən olan Ömərin öz arşını, öz aşırımı var idi
Cəmiyət 14 İyun 2024 - 16:04

Doğma Azərbaycana oğulluq borcunu verərək ləya­qət­li ömür yaşamaq şərəfdir. Belə şərəfli ömür sa­hib­lərimiz - igid ərənlərimiz xal­qımızın yetişdirdiyi övladla­rın arasında barmaqla sayılacaq qədər deyil, çoxdur! Qarabağ uğrunda apardığımız mübarizədə və sa­vaşlarda onları bir da­ha yaxından, olduqları kimi tanıdıq. Belə igid ərənlərimiz hə­yat­­ları boyu haqqa, ədalətə tapınmaqla, ülvi məqsədlər uğrun­da mübarizə aparır, hər vaxt millətinə, xalqına  etibarlı, yurdu­na sə­daqətliliyi ilə seçilirlər. 

 

Məhz buna görə xalqımızın, o cümlədən elimizin igid, dəyərli oğulları aramızda olmasalar da, qoyub getdikləri xoş əməl­lər bu gün Günəş müqəddəsliyinə dönərək, qəlbimizə şə­fəq saçır...

 

 Belə fərqlənən igidlərimizdən biri də dağlar diyarı Kəl­bə­­cərin cəsur oğlu, adını hərb tariximizə qəhrəmanlıq nümu­nə­si kimi yazdıran, kiçik yaşlarından “əsl kişilik məktəbi” sayılan hərbiyə maraq göstərən Ömər Muğan oğlu Şirinov idi.

Demək olar ki, Vətən üçün doğulanların hər biri belə şə­rəf­li ömür sürür, qısa olsa da, yarımçıq qalsa da.

 

 

12 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində anadan olmuş Ömər Muğan oğlu Şirinovun ata-babası ötən əsrin 90-cı illərinin əvvəllərində - Ermənistanın işğalçı siyasəti nəticəsində Qarabağdakı məlum münaqişəli hadisələrlə əlaqədar Kəlbəcər rayonundan məcburi köçkün düşərək, Goranbaoy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmışdı. Ömər burada orta məktəbi əla qiymətlərlə bitirib, eyni zamanda idmana da böyük maraq göstərirdi.

 

Orta məktəbi bitirdikdən sonra o, Gəncə Dövlət Universitetinə daxil olur. Sonuncu imtahandan çıxdıqdan sonra atasına zəng edib sevincini onunla bölüşür. Bacısı oğlu Elşənin toyunda olan ata bu şad xəbəri eşidəndə sevincindən göz yaşlarına hakim ola bilmir.

 

Ömər  GDU-nun Xarici dil müəllimliyi fakultəsinin fransız dili ixtisası üzrə ali təhsilini 2021-ci ildə müvəffəqiyyətlə başa vuraraq, birillik hərbi xidmətə yollanıb. O, bu xidməti də şərəf­lə yerinə yetirib, ixtisaslı hərbiçi olmaq qərarına gəlib. İkinci ali təh­sil kimi, Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzin­də kurs keçərək, leytenant rütbəsi alıb.

 

...Evə dönən kimi özünə yeni hərbi forma tikdirib. Elə həmin hərbi formanı geyinərək döyüşə yollandı. Ömər Laçın­dakı Qaragöl ətrafında olan yüksəklikdə bölük kamandiri kimi şərəfli işinə başlayanda oradan evlərinə telefonla görüntülü  zəng edir və 20 dəqiqə danışırlar. Atası deyir:

- Ay bala, odur eee, görürəm, ermənilər göldə pal-paltar yuyurlar. Qırılmışlar sənin bir addımlığında imiş ki. Yanında əsgərin də yoxdur...

Ömər təbəssümlə özünəməxsus şəkildə atasına təskinlik verərək deyir:

-          Ata, buranın əsgəri də mənəm, zabiti də...

Qəhrəman əsgər və zabitlərimiz düşmənin həmləsinin qar­şı­sı­nı həmin istiqamətdən də şərəflə kəsdilər. Öz canları baha­sı­na sərhədlərimizi qoruyub, düşməni geriyə qovdular.

Təəssüf ki, sent­yabrın 12-13-də Ermənistan silahlı qüvvə­lərinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxriba­tın qarşısı alınarkən qəhrəmancasına döyüşərək şəhid olan leytenant Şirinov Ömər Muğan oğlu Goranboy rayonunun Zey­və kənd qəbirstanlığında uğruna canından keçdiyi torpağa təhvil verildi.

 

Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn leytenant Şirinov Ömər Muğan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu!

 

Ömərin Zəfər günü ərəfəsində xatirəsinin əbədləşdirilməsi məqsədi ilə təhsil aldığı Gəncə Dövlət Universitetinin bir audi­toriyasına onun adı verildi. Valideynləri və qohumları  bu mü­na­sibətlə Ömərin oxuduğu fakültədə olmuş, şəhidimiz yad edilmiş ruhuna dualar oxunmuşdur.

 

 

                          “Ömər aşırımında Ömər şəhid oldu!”

 

Ömərin atası Şirinov Muğan deyir: “...13 sentyabrda səhər saat 8 radələrində yenicə süfrəyə əyləşib səhər yeməyini yeyirdik. Ömərə iki dəfə zəng etdim, cavab vermədi. 3-cü dəfə  telefonla yığıb  dedim:

- Bala, deyəsən, vəziyyət yaxşı deyil. Düzünü de görüm, oralarda vəiyyət necədir?! Çay süzülüb, arxayın içə bilərəmmi?  Qısaca dedi:

-          Ata, hər şey yaxşıdı...

 ...Sən demə o, həmin ana qədər ötən gecədən gedən ağır döyüşlərdə iştirak edirmiş, bilməmişəm. Bir az keçmişdi, ürəyim dözmədi. Yenidən ona zəng etdim. Cavab vermədi. Təxminən  günorta qardaşım Çərkəzin oğlu Aqil zəng elədi:

-          Əmi, atam deyir ki, bir bizə gəlsin...

Həmin an sanki belim üzüldü, şübhələndim. Şübhəm doğ­ru çıxdı. Ürəyimə dammmışdı, kim nə deyir-desin. “Ömər aşırımı”nda şəhid oldu Ömər balam..!

Müharibə başlamamışdan əvvəl “N” saylı  hərbi hissədə xid­mət edərkən yanına getdikcə kabab bişirib aparırdım. Uşaq­lıq­dan kababı çox xoşlayırdı. Acığı tutub dedi:

- Ata, bura nə ev, nə də ki, restoran deyil, hərbi xidmətdi ey, əsgərə nə verilərsə, onu yeyər”...

 

 

“Hərbi forma qamətinə yaraşırdı”…

 

Tibb elməri doktoru, professor Zərraf Şirinovun fikirlərinin bəzi məqamlarına diqqət yetirək. Həkim şəhidlərimizin ali məqama ucalmalarını onların Haqqın dərgahında ən sevimli bəndə kimi qəbul olunması ilə əlaqələndirir: “Çoxdandı cənnətməkan şəhidimiz, Azərbaycan zabiti, leytenant Şirinov Ömər Muğan oğlu haqqında bəzi fikirlərimi yazmaq istəyirəm. Yazıya baba, ata və oğul konsepsiyasından yanaşacağam. Kəlbəcər rayonunun Kilsə kəndində Kərim kişinin ailəsində 5 qız, 3 oğul dünyaya gəlib. Hamısı Haqq dünyasına qovuşub, məkanları cənnət olsun.

 

Ömərin babası Əzim əmim qardaşlarının böyüyü olub. 1939-cu ildə sovet hökuməti hərbi xidmətə çağırıb. Üç il (müddətindən əvvəl) Fin müharibəsində iştirak edib. Sonra 1941-45 illər müharibəsinə qoşulub, Mazdokdan Berlinə qədər çox acınacaqlı döyüş yolu keçib.

Kazım əmim ali təhsilli olub, müharibəyə gedib, iki ildən sonra "qara kağız"ı gəlib. Həmin müharibənin ağır illəri atam Təhməzdən də yan keçməyib. Ailəni dolandırmaq üçün atam Şuşa Müəllimlər Seminariyasını II kursdan buraxmaq məcburiyyətində qalıb.

 

Əzim əmim müharibə veteranı idi. Gorbagor Stalin öləndən sonra 1948-ci ildə, minbir əziyyətlə kəndə qayıdıb. Cəmiyyətdə böyük nüfuza və hörmətə malik məşhur Seyyid Həmidin qızı Məleykə xanımla ailə qurub: dörd oğlu, üç qızları olub.

 

Ömərin atası Muğan əmim oğlanlarının sonbeşiyidir. Orta məktəbi bitirdikdən sonra sovetlər birliyində iki il hərbi xidmətdə olmuşdu.  Hərbi xidməti başa vurub kəndə qayıdanda məlum Dağlıq Qarabağ, “20 Yanvar” hadisələri başlandı. Daha sonra milli müstəqilliyimizi elan etdik. O gündən kəndimizin bütün əli silah tutanları, cavanları, o cümlədən Müğan və qar­daşı Mahir də Könüllülər Batalyonuna yazılıb, həm Ermənistan tərəfdən, həm də, Ağdərə istiqamətindən olan məkirli erməni  planlarının alt-üst olunmasında iştirak etdilər. Torpaqlarımızı şərəflə qorudular. Hətta 1992-ci ilin yayında Ağdərənin erməni silahlı quldurlarından azad edilməsində qəh­rəmanlıq dastanı yazdlar.

 

Min dəfələrlə təəssüf ki, 1993-cü ildə həmin könüllülər tərksilah edildi. Satqınlıq baş alıb getdi, Kəlbəcəri düşmənə təslim  olundu.

Beləliklə də Kəlbəcər əhalisi məcburi köçkünə çevrildi. Əzim əmimin ailəsi Muğangil, sonradan atamgil də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşdılar. Mu­ğan burada ailə qurdu. Üç oğul sahibi oldu. Ailəsini, uşaqlarını minbir əziyyətlə saxladı. Heç bir dövlət qurumunun  maddi yardımı olmadan özünə ev-eşik qurdu. Balalarını çətinliklə bö­yüt­dü. Keçmiş Qarabağ müharibəsi veteranı və döyüşçüsü  olan Muğan oğlanlarını da mərd, cəsur və vətənpərvər ruhda tərbiyə­lən­dirdi. Kəlbəcəri görməyən oğullar burada kəlbəcərli ruhu ilə böy atdılar: ali məktəbə daxil olmaqları ilə valideyn­lərini seven­dirdilər.

 

Vətənin ən müqəddəs yeri onun sərhədidir. Ömər Şirinov babasından, atasından gördüyü təlim-tərbiyə, aldığı orta və ali təhsil onu hamıya tanıtdı və sevdirdi. Çox sevinirdi, hərbi forma onun idmançı bədən quruluşuna yaraşırdı. O qədər gələcək, gözəl arzu və xəyalları var idi ki...

Bir həkim kimi deyirəm: Ömərin yaraları öndə (sinəsi, qolları və üzü) idi. Bu, bir daha sübut edir ki, sərhədimizi göz bəbəyi kimi qoruyan və sinəsini sipər edən oğullarımız  arxalarını  düşmənə çevirməyiblər. Ona görə də onlar ancaq sinələrindən yara alıblar!

Bütün bunları qəlbim sızlayaraq yazmışam.

 

Sonda səlahiyyətli təşkilatlardan və dövlət qurumlarından bir xahişim var: Şirinov Ömər Muğan oğlunun sinəsini sipər edərək qoruduğu Qargöl ətrafındakı yüksəkliyə leytenant Ömərin adı verilsin. Bu önəmli hadisə tarixiləşsin və belə qəhrəman oğullar unudulmasın. Bizlər də zamanı gələndə gedib leytenant Ömər Zirvəsini ziyarət edək, əklillər qoya bilək...”

 

Qardaşı Xəyyamdan bir-iki kəlmə: “Ömrümüzün yoxluğu belimizi bükdü. Ona görə ömrüm deyirdim ki, himimiz-sirrimiz bir idi.

Sənə maşın alacam, - deyirdi.

-          Niyə özünə yox, məhz mənə?

-          Mən hərbidəyəm, dünyanın işini bilmək olmaz...

 Özündən çox, ata-anamı, məni, qardaşımı düşünürdü. Hər zaman ağıllı məsləhətlər verirdi. XI sinifdə oxuyan kiçik qardaşım Samiri daha çox əzizləyirdi...”

 

 

                             “Kaş, Ömərin bir səhvi olaydı”

 

Əmisi Mahir göz yaşlarına hakim ola bilməyib, hönkürtü ilə ağlayıb deyir:

- Qardaşlarımın övladlarının hansının  nə vaxtsa hansısa bir səhvini görmüşəmsə, əmi kimi təpinmişəm də, vurmuşam da. Deyirəm ki, kaş ki, bir dəfə də Ömərin hər hansı bir səhvi olaydı. Onun isə kiçik yaşlarından səhvsiz, dürüst, şəxsiyyət kimi böyüməsi cüzi bir səhv etməsinə belə, yol vermədi...

 

“O an elə bildim sağ gözümü itirdim”

 

Böluk komandiri Elşənin dedikləri də Ömərin bir zabit kimi öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməsini təsdiqləyir: “...Leytenant Ömər Şirinov ilk xidmətə bizimlə başladı. Muavinim bölüyümüzə yeni zabit gəldiyini dedi. Tanışlığımız o gundən başladı. Onunla xidmətdən, niyə məhz bu yolu seçməsi ilə bağlı söhbətlər etdik. Əslində, mən Ömərlə sohbət etdikcə sanki qarşımda əsl döyüşçü gorurdum. Zabit kimi xoş təsir bağışladı mənə. Gənc olmasıma baxmayaraq, qarşımdakı bu insanın gələcəkdə yüksək vəzifə sahibi olacağını düşünürdüm.

Bölüyün arasında gəzirdik, söhbət əsnasında mənə belə bir sual verdi:

-          Komandir, mən hansı istiqamətdə xidmət edəcəm?

 Əlimlə onun xidmət edəcəyi yüksəkliyi göstərib dedim:

- Ora həm əhəmiyyətli yerdi, həm də məsuliyyətli.

- Komandir, bilirsinizmi, Vətənin üçrəngli bayrağının dalğalanacağı hər tərəfdə xidmət etmək mənim üçün yalnız şərəfdir! - Cavabını Verdi mənə.

Düzü, onun bu cavabından bir az doluxsundum. Qarşımda belə mərd, cəsur birini gördüym üçün qürur hissi keçirirdim.

Xidmətə başladığı gündən o, həm mənim, həm də yuxarı komandanlığın hörmət və ehtiramını qazandı. Verilən tapşırıqları vaxtlı-vaxtında icra edir, əsgərlərinə qardaş qayğısı göstərirdi.

 

…Ömər sentyabr döyüşləri zamanı qəhrəmancasına şəhadətə yüksəldi. Rabitədən eşidəndə ki Ömər şəhid olub, o an elə bildim sağ əlimi, sağ gözümü itirdim. Çünki o, mənim üçün ölməz bir zabit idi. Ölümünü qəbul edə bilmədim. Donub yerimdə qaldım. Çox çətin idi mənə. Hələ də özümə gələ bilməmişəm. Gələcəyinə ümid etdiyim, zabitim Ömər şəhid oldu. Ömər kimi oğullarımızın sayəsində biz bu gün varıq, yaşayırıq. Onlar öz ölümləri ilə azadlığımızı, ərazi bütövlüyümüzü qorudular, mənfur düşmənin bəd niyyətlərini ürəklərində qoydular. Mən də bir komandir kimi, Ömərimlə fəxr edir, qürur duyuram”.

 

 

 

Şəkil çəkdirdik, 10 dəqiqədən sonar… 

 

Döyüş dostu Həsən Ömərlə Quru Qoşunlarda xidmət edirdi. Deyir ki, 3-cü tabur, 9-cu bölük, 47-ci postda qulluqdaydıq: “Əvvəl sursat (güllələri) yığırdıq sandıqlara. Sonra posta qalxdım. Ömər bizə tağım  komandiri gəldi. Digər komandir heyəti kimi, başımızın üzərində durub bizi işlətmirdi. Əksinə, bizimlə birgə fəhlə kimi səngər, sektor düzəldirdi. Əsgərlərə MAXI-lərə çox yaxşı münasibəti var idi. Bizə komandir yox, qardaş olub. Ona görə də qardaş deyirdik.

Döyüşə hazırlaşırdıq, mənə dedi ki, şəhid olsam, şəklimi sən yığarsan. Eyni sözü mən də ona dedim.

 

...Qızğın döyüşlər gedirdi. Bir sutka olardı ki, ac idik.  Elə ki, döyüş səngidi, bizim sektora gəldi. Birlikdə nahar edirdik. Həmin an sektoru minamiyotla vurdular. Yeməyi yarımçıq qoyub durub getdi öz sektoruna. Döyüş davam edrdi. Sonra təkrar yanıma gəldi. Həmin an atası zəng etdi. Mənə dedi ki, atəş açma, qoy atamla danışım, döyüş getdiyini hiss etməsin. Atası telefonda ağlayırdı. Dedi:

- Ata, sən niyə ağlayırsan?! Bizdə döyüş getmir, sakitçilikdi...

 Atasını sakitləşdirib, sonra telefonu söndürüb dedi:

- Gəl birlikdə şəkil çəkdirək, bizdən yadigar qalsın.

Şəkili çəkdirdik, 10 dəqiqədən sonra… şəhid oldu.

Elə bil ki, şəhid olacağı ürəyinə dammışdı. Şəhid olduğunu eşitdim, tutulub qaldım. Qaçdım ona sarı, dizi üstə qalmışdı. Başını qaldırıb kaskanı başından çıxarıb onu çadırın üzərinə uzatdım. Az sonra əsgərlərlə birgə ön xətdən arxaya, Bozlu kəndinə təxliyyə etdik. Az keçmədi, mən özüm də ağır yaralandım: beyin silkələnməsi oldu. Qəlpə olduğu üçün sağ gözüm görmə qabiliyyətini tmamilə itirdi...”

 

Zabitlik kursunda oxuyarkən yoldaşlıq etdiyi İmran da Ömərin igidliyindən, qorxmazlığından söz açır: “Ömərə deyirdim ki, mən  ilyarıma xidmətimi başa vurub evə dönəcəm. O isə deyirdi ki, mənim fikrim tam fərqlidi - 20 il burada qalacam.

Ömər ağır xasiyyətli biri idi. Onda əsl komandir xüsusiyyətləri, xarakteri var idi. Yaxşı tanıdığım üçün bilirdim ki, əsgəri onun üçün hər şey edəcək. Deyirdim:

-          Çox ciddi komandir olacaqsan ha!

Deyirdi:

- Qardaşım da olsa, heç vaxt fərq qoymayacam, hamısına eyni gözlə baxacam!

 Əsgərinə cəza verərdi, əsgəri isə onu sevərdi. Hətta əsgəri ilə birlikdə şəhid oldu. Kursda  oxuyanda onunla xidmətdə olan əsgər, mən Ömərlə bir yerdə deyib-gülür, sirrimizi, gələcək planlarımızı paylaşırdıq. Bütün vaxtı bir yerdə olurduq. Dərsdə, təlimdə, eləcə də çöl çıxışlarında bərabər idik.

 

Bir dəfə sevib “qırılmışdı”. Deyirdi:

- Sevgi, evlənmək… mənlik deyil. Bir az işləyim, əvvəl qardaşıma maşın alım, atama kömək etsin. Sonra qismət olar, özümə də alaram.

…O, özündən çox ailəsini düşünürdü”.

Bax bu da bir zabitin ömür və döyüş yollarının gecə-gündüzündən qalan xatirələr toplusu. Şirini də bu gün acı dadır, acısı da göz yaşı kimi yanaqları yandırır...

 

https://www.facebook.com/photo?fbid=2103430889868125&set=pcb.2103431036534777

 

 

 

Cəmilə Çiçək/zekainfo.az

filologiya üzrə fəlsəfə doktoru,

Prezident mükafatçısı

 

 

 

Bu yazı Azərbaycan Res­pub­likasının Qeyri-Hökumət Təş­kilat­larına Dövlət Dəstəyi Agent­­li­yinin maliyyə yardımı ilə, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağ Zəfərinin kreativ-innovativ təbliği” layihəsi çərçivəsində ha­zır­lan­mışdır.

reklamlar

Digər xəbərlər